SEVGİNİN MƏNBƏYİ KİMDİR?

Allahı uşaqlara daim cəzalandıran qüvvə kimi tanıtmaq böyük səhvdir.
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
Kiçik yaşlardan etibarən Allahla qorxudulan mühitdə Allahın, sevginin və mərhəmətin, eləcə də bütün gözəlliklərin mənbəyi olduğu həqiqətinin yaddan çıxarılmasına təəccüblənməmək lazımdır.
Allah sevgisini itirməklə deyil, bizə cəza verib əzab etməsiylə qorxudulmuşuq. Bu qorxu səbəbilə çox vaxt bilmədən Allahla olan ən təbii sevgi və inam əlaqəmizi pozmuşuq. Yol verdiyimiz səhvlər “uşaqdır” deyilərək xoş qarşılanmamış, bəzi böyüklərimizdən “Allah səni sevsin” cümləsi əvəzinə “Allah cəzanı versin” cümləsini eşitmişik. Halbuki daim “Allah qənim olar!”, “Quran qənim olar!”, yaxud “Ata-ananı incitsən, dediklərini etməsən Allah səni cəzalandırar, Cəhənnəmdə yandırır!” tərzində uşaq üzərində üstünlük etmək və istədiyini etdirmək üçün Allahı daim cəzalandıran qüvvə kimi tanıtmaq böyük səhvdir. Bəzi valideynlərin istədiklərini etmədiklərinə görə bir anda başlarına bir şey gələn uşaqlara, “Bax, gördün, dediyimi etmədiyinə görə Allah səni cəzalandırdı!” demələri səbəbilə Allah, o günahsız zehnə sahib uşağın xəyal dünyasında qorxuducu və cəzalandırıcı varlığa çevrilir.
İnsanlara Allah və dindən bəhs edərkən əsasən cəza, bəla və əzab kimi qorxular qeyd edilir, Allahın bağışlayan, mərhəmətli və bəndələrinə qarşı sevgi bəslədiyinə, peşman olub tövbə edənlərin tövbəsini qəbul edəcəyinə çox vaxt diqqət yetirmirik. Biz həm özümüzü, həm də başqalarını Allaha yaxınlaşdırmağa, yoxsa Allahdan uzaqlaşdırmağa çalışırıq? İnsan sevdiyinə yaxınlaşır, qorxduğundan isə uzaqlaşır.
Öz səhv və günahlarımıza nəzər yetirmədən daim başqalarını qınayır, Allahdan müəyyən səlahiyyət almışcasına bəzi insanları dindən çıxarır, yaxud cəhənnəmlik olduqlarını bildiririk. Bunları etdiyimizə görə isə deməli, həqiqi mənada Allahdan qorxmuruq.
Allahdan qorxan çox insanlar vardır. Elə isə nə üçün bu qədər pisliklər edilir? İnsan qorxduğu üçün deyil, sevdiyi şəxs üçün fədakarlıq edir. Bəndə hər şeydən əvvəl Rəbbini qəlbən sevməlidir. Əsl sevgi özü ilə birlikdə o sevgidən məhrum qalma qorxusunu da gətirəcəkdir. Allah “Vədud”dur. Sevginin, məhəbbətin və bütün gözəlliklərin mənbəyi, sevilməyə ən çox layiq olandır.
“Rəhman (hədsiz mərhəmət mənbəyi olan Allah), iman gətirib dürüst və ləyaqətli davrananlar üçün tərifsiz sevgi yaradacaqdır”. (“Məryəm” surəsi, 96)