Namazı, orucu, əzbərlədiyi surə ilə qarşısındakı insanı əzməyə başlayır
İnsan olmadan müsəlman olanlar namazı ilə, orucu ilə, əzbərlədiyi surə və ya hədisi ilə, saqqalı ilə, cübbəsi ilə qarşısındakı insanı əzməyə başlayır.
Fazil MUSTAFA
TV8-dən Əmrə Dormanın apardığı proqramda Mustafa İslamoğlunun İslam və Quran mövzusunda şərhini dinləyirəm. Həqiqətən bu aydın bir üslubda görüşlərini çatdıran bu dəyərli İslam mütəfəkkirinin nadanların hücumuna məruz qalmasının səbəblərini ayırd etmək çətin deyil. Bunun üçün İslamoğlunun maraqlı üç fikrini çatdırım.
1) Quran kafiri deyil, zalımı düşmən olaraq tanıyır. Quranı əzbərləmiş, fəqət təfəkkür etməmiş kimsələr düşmən deyən kimi dərhal üzlərini kafirlərə, yəhudilərə, xristianlara doğru ümumiləşdirilmiş formada yönəldirlər. Halbuki, müsəlman kimliyini daşıyanların içində zalımların sayı o toplumlardakından heç də az deyil.
2) İnsan olmadan müsəlman olmaq yasaqlanmalıdır. Yəni insan olmadan müsəlman olanlar namazı ilə, orucu ilə, əzbərlədiyi surə və ya hədisi ilə, saqqalı ilə, cübbəsi ilə qarşısındakı insanı əzməyə başlayır. Namaz, oruc, ibadət insan olmaqdan, adil olmaqdan çox-çox sonra gəlir. Yaradanın istəyi insanın mələk olması və ya Allaha qovuşması deyil, sadəcə yaradılış məqsədinə görə insan olmasıdır.
3) Deyirlər ictihad qapısı qapanıb. Bunun özü də bir ictihaddır. Bu ictihadı kim uydurub? İnsanın ağlına dəyər verən bir din ağlın potensialına aid bir məsələyə necə yekun vura bilər? Bu görüşlərdən sonra adam haqqında nə deyəcəklər? Nə bilim atasından halallıq almayıb, nə bilim qədərə (alın yazısına) qarşıdır, nə bilim İrançıdır…
Ola bilsin ki, istənilən alimin hansısa görüşlərində qəbul etmədiyiniz məqamlar olsun. Ancaq böhtan atmaq yerinə, düşüncəsi olan, sağlam mühakiməsi olan alimləri dinləyib, oxuyub, düşünüb öyrənməyə çalışın. Kimisə ideallaşdırmayın, eyni zamanda kimisə birmənalı şəkildə yox sanmayın. Hər bir bilim adamından faydalı görüşləri mənimsəməyə çalışın. Şəxsən mən bu gecə iki maraqlı şəxsin müzakirəsindən xeyli faydalandığımı düşünürəm.
Din.az həmin videonu təqdim edir: