Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dinlər nə üçün mövcuddur və ya doğrudanmı, “dinin dövrü başa çatıb”?

[hupso]

“Bir müsəlman üçün dinin tələbləri 1400 il əvvəl necə idisə, indi də elədir!”

Dinlərin genezisi haqda görüşləri ümumiləşdirsək, iki başlıca yanaşma qarşımıza çıxacaqdır: a) dinin sosial hadisə olduğunu iddia edən materialist yanaşma; b) dinin mənbə etibarı ilə teist (tanrımənşəli, ilahi) və aksioloji-sosial fenomen olduğunu irəli sürən dini nöqteyi-nəzər. Araşdırmalar göstərir ki, hətta qeyri-səmavi (qeyri-kitab və ya ibtidai-mifoloji) dinlər belə mahiyyət etibarı ilə ilahi qüvvənin avtoritetliyi prinsipinə əsaslanır. İslam fikrində qəbul olunub ki, indiki dinşünaslıqda “ibtidai” adlandırılan dini təsəvvürlər (hərçənd ki biz bu cür təsnifatı qəbul etmir, onu dinə materialist yanaşmanın təzahürü olaraq nəzərdən keçiririk) başlanğıcda monoteist dini təlimlərin zaman keçdikcə təhrifə uğramasının nəticəsidir. Bizə görə, “dinlərin yaranması” sözü dinə yanaşmada materialist nöqteyi-nəzərin ifadəsidir və düzgün deyildir. Odur ki “dinlərin göndərilməsi və ya təsis edilməsi” təbirini daha münasib qəbul edirik.
Dinlərin göndərilməsi və ya təsis edilməsi səbəbinə gəlincə, bu, bəşəriyyətin ancaq və ancaq faydası və mənafeyi üçündür. İslam fikrində bu problem “məqasid” konsepsiyası adı altında öyrənilmişdir. Bu konsepsiyaya görə, Allah şəriəti – dini təlimləri insanların mənafeyi üçün nazil edir. Buraya inancın, ağılın, canın, mülkiyyətin, şərəf-şan və nəslin qorunması daxildir. Deməli, sosial qanunauyğunluğun nəticəsi olaraq, insan oğlunun zaman keçdikcə haqq yolundan uzaqlaşmaması, yer üzündəki missiyasından yayınmaması üçün ona həqiqətin nə olduğunu öyrədəcək və xatırladacaq təlimlərə ehtiyac vardır. Elə təlimlərə ki, əsrdən-əsrə, dövrdən-dövrə aşınmır, əsil mahiyyətini qoruyub saxlayır.
Müşahidələr göstərir ki, pozitiv təlimlərin ömrü uzun olmur və zamanın təsirinə tez məruz qalır. Çünki dövrün tələblərinə müvafiq olaraq insan təfəkkürünün meydana çıxardığı bu normaları zaman keçdikcə köhnəlir, yeni “tələbat”lara cavab verə bilmir. Elə isə köhnəlmişləri yeniləri ilə əvəzləmək lazım gəlir. Bəli, şərti və nisbi normalar, deməli, pozitiv normalar belə bir aqibətə məhkumdur.
Dini təlimlərdə isə vəziyyət başqa cürdür. Burada dinin (söhbət islamdan gedir) təsis etdiyi dəyərlərin mütləq təbiəti əsas götürülür. Çünki Allahın qoyduğu normalar ümumidir, zaman və məkan nisbiliyinə tabe deyildir. Bəli, inanclı insanlar yəqinliklə qəbul edirlər ki, Allahın göndərdiyi təlimlər dəyişməzdir. Axı Allah Mütləq Bilik sahibidir. Məhz belə bir inancın formalaşdırdığı psixoloji immunitet (biz bunu “səmavi immunitet” də adlandıra bilərik) dini təlimləri həmişəyaşar etmişdir: bir müsəlman üçün dinin tələbləri 1400 il əvvəl necə idisə, indi də elədir!
Deməli, dinlərin təsis edilməsi insanların davranışlarını tənzimləmək, hər əsrdə onları həqiqi vəzifələrini icrada lazımi “qida” ilə təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, dinə həm fərdi, həm də sosial müstəvidə ehtiyac vardır. Fərdi müstəvidə insanın ağlı və fitrətinin dinə ehtiyacı danılmazdır. İntellektin ehtiyacı tələb edir ki, insan özünü tanısın. Tarix boyu insanlar “Mən kiməm; haradan gəlmişəm; haraya gedəcəyəm?” suallarına cavab axtarmışlar. Bu suallara müxtəlif fəlsəfi təlimlər ziddiyyətli cavablar verməklə, insana konkret çıxış yolu göstərə bilməyiblər. Bütün dinlər isə məlum suallara konkret və aydın cavab təqdim etmişlər: “İnsan Allahın bəndəsidir, vəzifəsi Ona ibadət etmək və yer üzünü abadlaşdırmaqdır (mənəvi müstəvidə). Və onu Allah yaradıb, öldükdən sonra Ona qayıdacaqdır.
İnsan fitrətinin də dinə ehtiyacı vardır. İnsan təkcə ağıldan ibarət deyildir. İnsan fitrətini elm, mədəniyyət, incəsənət, ədəbiyyat qane edə, “doydura” bilməz, ruhu nə isə başqa şey istəyər. Filosof Ogüst Şayte “Dinlərin fəlsəfəsi” kitabında yazırdı: “Nə üçün mən dinə inanıram? Bir dəfə də olsun bu sualı dilimə gətirmədim. O vaxt dilimə gətirdim ki, məndən bu sualın cavabını istədilər. Dedim: “Mən dinə inanıram. Buna qarşı çıxa bilmirəm. Çünki dindarlıq “öz”ə lazım olan mənəvi zərurətdir. Deyirlər: “Etnik dindarsan, tərbiyən belədir, xarakterin belədir.” Deyirəm: “Bəzən özüm bu sualla çıxış edib etiraz səsimi ucaldıram. Amma görürəm ki, etirazım problemi həll etmir, əksinə, çətinləşdirir”.
Roma tarixçisi Plutarx deyirdi: “Tarixdə divarlarsız, qəsrlərsiz, məktəblərsiz şəhərlərə rast gəlinir. Amma məbədlərsiz şəhərlərə rast gəlmək mümkün deyildir”.
İnsanın mənəvi sarıdan da dinə ehtiyacı danılmazdır. Kədərdə, çətinlikdə, əzizlərini itirdikdə, istəmədiyi şeylə qarşılaşdıqda, ümidsizləşdikdə, qorxduqda bir gücə ehtiyac hiss edir. “Səngərlərdə ateistlər olmur” deyimini xatırlayaq. Din insana ümid, nikbinlik və mənəvi güc verir, xatircəmlik, psixoloji sağlamlıq bəxş edir. İnsan həyata arxayınlıqla nəzər salır, qocalır, amma qorxmur. Tarixçi-filosof Arnold Toynbe deyirdi: “Dinsizlik insanı ruhi ümidsizliyə düçar edir”.
Nəhayət, cəmiyyətin dinə ehtiyacı vardır. Bəli, cəmiyyətin stimullara və normalara ehtiyacı vardır. Pozitiv qanunlarda təşviq, stimul yoxdur. Qanunlar məhdudlaşdırır, insana xaricdən nəzarət edir, amma onu tərbiyə edə bilmir. Din isə stimul yaradır, daxildən “işləyir”, tərbiyə verir. Cəmiyyətdə xeyrə təşviq lazımdır. Bu yaxınlarda oxuduğum məqalədə deyilirdi ki, britaniyalı hakimlər əxlaqa əsaslanmayan qanunun, imana əsaslanmayan əxlaqın da uzunömürlü olmayacağı qənaətinə gəliblər. Hətta ateistlər belə dinin sosiumu idarəetmə gücünü etiraf etmişlər. Fransız maarifçisi Volter etiraf edirdi ki, “Din olmasa, həyat yoldaşım mənə xəyanət edər, xidmətçim də anbardan oğurlayardı”. Habelə, yuxarıda adını çəkdiyimiz Romalı tarixçi yazırdı: “Bünövrəsiz şəhər tikmək tanrısız dövlət qurmaqdan çox asandır”.
Onu da deyək ki, heç bir ideoloji cərəyanın, hətta elmin dini əvəz edə bilməməsi sonuncunun zəruriliyini vacib edir. Çünki elm dinin obyektini öyrənmir. Elm yaşamağa kömək edir, amma varlığın problemlərini həll etmir. Bir sözlə, elm:
a) insana və varlığa dair böyük problemlərə cavab verə bilmir;
b) mənən tərbiyə etmir.
c) məqsəd aşılamır, vasitə rolunu oynayır.
Göründüyü kimi, din adi hadisə deyildir, insanın mahiyyəti və məqsədləri ilə birbaşa əlaqəli təlimlərin məcmusudur.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az