Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Valideynlik hüququndan məhrum edilən azərbaycanlılar – Bir ildə 76 nəfər…

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək,  işgəncə verilməsi xəbəri cəmiyyətdə geniş rezonans doğurub. Hadisədə diqqətçəkən məqam A.Hüseynovanın anasının Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən, 2013-cü ildə valideynlik hüququndan məhrum edilməsidir.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, modern.az məsələnin aktuallığını nəzərə alaraq, valideynlik hüququndan məhrum etmə ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsindəki bəzi maddələri diqqətə çatdırır.

Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

– öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

– alimenti qəsdən ödəmədikdə;

– heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

– valideynlik hüquqlarından sui-istifadə etdikdə;

– uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

– xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

– uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Ailə Məcəlləsinin 65-ci maddəsinə görə, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

– Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.

– Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.

– Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.

– Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Məcəllənin 66-cı maddəsində göstərilir ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.

Amma valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Həmin valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir.

Ailə Məcəlləsinə görə, uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər.

Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Rəsmi göstəricilərə görə ötən il ailə münasibətləri üzrə 21913 mülki işə baxılıb.

Onlardan 12094-ü nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsilə bağlı olub. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 852 işə baxılıb. Məhkəmələr tərəfindən 812 iddia təmin olunub.

Rəsmi məlumata görə, birinci instansiya məhkəmələrinə övladlığa götürmə və onun ləğvi ilə bağlı 502 iş daxil olub. Onlardan 468-də iddialar təmin edilib.

Eyni zamanda məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da 76-sı təmin edilib.

Məhkəmələrdə baxılan valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı 86 işdən işdən 82-də iddialar təmin olunub.

Digər ailə münasibətlərinə görə, 8256 mülki işə baxılıb ki, onlardan 7271-nə müsbət cavab verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az