Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ROMA PAPASININ PORTRETİNİ ÇƏKƏN AZƏRBAYCANLI RƏSSAM: “PEYĞƏMBƏRİMİZİN KARİKATURASINI ÇƏKƏNLƏRƏ GÖSTƏRDİM Kİ…” – MÜSAHİBƏ

Azərbaycanlı rəssamın “Cıdır düzü” əsəri Vindzor sarayındadır.

“Din.az” “A24.Az”a istinadən bildirir ki, Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki Sakit Məmmədovla müsahibəni təqdim edir.

16107359_1353091171421495_4208023204862160313_o-768x576
Sakit müəllim, xoş gördük. Yorulmayasınız. İş başında görüşdük sizinlə, hansı əsər üzərində çalışırsınız?

Çoxu elə düşünür ki, mən çox vaxt xarici ölkələrdə oluram. Amma mən xarici ölkələrdə işimlə əlaqəli qısa müddətli qalıram; 3 gün, 5 gün, maksimum 10 gün. Bakıya qayıdanda 1-2 ay emalatxanaya qapılıb işlərimi görürəm. Yersiz tədbirlərə getmirəm.
Sovet dövrünün gözəl adətlərindən biri də o idi ki, rəssamlar sərgilərə hazırlaşırdı və hamı da gözləyirdi ki, görəsən Böyükağa Mirzəzadə, Tahir Salahov, Səttar Bəhlulzadə və s. hansı tablolarla çıxış edəcək. Rəssamlar da heç kimə görünmədən, qapanıb işləyirdilər, birdən əsərlər çıxırdı üzə. İndi mən də elə bir metod tədbiq etmişəm burada, tələbələrimlə Novruzla bağlı sərgiyə hazırlaşırıq. Novruz Azərbaycanın milli mənəvi dəyəridir. Ən gözəl bayramımızdır. Hazırda mən bahar qızı rəsmi üzərində işləyirəm. Bütün atributları onun üzərində göstərmək istəyirəm. Çünki, məni Novruzla bağlı çox narahat edən bir məqam var: bu da “keçəl”lə “kosa”dır. Şaxtababa, Santa Klaus, Qar qız – hamısı uşaqlara hədiyyə edir, bunlar uşaqların əlindən konfet oğurlayır. Bunlar bizə sırınan personajlardır. Cındırlarından cin hürkür. Belə personajlar bizim ola bilməz. Novruz gözəl bayramdır, yeni ilin, baharın gəlişini göstərir, ona bahar qızı, tonqal üzərindən atılma, gözəl rəqslər yaraşır. Daha sonra papaqatdı var, bu da ürəkaçan adət deyil. Bizdə gözəl adətlər var, bir yemək bişirəndə, bayram süfrəsi açanda 7 evə bundan pay verirlər. Elə bunu Novruzda da etmək lazımdır. Başqasının qapısını dinləməkdənsə, belə adətlər daha uyğundur.
Buna görə də mən uşaqlarla danışmışam, demişəm gəlin hamımız Novruza aid işlər görək.

3-768x337
Novruz bayramı ilə bağlı sərgini artıq planlamısınızmı?

Bəli. Kollektiv sərgi olacaq. “Qalereya 1969”da planlayırıq. Bayram olanda təkcə ritm yox, rəng bayramı da olmalıdır. Novruz özü də rəng bayramıdır.
Novruz işləri ilə yanaşı son işlərimdən biri “Yozulmamış yuxular”dır. 7 metrlik bir qrafikadır. 7 parçadan ibarətdir, birləşdiriləndə bir rəsm olur.
Yəni bu dünyanın problemlərini görəndə insan istəyir bunlar yuxu olsun. Bir yandan da elə bu günki günlər də insana yuxu kimi gəlir. Mən indiki problemlər, insanların bir-birinə və təbiətə münasibəti, müharibələr fonunda baxanda bu günki dünyanı Allahın əsəri saymıram. Bu gün internetdə görürəm ki, biri filin qulağına neft tökür, sonra yandırır, fil balası da yanında yana-yana qaçır. Bu nədir? Bu qədər vəhşilik olar?
Nizaminin “Xosrov Şirin”ində belə məqam var:
“Gözlərinin bəbəyi neyçün qaradır?
İnsanlıq ölmüşdür, matəm saxlayır”.
Dediyim rəsm əsərində xeyir və şərin mübarizəsi var, Adəmlə Həvvadan tutmuş bu günə qədər hər bir element orada qeyd olunub.

6-4-768x349
Fotoqrafiyanın, video sənətinin inkişaf etdiyi bir zamanda rəsm portretlərəmarağın azalmaması, əksinə bir az da məziyyət qazanmasını necə izah etmək olar?

Götürək Rembrandtı, elə bir fotoqraf tapmaq olarmı ki, onun çəkdiyi detalı tapa bilsin. Rəssamda ümumiləşdirilmiş tablo olur. Bizi toyda da fotoqraflar çəkir. Bir anlıq durursan, çəkir fotonu, təqdim edir. O özün olmursan. Niyə? Niyəsi budur ki, fotoqraf bizi çəkdiyi an biz heçnə fikirləşmirik, yalnız gözlərimizin qırpılmamasını, gözləyirik. Heçnə fikirləşmədiyimiz üçün də üzümüzdə heç bir ifadə olmur. Ağzımızda yemək varsa, ağzımızı da saxlayırıq, gözlərimizi bərəldirik; “çık”.
Amma rəssam portret çəkəndə çəkəcəyi adamla xeyli söhbət edir, onun bütün üz cizgiləri ilə tanışr olur, onun daxilinə nüfuz edir, xarakterini öyrənməyə çalışır və sonda bütün bunları bildikdə portreti hazırlayır. Artıq portretdə insanın bütün daxili, cizgiləri qeyd olunur. Artıq bu özünsən.
Məsələn, Qara Qarayevin xeyli fotoları var, amma Tahir Salahovun çəkdiyi Qara Qarayev portretinə çatarmı onlar?
Var əllə toxunan xalça, var maşınla toxunan xalça. Niyə əllə toxunan qiymətlidir? Xalçaçı ora ürəyini qoyur, bəzən də risk eləyib əlavələr eləyir. Amma maşın bu riski heç vaxt eləməz.
Portret təkcə insana aid olmur ki… Məsələn Bakının portretini heç bir rəssam yarada bilməyib. Amma Tofiq Quliyev onu musiqi ilə yarada bilib. Tofiq Quliyevin, Emin Sabitoğlunun musiqisini eşidəndə insanın gözünə o vaxtın Bakısının panoramı gəlir.

5-9-239x300Sakit müəllim, Orxan Pamuk “Mənim adım qırmızı” romanında miniatür rəsmləri Allahın insana, təbiətə baxışı kimi, realist rəsmləri isə insanın baxışı kimi qiymətləndirir. Siz bu iki estetikanı necə müqayisə edərdiniz?

Rəssam təkcə rəsm çəkən insan deyil. Ruslar yaxşı şairə də, yazıçıya da, işıqçıya da bəzən rəssam deyirlər; “xudojnik”. Miniatür sənəti kitablara, mətnlərə illüstrasiya idi. Azərbaycanda çox böyük məktəbi var idi. Bunu avropa qısqanmağa başladı və bunu dinin qadağası adı altında zəiflətməyə çalışdılar: bu bütpərəstlikdir və s. Özlərində rəsmi inkişaf etdirdilər, bizdə zəiflətdilər, yoxa çıxartdılar. Əslində miniatür, portret hara, büt hara? Təkcə İslam yox, Xristianlıq da bütə qarşı idi, amma onlar rəsmi qorudu, bizdə zəiflətdi. Halbuki, baxsan Xristianlarda xaç, İslamda möhür büt anlayışına daha yaxındır, nəinki portret, rəsm.
Realizm də heç kəsə elə gəlməsin ki, təbiətin köçürülməsidir. Pikasso deyir ki, ağıllı rəssam təbiəti kopyalayır. Dahilər isə təbiəti oğurlayır, mənimsəyir, özünki edir.
Avropa rəssamlığı əslində Təbriz miniatür məktəbindən tutmuş Yaponiyaya qədər şərq mədəniyyətindən bəhrələnib.
Məncə bu cərəyanları, estetikaları birini ilahiləşdirib, birini aşağı salmaq uyğun deyil.
Bilirsinizmi ən maraqlısı nədir? Məsələn, Rembirantın və digər dahi rəssamların əsərlərinə milyonlarla pul verilir, amma ən böyük realist Allahdır, onun yaratdıqlarına bəzən bir qəpiklik qiymət qoyulmur. İnsanı təhqir edirik, filin qulağını yandırırıq. Amma bir portret qarşısında əsirik.

9-5-696x1024
Sakit müəllim, əsərlərinizdə qırmızı məxsusidir. Sanki, sizin qırmızı başqa qırmızıdır. Sizin üçün qırmızı nədir?

Qırmızı çox qorxulu rəngdir. Qırmızı atəş rəngidir. Həm də əhvalı açan rəngdir. Qırmızı adamın içində bir qəribə oyanış yaradır. Amma, qırmızı həm də rəssamlar üçün ehtiyyat ediləsi rəngdir. Bu rəngin üstündə hər rəng baxılmır. Qanımız qırmızıdır, bayrağımızda var, günəş doğulanda qırmızı doğulur, qızılgül qırmızıdır, payızda yarpaqlar qızarır. Qırmızını çox sevirəm. Bununla yanaşı, çəhrayı, yaşıl, tünd göy rəngləri də gözəldir. Ümumiyyətlə öz yerlərində olanda, başqa rənglərlə təmasada uyğun seçiləndə bütün rənglər gözəldir.

2-14-768x412
Təxminən 10-15 il öncəyə qədər rəssamlıq da bəzi yaradıcı sahələr kimi avantajsız, rentabelsiz, gəlir gətirməyən sahə kimi diqqət çəkirdi. Son bir neçə ildə artıq rəssam obrazı məziyyətlərini bərpa etdi. Bu dəyişikliyi nə ilə izah edərdiniz?

Mənim gördüyüm illərdə – 70-ci illərdə rəssamlığa çox böyük maraq yaranmışdı, böyük sərgilər açılırdı, çox ciddi sənətkarlar var idi; Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Böyükağa Mirzəzadə və s. Bunlar o dönəmin sənətkarları idi. Keçid dövründə maddi sıxıntılar başladı, hərə bir yerə səpələndi, bir az mühit söndü. Sonra başladılar abstraktı bizə sırımağa. Axı bizim həyatımız abstrakt həyat deyil. Biz realist insanlarıq, Allah dünyanı realist yaradıb.
Sonra Rəssamlıq Akademiyası yarandı, bu yanda İncəsənət Unuversiteti alternativ oldu. Sonra rəssamlar nailiyyət qazanmağa başladılar. Bir rəssam gördü ki, digər rəssam Bakıda otura-otura beynəlxalq arenada uğur qazanır, təbii ki, o da buna can atacaq.
10 rəssam tələbə elə təkcə mən vermişəm Azərbaycana. Əslində tələbələr çox olub. Amma 10 tələbə mənim üzümü ağ edən, çox bacarıqlı rəssamlardır. Hansı ki, mən o tələbələrin əsərlərini Gürcüstanda sərgiyə göndərdim, gürcülərin xalq rəssamlarından artıq oldular ki, əskik olmadılar. Bu getdikcə daha yaxşı olacaq.
Əvəllər bir eybəcər tendensiya var idi; bizdən yaşlılar danışırdı ki, “bizim vaxtımızda tələbələr çox yaxşı oxuyurdu, o vaxtlar Əzim Əzimzadə adına məktəb çox güclü idi, indi yox”. İndi həmin müəllim mənimlə fəxr edir. Nə qədər insanlıq varsa, istedad olacaq. Sənin Əzimzadə məktəbin olmasa da, o istedadını bir yolla cilalayacaq.
Bilirsinizmi, bu tendensiya nədən yaranmışdı? Bizdə adət var ki, böyük oturan yerdə balaca oturmaz, böyük danışan yerdə balaca danışmaz. Bəlkə bu balaca böyükdən ağıllı danışacaq, qoy danışsın da. Ona görə də düşünürəm ki, gənclərə böyük yol açmaq lazımdır. Onların qarşısını genişləndirmək gərəkdir. Qoy tələbən səni keçsin, səndən yaxşı olsun. Səndən yaxşı olanda, bu sənin başının ucalığıdır.
Azərbaycanda çox gözəl bir gənclik var, çox gözəl bir məktəb var. Hansı ki, bu gənclər Azərbaycanın mədəniyyət xadimləri olacaq. Mən buna inanıram.

10-5-237x300
Sakit müəllim, metroda sərnişinlərə, insanların kütləvi yerləşdiyi məkanlara diqqət etdikdə cəmiyyətin geyimində bir yeknəsəqlik var. Əksər insanların paltarı qara, bozdur. Bu nəyin göstəricisi ola bilər? Sizcə bu durum seçilməkdən, fərqlənməkdən qorxmaqla, komplekslə əlaqəli ola bilərmi?

Avropada görürsən ki, 70 yaşlı kişi rəngarən paltarda, güləriz, pozitiv halda gəzir. Bizdə görürsən ki, 20 yaşlı gənc, yanında sevgilisi ilə gedir, hər ikisnin əynində qap-qara paltar. Üzlərindən də zəhrimar tökülür. Bu da daha çox ətrafa, dolayısı ilə özünə təsir edir. İnsan arzu etməlidir ki, qonşunun eyvanı gözəl olsun. Çünki, sən eyvana çıxanda özünün yox, qonşunun eyvanını görəcəksən. Sən də öz eyvanını gözəl etməlisən ki, o də gözəl balkon görsün.
Türkiyədə sərgimə Rusiyanın dünya gözəli gəlmişdi. Sonra bir məclisdə oturduq. Orada o dünya gözəli olmasını çox hiss etdirirdi. Mən o zaman qadına dedim ki, sən dünyaya bir rəssam kimi baxa bilirsən? Yox. Belə olduğu halda o gözlərin qəşəngliyi sənə lazımdırmı? Sən musiqini musiqi duyumu olan musiqiçilər kimi eşidə bilirsən? Yox. Bəs o qulaqların gözəl olması sənə lazımdırmı?
O gözəllik bizə lazımdır. O gözəllik yalnız bizim gözümüzə xidmət edir.
Ona görə də gərək ətrafdakı insanlar əlvan geyinsin.
Biz kompleksli millətik. Bizim düşüncəmizdə “qonşu də deyər?” problemi qalmaqdadır. Ona görə də borcun içində olan adam yenə də borca girir, üstünə də maaşını qoyur, gedir növbəti qara kostyumunu alır. Buradan Almaniyaya gedir, qayıdanda yoldaşına qara don alıb gətirir. Heç olmasa, uşaqları əlvan geyindirmək lazımdır. Heç olmasa, gənclər əlvan geyinməlidir. Bəlkə də elə olanda gözlərimiz bayram edər.

7-5-238x300
Çəkdiyiniz Roma Papası portretində stolun üzərindəki 4 müqəddəs kitab arasında “Qurani-Kərim” ən üstdədir. Bununla bağlı sizə qeyri-müsəlmanlar tərəfdən irad bildirən olmadı?

Xeyr. Heç vaxt. Ümumiyyətlə mən o rəsmi çəkəndə İtaliya qalereyası ilə çalışırdım. Artıq bir neçə ölkdə sərgi etmişdik. Təklif onlardan gəlmişdi. Orada onun stolunun üzərində xaç var idi. Mən xaçın əvəzinə 4 müqəddəs kitabı rəsm etdim.
O rəsmi elə bir dövrdə çəkmişəm ki, o dövrdə avropada bizim peyğəmbər təhqir olunurdu. Mən onda müsahibə verdim. Dedim ki, axı peyğəmbərin rəsmi, şəkli heç yerdə yoxdur. Heç kəs onun şəklinin necə olduğunu bilmir. O şəxs, bəlkə də öz atasının karikaturasını çəkib.
Və mən o karikatura çəkənlərə, onları alqışlayanlara göstərdim ki, bizim dediyimiz müsəlmanlar o qədər humanistdirlər ki, bir rəssam Roma Papasının portretini çəkir, dövlət rəhbəri Vatikana hədiyyə edir. Hazırda da həmin əsər Vatikan dövlət muzeyində aslıb.
Ardınca İngiltərədə Kraliça Yelizaveta ilə görüşdükdən sonra ona bir rəsm hədiyyə elədim, təbii ki, bu portret deyil. Kraliçaya “Cıdır düzü” əsərini çəkdim. Bu əsərdə Qarabağa aid bütün atributları qeyd elədim. Süfrədən başlamış, muğam, xarı bülbül, diboz ata qədər. Ən hündürdə də Azərbaycan bayrağı! Hazırda o əsər Vindzor sarayında asılıb. Mən o əsərimi Vindzor sarayına aparmaqla bayrağımı ora apardım. Artıq mənim bayrağım Vindzor sarayına sancılıb.

Söhbətləşdi: Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az