Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Şəhid ailələrinə ev verən soydaşımız daha 6 hərbçi ailəsini sevindirəcək – MÜSAHİBƏ

Füzuli Məmmədov: “Azərbaycan həqiqətlərinin daha geniş şəkildə dünyaya çatdırılması vacibdir”.

“Ümummilli məqsədlərə nail olmaq üçün bütün Azərbaycan diasporu birləşməlidir”

“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” nun Prezidenti, “Avropa Azərbaycan Konqresi”nin Birinci vitse-prezidenti Füzuli Məmmədov bu ilin sonunadək hərbi qulluqçuların daha 6 ailəsini mənzillə təmin edəcək. Xatırladaq ki, F.Məmmədov mayın 10-da, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə, öz şəxsi vəsaiti hesabına hərbi qulluqçuların ailələrinə, torpaqlarımızın erməni işğalçılarından azad olunması, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirən, hal-hazırda istefada olan xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin, bu il fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu erməni silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatları dəf edərkən şəhid olmuş mayor Aqşin Abdullayev və şəhid gizir Sənan İsayevin ailələrinə də mənzillər hədiyyə edib.

Qeyd edək ki, bununla da ümumilikdə 10 hərbi qulluqçu ailəsi Füzuli müəllimin şəxsi vəsaiti hesabına mənzillə təmin olunacaq.

Bütün bu nümunəvi addımlar çox önəmlidir və digər iş adamlarının da prosesə qoşulması vacibdir. F.Məmmədovla müsahibəmizdə bu və digər məsələlərdən danışdıq.

-Bu tipli addımların atılmasının mənəvi tərəfi mənim üçün önəmlidir. Dövlətimiz vətən uğrunda canını əsirgəməyən insanlara qayğı göstərir, onlara hər cür dəstək verir. Hesab edirəm ki, bu cür həssas, həmçinin ümummilli məsələlərdə əl ələ verməliyik. Bu həm şəhidlərimizə, qazilərimizə verilən dəyər olmaqla yanaşı, eyni zamanda dövlətimizə dəstəkdir.

-Siz, ciddi diaspor fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda tanınmış iş adamısınız. Həmçinin Azərbaycandan kənarda uğur qazanmısınız. Hazırda Azərbaycanı necə xarakterizə etmək olar?

-Bu gün Azərbaycan uğurlu inkişaf yolu keçmiş, iqtisadi, siyasi cəhətdən inkişaf etmiş bir dövlətdir. Ən əsası isə ölkədə siyasi sabitlik var. Bu isə aparılan düzgün və uğurlu siyasətin nəticəsidir. Ölkəmizin hərbi potensialı da kifayət qədərdir. Peşəkar ordumuz var. Bilirsiniz ki, dünyada iqtisadi problemlər yaşanır. Amma bu Azərbaycana ciddi təsir göstərmədi. İqtisadi dayanıqlılıq çox önəmlidir və düşünürəm ki, bu təmin olunub. Dövlət başçısı cənab İlham Əliyevin mütəmadi olaraq addığı addımlar strateji xarakter daşıyır. Cənab prezidentin mükəmməl və çevik siyasi gedişləri, iqtisadi, siyasi islahatları effektivdir, doğru hesablanmış, planlı fəaliyyətin nəticəsidir.

Bilirsiniz ki, bu gün dünyada arzuolunmaz proseslər gedir. Qarşıdurmalar, müharibələr, terror aktları bölgəyə olan təhdidləri artırır. Belə olan məqamda hər birimiz həssas olmalıyıq. Proseslərə düzgün qiymət verməklə, eyni zamanda dövlətimizin apardığı siyasətə dəstəyimizi əsirgəməməliyik. Bu təkcə iş adamlarına aid deyil. Bütün Azərbaycan vətəndaşlarına, eyni zamanda dünyada yaşayan soydaşlarımıza da aiddir. Hər bir azərbaycanlı dövlətinin yanında olmalıdır. Dünyada baş verən proseslərə düzgün qiymət verməyi bacarmalı, ümummilli məsələlərdə aktiv olmalıdır. Əgər biz bunu bacararsaq, heç bir problemimiz qalmaz.

-Azərbaycanlı iş adamlarının ölkədə sosial problemlərin həll olunması üçün addımlar atması effektiv nəticə verə bilərmi?

-Dövlət bütün ehtiyacı olanlara kömək edə bilməz. Bu bütün dünyada belədir. İqtisadi cəhətdən daha çox inkişaf etmiş, dünyanın ən böyük iqtisadiyyatına sahib olan dövlətlərdə də problemlər, yoxsul insanlar var. Azərbaycanın da dövlət büdcəsi ölçüsüz deyil. Cəmiyyətdə sosial problemlərin həll olunması, əhalinin, aztəminatlı təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılması üçün azərbaycanlı zəngin insanların, iş adamlarının təşəbbüs göstərməsi müsbət nəticə verə bilər. Əhalinin sosial-iqtisadi problemlərinin hamısını dövlətin üzərinə atmaq olmaz. Əgər dövlət əhalinin müəyyən bir hissəsinin sosial-iqtisadi problemlərini operativ şəkildə həll etməyə macal tapmırsa, onda zəngin azərbaycanlı iş adamları, soydaşlarımızın sosial statusundan asılı olmayaraq, onlara təmənnasız kömək etməli, yaranmış “sosial boşluğu” tamamlamalıdırlar. Biz – iş adamları, sahibkarlar, biznesin müxtəlif sahələrində çalışan insanlar Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli və onunla birgə fəaliyyət göstərməliyik. Bütün azərbaycanlılar, ölkəmizin bütün vətəndaşları, Azərbaycan qanunları qarşısında bərabərdir. Biz hamımız vətənin müdafiəçiləriyik. Buna görə də, mən əminəm ki, bütün zəngin, varlı azərbaycanlılar yalnız öz xeyirxah əməlləri ilə fəxr etməli, xeyriyyəçiliyi kütləvi ənənəyə çevirməlidirlər.

-Bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirən, hazırda istefada olan xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin şəhid mayor Aqşin Abdullayev və şəhid gizir Sənan İsayevin ailələrinə də mənzillər hədiyyə etdiniz. Bu cəmiyyətdə müsbət qarşılandı, Proses davamlı olacaqmı?

-Azərbaycan mənim Vətənimdir. Vətən isə müqəddəsdir! Ona görə də mən istər doğma Azərbaycanda, istərsə, soydaşlarımızın hansı bir ölkədə yaşamasından asılı olmayaraq, onlara həmişə kömək etmişəm, edirəm və bundan da sonra kömək edəcəyəm. Mənim bütün var-dövlətim Azərbaycan xalqına məxsusdur. Mən bundan sonra da bütün qüvvə və maliyyə resurslarımı Azərbaycan və Azərbaycan xalqının rifahı naminə sərf edəcəyəm. Düşünürəm ki, özünü Azərbaycanın əsl vətənpərvəri hesab edən hər bir kəs, belə hərəkət etməlidir!.

Bu ilin sonunadək hərbi qulluqçularımızın daha 6 ailəsini mənzillə təmin edəcəyik. Əgər bu addımlarla şəhidlərimizin ailələrinə, qazilərimizə dəstək göstərə bilmişiksə, özümüzü xoşbəxt hiss edə bilərik.

-Digər diaspor nümayəndələrindən də bu addımı görə bilərikmi?

-Biz – dünyada olan Azərbaycan diasporunun bütün nümayəndələri, erməni təcavüzündən doğma torpaqlarımızı azad və müdafiə edən, sərhədlərimizin keşiyində dayanan və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə həmişə qayğı ilə yanaşmalı və onları dəstəkləməliyik. Diasporumuz onları unutmamalı, həmişə şəhid ailələrinin yaşayış səviyyəsi, problemləri, şəhidlərimizin övladlarının necə böyümələri, onların təhsili və digər məsələlərilə maraqlanmalıdırlar. Bu ailələri unutmağa bizim haqqımız yoxdur. Biz uşaqların təhsilinə kömək etməli və onlara həmişə dəstək olmalıyıq. Şəhidlərimizin övladları unutmamalıdırlar ki, onlar qəhrəman oğullarıdırlar!

-Ümumiyyətlə, bundan sonra Azərbaycan diasporu nə etməlidir, əsas strateji hədəflər nə olmalıdır?

-Ümummilli məqsədlərə nail olmaq üçün bütün Azərbaycan diasporu birləşməli və Diaspora ilə iş üzrə Dövlət Komitəsi bu prosesdə fəal iştirak etməlidir. Biz əlillərə, uşaqlara, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına yardım edərkən, öz dəstəyimizi bütün diaspor təşkilatları ilə razılaşdırmalı, çox ciddi şəkildə, Azərbaycanın qanunları çərçivəsində birgə və həmrəy hərəkət etməliyik.

Qarabağ kimi problemimiz və görüləcək çox işlərimiz var. Azərbaycan həqiqətlərinin daha geniş şəkildə dünyaya çatdırılması vacibdir. Bu istiqamətdə yorulmadan çalışacağıq, düşünürəm ki, önəmli işlərə imza ata biləcəyik.

-Bəzən varlı insanların dəbdəbəli həyat şəraitlərini nümayiş etdirdiyinin şahidi oluruq. Siz də zənginsiniz və bu tipli addımlara münasibətiniz necədir?

– Əvvəlcə nəzərinizə çatdırım ki, ölkəmiz müharibə şəraitindədir və hamı bərabər səviyyədə yaşamır. Varlılar öz dəbdəbəli həyatlarını nümayiş etdirərkən, başa düşməlidirlər ki, onlar öz hərəkətləri ilə cəmiyyətdə mənfi abu hava yaradırlar. Bu hərəkətlər xoş qarşılanmır, əksinə qıcıq yaradır. Bu qıcıq isə sonradan ölkədə sabitliyin pozulması üçün bir elementə çevrilə bilər. Müəyyən qüvvələr bundan istifadə etməklə Azərbaycanda sabitliyi poza, bizim gənc, müstəqil milli dövlətimizə ziyan vura bilərlər. Artıq Suriya, Liviya, Misir və Venesuelada baş verən hadisələrin kədərli təcrübəsi göz qabağındadır. Əhalinin başlatdığı etiraz aksiyalarından istifadə edən xarici qüvvələr bu ölkələrdə sabitliyi daha da gərginləşdirərək, qarşıdurma yaradaraq, bundan öz məqsədləri üçün yararlanmağa nail ola bildilər.

Bütün bu hadisələrin fonunda azərbaycanlı iş adamları, ilk növbədə, ümummilli maraqları əsas tutaraq, Azərbaycanın ərazi bütövlüyü və sabitliyi haqqında düşünməlidirlər. Ölkənin iqtisadi rifahı yalnız sabitlik və dövlət quruluşunun davamlılığı, möhkəmliyi şəraitində mümkündür. İctimai sabitliyin və stabilliyin pozulması çox ciddi fəsadlara, dövlətimizin zəifləməsinə gətirib çıxara bilər ki, belə şəraitdə imkanlılar nəinki öz sərvətlərindən, həm də öz həyatlarından məhrum ola bilərlər. Ona görə də, varlı insanlar, iş adamları əhalinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak etməli, dövlətə səxavətlə kömək əli uzatmalıdırlar. Onlar öz bizneslərini ümummilli maraqlar çərçivəsində qurmalı, Azərbaycanın iqtisadi tərəqqisinə kömək etmək və inkişaf etdirmək üçün çalışmalıdırlar…

Xəyalə Bünyatova // A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az