Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yazıçılar çapı qadağan olunan kitabdan danışdılar: “Elşad Miri bu ölkədə qadağan olunmuş bir şəxs deyil”

Tanınmış simalar “İslamda Yoxdur” kitabı ilə bağlı fikirlərini səsləndiriblər.

Bəzi tanınmış simalar ilahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda Yoxdur” kitabı ilə bağlı fikirlərini səsləndiriblər.

Din.az “A24.az”a istinadən bildirir ki, teleaparıcı Elçin Əlibəyli kitabla bağlı şərh verə bilməyəcəyini bu şəkildə izah etdi:

“Dini işlərlə məşğul olmuram deyə bununla bağlı fikir bildirə bilmərəm, bu mənim sahəm deyil. Dini komitədə mütəxəssislər əyləşiblər. Mənim sahəm sənətşunaslıqdır, televiziyadır. Amma bu elə bir məsələdir ki, mütləq dini bilən danışmalıdır. Axı bilmirəm axı kitabın içində nə yazılıb. Bəlkə ziyanlı bir şey yazılıb. Mayn Kampfın “Hitler” əsərinin Azərbaycanda çapına qadağa qoyuldu, çünki ziyanlı idi, hamı bilirdi ki, Hitler nəyə çağırış edirdi. Ondan xəbərimiz var idi, amma Elşad Mirinin nə əsərindən, nə də nə üçün qadağan olunmasından xəbərim var. Ona görə də bunu şərh edə bilmərəm”.

Lakin yazıçı Şərif Ağayar “Elşad Mirini maraqlı ilahiyyatçı hesab edirəm. Razılaşıb razılaşmamağımdan asılı olmayaraq imkan düşdükcə izləyirəm. Lakin din sahəsinə yaxından bələd olmadığım üçün dediyiniz qadağayla bağlı əminliklə danışa bilmirəm. Bütün hallarda bir qələm adamı olaraq kitaba qarşı qadağaların, ona təzyiqlərin olmamasını arzu edərdim” fikirlərini səsləndirdi.

“Elşad Miri bu ölkədə qadağan olunmuş bir şəxs deyil” deyən tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “İslamda yoxdur” kitabının qadağası ilə bağlı fikirlərini davam etdirib:

“Elşad Miri ilə bu barədə söhbət eləmişəm. O mənə bildirib ki, belə bir qadağa var. Mən bilmirəm indi qadağa hansı formadadır, amma bütün hallarda kitabların çap olunmasının tərəfindəyəm. Yəni qadağalar nə qədər az olsa bir o qədər yaxşı olar. Cəmiyyət üçün təhlükəli olan, müəyyən radikal dini qruplara bağlı olan bəzi kitabların qadağası indiki halda məqsədəuyğun sayıla bilər. Amma Elşad Miri bu ölkədə qadağan olunmuş bir şəxs deyil. Tez-tez mətbuatda öz fikirlərini paylaşır, mənə elə gəlir ki, Elşad Miri dinə bir qədər daha müasir yanaşan və bu sahədə fəaliyyət göstərən bir insandır. Məncə, onun kitablarının dini komitə tərəfindən yasaqlanması düzgün hal deyil. Burda bir anlaşılmazlıq var. Dini Komitənin rəhbəri dünyagörüşü olan bir adamdır, inanmıram ki, komitə belə bir kitabla tanış olsun və onun çapına qadağa qoysun. Hər halda bu xoşagələn hal deyil, əgər belə qadağa varsa… Ortada anlaşılmazlıq da varsa, gərək aradan qalxsın”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az