Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Yeni vergi sistemi, yoxsa unudulan ZƏKAT? – Köhnə sistemin faydası

Mənfi Gəlir Vergisi adı altında həyata keçirilən ödənişlər…

2010-cu ildən başlayaraq İsrail dövləti işləyən, lakin kifayət qədər qazana bilməyən əhali üçün Mənfi Gəlir Vergisi adı altında ödənişlər etmək qərarı almışdır. Tətbiqinə 2011-ci il üçün olan gəlirlərə əsasən, 2012-ci ildə edilən ödənişlərlə başlanan qanun, iş qabiliyyətli əhalinin işə təşfiq edilməsi xarakteri daşıyır və bir sıra şərtləri var.

Əslində mənfi gəlir vergisi (Negative income tax-NİT) hələ keçən əsrin ortalarından iqtisadi dairələrdə müzakirə olunsa da, tətbiq etmək fikrinə çox gec gəlinmiş və dar çərçivədə həyata keçirilmiş olan vergi sistemidir. Bu barədə ilk fikir və təklif 1940-cı illərdə ingilis siyasi yazıçısı Ledi Culyetta Rays-Uilyams tərəfindən gəlmişdir. Daha böyük papulyarlığı isə M.Fridmanın 1962-ci ildə çap olunmuş “Kapitalizm və azadlıq” kitabından sonra qazanmışdır. Bu sahədə daha geniş çalışmaları isə Viskonsin Universitetinin professoru Robert Lampman həyata keçirmişdir. Məhz onun çalışmaları sayəsində 1965-ci ildə bu mövzu dövlət siyasətinin planlaşdırıcılarının diqqətini çəkmiş və 1968-ci ildə Nyu-Cersidə (ABŞ) genişmiqyaslı sınaq keçirilmişdir, lakin bir çox problemlə qarşılaşıblar.

Nəticə etibarı ilə, ABŞ-da bir sıra problemlərin daha dərin öyrənilməsi məqsədilə NİT-in araşdırılmasına davam edilir.

Burada maraqlı məqam kamilləşdirilməyə çalışılan və yeni olaraq qəbul edilən mənfi gəlir vergisi anlayışının əslində var olan, sadəcə diqqətimizdən kənar qalmış, unudulmuş, kifayət qədər mükəmməl digər bir vergi sisteminə – zəkat mexanizminə bənzəməsidir. Lakin aralarındakı fərq zəkat mexanizminin üstünlüklərini bariz şəkildə ortaya qoyur.

Ənənəvi gəlir vergisi və NİT yalnız müəyyən dövrdə qazanılmış gəliri hesaba qatır. Bu, həm zəngin əhalidən tutula biləcək vergini azaldır, həm də NİT-dən faydalana biləcək insanların sayının artmasına səbəb olar. Zəkat isə, ödəniləcək məbləği ödəyənin bütün sərvətini nəzərə alaraq təyin edilməsini irəli sürür. Bu halda, ailələrin həqiqi imkanı nəzərə alınır. Müsəlman, zəkata tabe olunması üçün təməl ehtiyacından və borclarını ödəyəcək miqdar nəğd puldan əlavə, nisab miqdarı və ya daha çox mala sahib olmalıdır. Bu cür yanaşma, heç bir vergi sistemində nəzərə alınmır. Hər hansı bir ailə müəyyən müddət, deyək ki, NİT üçün müşahidə ediləcək olan 1 illik zaman dilimində, normal, hətta kifayət qədər yaxşı gəlirə sahib ola bilər. Lakin bu vaxt ərzində qazandığı onu nəinki zəngin etməyə, hətta keçmiş borclarını ödəməyə də kifayət etməyə bilər. Demək ki, onun hələ də, nəinki vergi ödəmək qabiliyyəti var, hətta yardıma ehtiyacı belə davam edə bilər. Zəkat isə bunu mütləq şəkildə nəzərə alır.

Zəkat təyin edilərkən nisab miqdarının nəzərə alınması daha bir cəhətə də diqqət çəkir. Ailənin sahib olduğu sərvət nəzərə alınmadığı zaman istənilən qədər, deyək ki, 1 000 000 manatlıq qızıl əşyasına malik olsa belə, 1 il ərzində heç bir gəlir əldə etməyibsə, o NİT sisteminə əsasən yardım ala biləcək. Bu isə dövlətə əlavə və lazımsız yük olmaqla bərabər, həm də ödənilən yardımın marjinal faydasını azaldar.

Eyni zamanda, vergi hesablanarkən sərvətin bütününün nəzərə alınması insanları yığımdan yayındırma xarakteri də daşıyır. Belə ki, sərvət istifadəsiz olaraq evdə saxlanarsa, hər il müəyyən hissəsi zəkata cəlb olunaraq azaldılacaq. Bunu bildiyi üçün də fərdlər (və ya ailələr) yığıma meyllənməyəcək, sərvətlərini dövriyyəyə buraxmaq məcburiyyətində qalacaq. Beləliklə də, yeni iş yerləri açılaraq məşğulluğu artıracaq, həm zəkatdan aldıqları payla, həm də iş yeri ilə təmin olunmaqla gəliri artan əhali daha çox xərcləmə imkanına malik olacaq, demək ki, tələb artacaq. Bu isə öz növbəsində istehsalın artmasına və beləliklə də ÜDM-nin artmasına səbəb olacaq. İstehsalın artması isə ilk növbədə müəssisənin sahibi, eyni zamanda zəkat ödəyicisi olan zənginin sərvətini artırmaqla onun da zəkat mexanizminin iqtisadi faydalarından yararlanmasına səbəb olacaq. Beləliklə də, zəkat həm zənginin, həm də yoxsulun xeyrinə işləyəcəkdir.

Zəkat eyni zamanda iqtisadçıların ehtiyat etdikləri “gəlir effekti” və “əvəzetmə effekt”lərini də istisna edir, çunki, zəkat daimi gəlir mənbəyi təmin etmir. Kiminsə illik zəkatını yenidən eyni ailəyə verəcəyi məlum olmadığı üçün, ailənin işləməkdən yayınacağını düşünmək çətindir. Eyni zamanda, zəkatın ödənilməsi qaydalarına əsasən də hər kəs “yaxınlarından” başlayaraq zəkatını ödəyəcəyinə görə, yoxsul ailələrin öz həqiqi imkanlarını gizlətmə şansı azalacaq, çünki fərdlərin qonşularını (qohumlarını) illər boyu müşahidə etmək imkanını var. Bu isə ailənin özü tərəfindən təqdim edilmiş gəlir bəyənnaməsindən daha dəqiq bir ölçü sistemi ola bilər.

Beləliklə, kamilləşdirilməyə çalışılan və yeni olaraq qəbul edilən mənfi gəlir vergisi anlayışının, əslində var olan, sadəcə diqqətimizdən kənar qalmış, unudulmuş, kifayət qədər mükəmməl digər bir vergi sisteminə – zəkat mexanizminə bənzəməsi, hətta sonuncunun daha üstün cəhətlərə sahib olduğunu müşahidə etmək olar.

Hər ikisində də hədəf rifahı artırmaq məqsədi ilə daha zəngindən alıb, yoxsula vermək olsa da, zəkat, sərvətin müəyyən əllərdə toplanmasının və yığımın qarşısını alaraq, investisiyalara yönləndirilməsi və beləliklə də yeni iş yerlərinin açılaraq məşğulluğun artmasına, bununla da əhalinin gəlirlərini artırmaqla alıcılıq qabiliyyətini çoxaldaraq iqtisadiyatın genişləməsinə, tələbi, dolayısı ilə istehsalı artırmaqla isə sərmayə sahiblərinin, yəni, zəkat ödəyicilərin gəlirinin artmasına səbəb olaraq isə, daha mükəmməl bir sistem kimi təzahür edərək, iqtisadiyyata daha böyük fayda verə bilən yanaşma ola bilər.

Nəticə etibarı ilə, yenilik axtarmağa sərf edilən enerji, var olan sistemləri öyrənməyə sərf edilərsə daha böyük fayda verə bilər.

Din.az “A24.Az”a istinad edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az