Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Ali Erbaş: SİQARET HARAMDIR

Ali Erbaş: “Moizə və xütbələrdə siqaretin necə təhlükə olduğunu millətə danışacağıq”.
“Bu il həm həcc, həm də ümrə ziyarətlərinin təşkili zamanı işçi heyətində siqaret çəkməyən şəxslərə üstünlük veriləcək”.
Din.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dini İşlər İdarəsinin həcc və ümrə ziyarətlərinin təşkili işlərində siqaret çəkməyən heyət üzvlərinin seçiləcəyilə bağlı qərarının bu günə qədər verilən ən xeyirli qərarlardan biri olduğunu qeyd edən Erbaş, siqaretin əsrin fəlakətləri və insana zərər verən vərdişlərdən olduğunu bildirib.
Erbaş fikirlərini belə davam etdirib:
“Bu il həm həcc, həm də ümrə ziyarəti zamanı siqaret çəkməyən dini işçiləri seçəcəyik. Növbəti illərdə siqaret çəkənlər hətta imtahana da girə bilməyəcəklər.
Bir çox din alimləri siqaretin haram olduğu deyirlər. Şəxsən mən də belə düşünürəm. Dini işlərlə məşğul olmaq kimi məsuliyyətli vəzifədə imamlarımız və bütün işçilərimiz belə mənfi vərdişlərdən uzaq olmalıdırlar. Getdiyimiz Ərəfatda çadırların ətrafında çəkilmiş siqaret artıqlarını gördükdə, sanki ürəyimə xəncər sancılır. Ərəfatda vaqfədən əvvəl, yaxud sonra hər hansı müsəlman qardaşımın əlində siqaret gördüyüm zaman çox məyus oluram.
Vətəndaşların əlində siqaret olan din işçisi görmək istəmədiyini deyən Erbaş, moizə və xütbələrdə siqaretin necə təhlükə olduğunu millətə danışacağını bildirib:
“Millətimizi beş məsələdə qorumalıyıq – İnsanların ağlı, nəsli, canı, malı və dini qorumaq … Məncə siqaretnın cana, mala, nəslə, ağıla və dinə zərəri var. Çünki bu vərdiş yaradır. İslam dini isə insanı zərərli vərdişlərdən uzaqlaşdırır. İnsanlar zərərli vərdişlərdən uzaq olmalıdırlar. İslam dini bizə bunu əmr edir. Bu səbəbdən, bizim ən mühüm vəzifələrimizdən biri, insanı zərərli olan hər şeydən qorumaqdır. Bu baxımdan, siqaretlə mübarizəni ciddi vəzifə kimi qəbul edirik”.