“Xainlər qəbiristanlığı” Türkiyədən başqa harada var?

“Türk tarixini vərəqlədikcə, hətta düşmənlə münasibətdə bir başqa davranış görmüşük”
İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən və hökumət qüvvələri tərəfindən öldürülən şəxslərin dəfn olunması üçün “Xainlər qəbiristanlığı” deyilən yer yaradıldı. Bu məzarlıq İstanbulun Tepeören ərazisində bələdiyyənin sahibsiz heyvanlar üçün qurulan sığınacağın yerində salındı və girişdə “Xainlər qəbiristanlığı” yazılan lövhə də yapışdırıldı.
“Din.az” xəbər verir ki, “Habertürk” qəzetinin məlumatına görə, qəbiristanlığa basdırılan ilk “xain” bələdiyyə muxtarını qətlə yetirən kapitan Mehmet Qarabəkir olub.
Bəllidir ki, Türkiyə və eləcə də digər ölkələrin tarixində müxtəlif zamanlarda qiyamlar, hərbi çevrilişə cəhdlər olub. Demək olmaz ki, bu cəhddə bulunanlar hər zaman öz məqsədlərinə çatıblar. Bəs tarixdə hərbi çevrilişə cəhd edənlər, qiyamçılar üçün bu cür, xüsusi qəbiristanlıq salınıbmı?
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan tarixçi Dilavər Əzimli bildirib ki, ümumiyyətlə, türk tarixində bu cür hadisə olmayıb:
“Türk tarixini vərəqlədikcə, hətta düşmənlə münasibətdə bir başqa davranış görmüşük. Yəni belə bir hala tarixdə rast gəlməmişəm. Döyüş əsnasında və yaxud da əsir düşən düşmənlə də türklər hər zaman döyüşçü kimi davranıblar. Bunun örnəyini Azərbaycan-Ermənistan savaşında da müşahidə etmək olar. Azərbaycanlı döyüşçülər də düşməni əsir götürdükləri zaman onunla normal davranırlar. Nəinki türk tarixi, hətta dünya tarixində belə qiyamçıları bu kimi qəbiristanlıqda basdırmaq çox nadir hallarda rast gəlinən məsələdir.
Məsələyə dini yönümdən baxanda da görə bilərik ki, peyğəmbərimiz hətta əsirlərə, kafirlərə belə normal münasibət göstərməyi tövsiyə edib. Tarixçi kimi belə halı doğru saymıram. Osmanlı tarixini götürdükdə bir neçə məqamın şahidi oluruq. Sultan Süleymanın dövründə yeniçərilərin üsyanı baş verir. Həmin zaman Sultan Süleyman gəlir və qiyamı edəni, onun birbaşa arxasında duranı cəzalandırır. Ancaq qalanlarına müxtəlif vəzifələr, pul verir. Onları işlərə cəlb edir. Çünki Süleyman bu yeniçərilərə döyüşçü kimi baxır. Hesab edirəm ki, onun qərarı doğru addım olur”.
Tarixçi bildirib ki, slavyanlarda, Avropada qiyamçıları cəzalandırma üsulları olsa da bu cür qəbiristanlıq olmayıb.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tarix elmləri doktoru, professor Anar İsgəndərov isə bildirib ki, bütün hallarda vətən xainləri ən sərt cəza ilə cəzalandırılmalıdır:
“Kimsə vətənini satırsa, yaxud da ona qarşıdırsa, o, ən ağır cəzaya layiqdir. Bu, dünya qanunlarında da belədir. Azərbaycan tarixində ən sadə bir misala diqqət çəkmək istərdim. İkinci Dünya müharibəsi illərində faşist Almaniyasına əsir düşüb qayıdanların aqibəti necə oldu? Onlara ən azı 25 il iş verdilər. Yalnız Stalinin ölümündən sonra həmin şəxslərin bir qismi bəraət aldı. Ümumiyyətlə isə onlar ”vətən xaini” adlandırılırdılar. Eyni zamanda dünyada hun, yunan imperiyalarında, Mesopotamiyada vətənə xəyanətdə ittiham olunanlara ölüm hökmü verilib. Onlardan eləsi olub ki, dar ağacından asılıb. Elə bizim konstitusiyamızda da ən ağır maddə vətənə xəyanətdir. Dünya tarixində buna bənzər hadisələr yox deyil. Ayrı-ayrı fərdlər bu kimi xəyanətlər ediblər və cəzalarını da alıblar. Osmanlı və Türkiyə tarixində də ordunun hakimiyyətə gəlişi bir neçə dəfə təkrar olunub. Lakin onların heç biri uğur qazana bilməyib. Türkiyədəki son hadisələr isə gözümüzün önündə baş verdi. Biz Türkiyə Cümhuriyyətinin vətəndaşı olmasaq da, onların ən yaxını kimi, hər bir azərbaycanlı da bu hadisəni pislədi. Onsuz da heç zaman Qərb cəmiyyəti türk cəmiyyətini sevməyib. Türkiyəni sevən Azərbaycan və ziyalılarımız bu hadisəni təbii olaraq lənətləyib, haqq səsini çıxardı. Türkiyə nə qədər tez özünə gələcəksə, bu həm də Azərbaycan cəmiyyətinin uğurudur”.
Tarixçi bildirib ki, hərbi çevrilişə cəhd edənlərə hansı formada qəbiristanlıq salınmağından asılı olmayaraq, onlar vətən xainidirlər:
“Vətənə xəyanət ediblər və bu bağışlana bilməz. Eyni zamanda onlar təkcə Türkiyəyə deyil, ümumən türkçülüyə xəyanət ediblər. Bir an belə düşünək ki, hərbi çevrilişə cəhd edənlər istəklərinə nail olsaydılar, ən ağır zərbələrdən biri Azərbaycana dəyəcəkdi. Çünki biz ən çətin məqamlarda nə zaman Türkiyə Cümhuriyyətinə əl uzatmışıqsa, dəstək almışıq. Bunun ən böyük nümunəsi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və daşınaq-bolşevik birləşmələrindən azad etmələridir. Bundan böyük hadisə yoxdur. Bütün problemlərimizdə ilk kömək istədiyimiz dövlət Türkiyə dövlətidir. Bu baxımdan, qeyd etdiyim kimi, çevrilişə cəhd edənlərin niyyəti baş tutsaydı, bu, türk dünyasına, ən çox isə Türkiyədən sonra Azərbaycana vurulan zərbə olardı”.
Onu da qeyd edək ki, Türkiyə tarixində hərbi qiyam edən yeniçərilər taxtdan saldıqları sultanları da öldürüb, onlarla amansız davranıblar. Lakin yeniçərilər əksər hallarda qiyam vasitəsilə hakimiyyətə gəlməyi bacarıblar. Misal üçün, 16-cı əsrin sonundan başlayaraq yeniçəri ocağı daha çox Osmanlı dövlətində hərbi qiyamların təşkil edilməsi, sultanların, sədrəzəmlərin hakimiyyətdən salınması ilə yadda qaldı.
Yeniçərilər 1622-ci il mayın 22-də hərbi qiyamla Sultan II Osmanı devirərək öldürdülər.
Bundan sonra yeniçəri əsgərləri qarşıdan gələn 200 il boyunca Osmanlı sultanlarının iqtidara gəlişində və taxtdan endirilməsində əsas rol oynadılar. Yeniçəri qiyamları sayəsində I İbrahim, IV Mehmet (1648-1687), II Mustafa (1695-1703), III Əhməd (1703-1730), III Səlim (1799-1807), IV Mustafa kimi sultanlar zorla hakimiyyətdən əl çəkdirilib, öldürülüblər.