“XƏRÇƏNG”, “QUŞ QRİPİ”, “TOYUQ KORLUĞU” – NİYƏ XƏSTƏLİKLƏRƏ HEYVAN ADLARI VERİLİR? – SƏBƏB

Bəzi insanlar xəstəliklərə heyvan adları verilməsindən narazıdırlar.
Tibbdə “Xərçəng”, “Quş qripi”, “Donuz qripi”, “Toyuq korluğu”, “Malyariya”(ağcaqanad), “Öküz soliteri” və sair bu tipli heyvan adları verilən xəstəliklər mövcuddur. Bir çox insan isə xəstəliklərə heyvan adları verilməsindən narazıdır. Onların fikrincə, bu adların verilməsi insanlarda həmin heyvanlara qarşı bir növ neqativ hiss yaradır.
“Din.az” bildirir ki, məsələni A24.Az-a Tibb elmləri doktoru, professor Adil Qeybulla və psixoloq Vəfa Əkbər şərh ediblər.
“Tibbdə bəzi terminlər var ki, bəzən özünü doğrultmur. Ancaq vətəndaş hüququ qazanıb, dilimizə keçdiyinə görə, onları birdən-birə sıradan çıxarmaq olmaz” – A.Qeybulla
Adil Qeybulla A24.Az-a açıqlamasında tibbdə bəzi xəstəlik adlarının artıq vətəndaş hüququ qazandığını vurğulayıb:
“Məsələyə başqa cür yanaşmaq lazımdır. Misal üçün, götürək xərçəngi. İlk dəfə o şiş tapılanda daha çox şaxələr verdiyi üçün xərçəngə bənzədiblər. Belə olduğu üçün o ad vətəndaş hüququ qazanıb. Yəni xərçəng sözü əslində tibbi baxımdan işlədilsə də, bu məsələni tam əhatə etmir. Tibbdə bu xəstəliyin adı “Karsinoma”dır. Bunun da özünün növü var. Başqa hüceyrələrdə yastı karsinoma və s. Məsələn hansısa bir orqanın xərçəngi dedikdə o zaman abstrak bir məfhum alınır. Yəni bunun bəd xassəli törəməsi deməkdir. Düzdür, xərçəng epitel toxumasının şişinə deyilir. Amma istənilən halda xərçəng ümumi məfhumdur. Sonra məsələn, anemiya deyirik. Anemiya qanın yoxluğudur ancaq bu qan azlığı olan xəstələrə aid edilir. Ancaq vətəndaş hüququ qazanıb, dilimizə keçdiyinə görə, onları birdən-birə sıradan çıxarmaq olmaz. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatı qərar verməlidir. Belə təşəbbüslər ola bilər, ancaq bunlar məsələnin həlli deyil.
Daha sonra “Toyuq korluğu” və ya “Hemorolopiya”. Bu xəstəlik vitamin çatışmazlığı zamanı yaranan bir situasiyadır. Toyuqlarda gecə vaxtı görmənin pisləşməsi ilə bağlı simvolik olaraq bu xəstəliyin adı ona oxşadılıb. Toyuqda korluq olmur, əslində gecə onların gözü bəzi heyvanlarda olduğu kimi pis görür. Hətta elə heyvanlar var, özü insandan da daha yaxşı görür. Ona görə, qoyulan adlar simvolik xarakter daşıyır. Misal üçün ürəkdə pişik mırıltısı adlı bir şum, küy var. Yəni bu cür adlar da var. Demək istədiyim odur ki, bu bənzətmələr insanı daha çox həmin xəstəliyi, simptomu yadda saxlamaq, onu dəyərləndirmək, eşitdikdə ayılmaq üçündür. Düşünürəm ki, bu adların olmasında ciddi bir şey yoxdur. Xəstəliyin adını dəyişməklə də heç bir problem həllini tapmayacaq. Ümumiyyətlə bu tip xəstəlik adları çoxdur: At ayağı, toyuq döş qəfəsi (raxitliyin bir növüdür) və.s”, – deyə professor əlavə edib.
Psixoloq Vəfa Əkbər A24.Az-a açıqlamasında bunun insanlar tərəfindən fərqli qarşılandığına diqqət çəkib:
“Məsələni hər bir insan bir cür qarşılaya bilər. Bu, insan psixologiyasına belə təsir göstərə bilər ki, misal üçün “Xərçəng” xəstəliyi dedikdə ağıla elə gəlir, xəstəlik xərçəngə bənzəyir. Yəni görüntü olaraq. Xərçəng kimi sakit yerişli, amma sancdıqda ağrısı dəhşətli. Fikrimcə həmin xəstəliklərdən əziyyət çəkən insanlar o heyvanlara nifrət hissi bəsləyir. Ancaq digər sağlam insanlarda düşünmürəm ki, həmin heyvanlara qarşı hansısa mənfi hiss yaratsın”.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı da xəstəliklərə heyvan adlarının verilməsinə qarşı çıxır. Qurum hesab edir ki, dünyanı qorxu altında saxlayan və epidemiya halında yayılan xəstəliklərə heyvan adlarının verilməsi onlara qarşı neqativ münasibətin formalaşmasına xidmət edir. İndiyə kimi “Donuz qripi”, “Quş qrupu” kimi tanınan xəstəliklərin adları da dəyişdiriləcək.
Orxan Aslanlı, A24.Az