Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Quranın fransız dilindəki tərcümələri

Quranı fransız dilinə çevirən ilk mütərcim Muhəmməd Hamidullah olub.

Bəşər övladı daim ilahi hikməti araşdırıb, onun sirlərinə bələd olmağa çalışıb. Bu səbəbdən də səmavi kitablar nazil olduqları andan bu günə qədər müxtəlif ixtisas sahiblərinin diqqət mərkəzindədir. Əlbəttə ki, tərcüməçilər də bu işdən kənarda qala bilməzdi.

Avropada müqəddəs kitabların tərcüməsi uzun müddət qadağa predmeti olub. Dini kitabları tərcüməyə cəhd edənlərin (!) həyatına inkvizisiya tonqalları və digər dəhşətli edamlar son qoyub. Əlbəttə ki, heç bir şey kimi bu vəziyyət də əbədi ola bilməzdi. Orta əsrlərin sonlarına yaxın tərcüməyə münasibətdə yumşalma hiss edildi. Vəziyyətin dəyişməsində avropalıların Şərqə, müsəlman aləminə artan maraqları da ciddi rol oynayırdı.

İlk təşəbbüs

Nəhayət Quran nazil olduqdan 5 əsr sonra Avropada ilk dəfə latın dilinə tərcümə edildi. Klüni əyalətindən olan abbat Şərəfli Pyer (Pierre le Vénérable 1092-1156) və digər 3 rahib (o cümlədən 1 ingilis) Səlib yürüşləri zamanı Quranın latın dilinə tərcüməsini ərsəyə gətirdilər. Onlara bu işdə Toledolu Reymond adlı bir nəfər də yardımçı olub. Dini mənbələrə görə o, xristianlığı qəbul etmiş ərəb olub və ərəb dilini latın dilindən daha gözəl bilirdi. Pyer tərcüməyə başlamazdan əvvəl İspaniyanı, o cümlədən Toledonu gəzib dolaşır. Bu dövrdə İslam dövləti və mədəniyyəti yüksəliş dövrünü yaşayırdı (müsəlman İntibahı). 7-ci əsrdən bəri xristianlar müsəlmanlarla ciddi rəqabətdə idi. Heç şübhəsiz bu rəqabətin tərcümənin meydana gəlməsində rolu olub.

Nəhayət Şərəfli Pyer Toledoda məskunlaşır və ingilis Robert de Kettona Quranı latıncaya çevirməyi tapşırır. Şərəfli Pyerin maliyyə köməyi ilə 1141-ci ildə tərcümə hazır olur. Kitabın 1143-cü ildə tərtib edilmiş nüsxəsi hazırda Parisin Arsenal kitabxanasında saxlanır.

Tərcümə ərsəyə gələndən sonra ciddi polemikalara yol açdı. Fransız mənbələrinə görə, bu, tərcümədən daha çox ərəb mətninin latın dilində şərhinə bənzəyirdi. Quranın orijinalındakı ahəng, ritm, axıcılıq büsbütün itmişdi.

Lakin tərcüməçi məqsədinə müəyyən dərəcədə nail oldu. Təqribən 5 əsr ərzində bu tərcümə xristianlığın islam əleyhinə təbliğatına xidmət etdi.

1543 və 1550-ci illərdə İsveç teoloq Teodor Bukman bu tərcüməni Bazeldə 2 dəfə nəşr etdirib. Lakin bu addım da xoş niyyətdən xəbər vermirdi.

1529-cu ildə türklər Vyananın ətrafını sarmışdı. Düşmənin kitabını nəşr etdirən teoloq bura islamda olmayan əlavələri edir. Kitaba 3 ön söz yazılır. Birinci ön sözün müəllifi Filip Melankton, ikincininki Bukman özü idi. Üçüncü ön sözün müəllifi Robert isə Quranın ümumiyyətlə bir əfsanə olduğunu göstərir. Əvvəlki 2 ön söz də, təhriflərdən xali deyildi.

Quranın latın dilinə tərcüməsi Avropada böyük maraq doğurdu. Latın dilinə tərcümə əsas götürülərək, müqəddəs kitab Avropanın bir neçə dilinə çevrildi.

Fransız dilinə tərcümələr

Nəhayət 1647-ci ildə Andre du Ryer (1580-1660) Quranı orijinaldan fransızcaya çevirdi. Fransanın Misirdəki konsulu olan mütərcim ərəb, fars, türk dillərini gözəl bilirdi. Bu variant uğurlu alınır və bir çox Avropa dillərinə tərcümə olunur. 5 il ərzində kitab “Muhəmmədin Quranı” adı ilə 5 dəfə nəşr edilir. Ümumilikdə bu tərcümə 1716-dək 24 dəfə stereotip nəşr olunur.

Quranın fransız dilinə tərcüməsi Avropada bu sahədə bir növ canlanma yaratdı. Dü Ryerin tərcüməsindən ilham alınaraq Quran əksər Avropa dillərinə çevrildi. Sonradan fransızlar Quranı orijinaldan tərcümə etməyə üstünlük verdilər. Bu tendensiya tezliklə bütün Avropaya sirayət etdi.

Görkəmli rus alimi Posnikov bu variantı rus dilinə çevirərək 1716-cı ildə Peterburqda nəşr etdirdi.

1698-ci ildə Maraksinin tərcüməsi nəşr edilir. Bu tərcümə dü Ryerin tərcüməsinə nisbətdə daha sanballı olsa da, mütərcim öz xələflərinin strategiyasına “sadiq qalaraq” tərcüməyə islamla əlaqəsi olmayan, hətta islama zidd olan halları daxil edir (türklərin bu dövrdə Avropanı fəth etdiyini nəzərə alsaq, bu münasibətin səbəblərini araşdırmağa zərurət qalmır). Sonradan bu tərcümə variantı alman və holland dillərinə çevrilir.

1734-cü ildə Jorj Salın tərcüməsi ərsəyə gəlir. Kitab fransız kübar cəmiyyətində böyük maraq doğurur. Hətta Volter özü, İslam və Quran haqqında bu kitab vasitəsilə məlumat əldə edib.

1782-1783-cü illərdə Klod Etyen Savarinin tərcüməsi işıq üzü gördü. Savari ərəb danışıq dilini çox yüksək səviyyədə bilsə də, ədəbi dilə dərindən bələd deyildi. Bu səbəbdən onun tərcüməsi uğurlu alınmadı. Tərcümə yarımçıq və qüsurludur. Tərcümə 1787, 1821 və 1826-cı illərdə təkrar nəşr edildi. Savarinin kitabının üstünlüyü burada əlavə olaraq islam peyğəmbərinin həyatı, islam haqqında ümumi məlumat əks olunmasıdır.

1840-cı il Kazimirskinin tərcüməsi ilə yadda qalır. Ən yaxşı tərcümələrdən hesab olunan bu variant Parisdə 1841, 1844 və 1970-də stereotip olaraq nəşr olunur. Kazimirskinin tərcüməsi tiraj etibarilə ən çox nəşr olunan Quran tərcüməsi hesab edilir. Marakçi və Savarinin tərcümələrini gözdən keçirən Kazimirski Quranı yenidən tərcümə etmək qərarına gəlir. Milliyyətcə macar olan Kazimirski Fransanın Tehrandakı səfirliyində çalışıb. Burada əldə etdiyi biliklərin onun tərcümədə karına gəldiyi də şübhə doğurmur.

Fransız teoloq və tərcüməçilər Quranı transliterasiya etməyi də yaddan çıxarmayıblar. Quran 1647, 1649, 1672, 1683, 1719, 1734, 1770, 1775-ci illərdə fransız əlifbası ilə nəşr edilib. 20-ci əsrdə ərsəyə gələn nəşrlərin bəzilərində də transliterasiyaya yer ayrılıb.

Nəhayət, XX əsrin I yarısında Quran fransız dilinə 3 dəfə tərcümə olunur. Eduard Monet (1929), Laimeş və Bendaud (1931 Oran, Əlcəzair), Pesl və Ticani (1931, Rabat) bir-birindən ayrı şəkildə Quranı tərcümə edib nəşr etdirirlər.

İkinci Dünya Müharibəsindən sonra Quranın fransızcaya tərcüməsində bir növ canlanma müşahidə olundu. Müqəddəs kitabı 1949-cu ildə Reji Blaşer (təkrar nəşr 1957, 1960), 1959-da Muhəmməd Hamidullah, 1967-də Denis Masson, 1967-də Əhməd Budib (Əlcəzair), 1972-də Həmzə Bubəkr (Mərakeş), 1983-də Pyer Qode, 1976-da Nurəddin bin Mahmud, 1980-də Sadiq Maziqh, 1981-də Səlahəddin Kəşrid, 1990-da Jak Berk və Andrey Şuraki fransız dilinə çevirdilər.

Adları qeyd edilən müəlliflərdən Muhəmməd Hamidullahın tərcümələri daha böyük maraq doğurdu. Muhəmməd Hamidullahın tərcüməsindən danışmadan əvvəl onun həyatına nəzər salmaq yerinə düşər.


Muhəmməd Hamidullah kimdir?

Muhəmməd Hamidullah 1908-ci ildə Hindistanın şimalında Heydərabad əyalətində anadan olub. İlk təhsilini doğma şəhərdə alan Muhəmməd Hamidullah sonradan Camiyeyi Nizamiyyədə dini təhsil görüb. Bu məktəb həmin dövrdə Misirin əl-Əzhər universiteti ilə müqayisə edilirdi. Nəhayət o, təhsilini Hindistanın Osmaniyyə Universitetində başa vuraraq beynəlxalq islam hüququ sahəsində diplom əldə edir. Universitet onu təhsilini davam etdirmək üçün Almaniyaya göndərir. 1932-ci ildə o, fəlsəfə doktoru elmi dərəcəsi ilə Bonn Universitetində ərəb və urdu dili müəllimi işləməyə başlayır.

Eyni ildə İstanbula gələn Muhəmməd Hamidullah burada görkəmli alimlərlə tanış olur. Fransız kollecində tanış olduğu Vilyam Marsenin təklifindən sonra o, Sorbonna Universitetində “Peyğəmbər və ilk xəlifələr dönəmində diplomatiya” adlı dissertasiya müdafiə edərək ədəbiyyat üzrə doktorluq əldə edir. 1936-da vətənə qayıdaraq doğma Universitetdə ərəb və urdu dillərini tədris edir. 1948-ci ildə Hind ordusu şəhəri işğal etdikdən sonra, Fransaya mühacirətə gedir.

Fransaya qayıtdıqdan sonra o bir sıra universitetlərdə islam hüququndan dərs deyir, Pakistanın ilk konstitusiyasının hazırlanmasında iştirak edir və 1961-də Cenevrə İslam Mərkəzi və 1963-cü ildə “Fransada islamçı tələbələr Assosiasiyası”nı yaradır. Hər cür millətçiliyi rədd edən Muhəmməd Hamidullah 1978-də Parisdə “İslam xristian əməkdaşlığı” cəmiyyətini təsis edir. Onun bu cəmiyyətlərdə ətrafına topladığı insanlar arasında İranın ilk prezidenti Əbülhəsən Bənisədr də vardı (hazırda Fransada mühacirətdədir).

Səhhətində ciddi problemlər olan Muhəmməd Hamidullah 1996-da ABŞ-a gedir və 2002-də Floridada vəfat edir. 22 dildə danışa bilən Muhəmməd Hamidullah ömrünün sonuna yaxın çin dilini öyrənirdi.


Muhəmməd Hamidullahın tərcümə etdiyi Quran 1959-da Fransa Kitab Klubu tərəfindən nəşr edildi. Alim tarixə Quranı fransızcaya çevirən ilk mütərcim kimi düşdü. Kitabın tərcüməsində Mişel Leturmi ona yaxından kömək etmişdi. Kitab dünyanın fransızdilli əhalisi arasında böyük maraq doğurdu. Kitaba dünya İslam Liqası da müsbət rəy verdi. Kitab təkcə Fransada 1959-1986-cı illərdə 12 dəfə nəşr edildi. İndi də, Muhəmməd Hamidullahın tərcüməsi ən yaxşı hesab edilir, tədqiqatçılar bu varianta dönə-dönə istinad edirlər.

Hazırda Quranın tərcüməsi üzərində iş dayanmayıb. İstər müsəlman, istərsə də qeyri-müsəlman dövlətlərində Quran tərcümələri üzrə tədqiqatlar aparılır.

Nəticə

Quranı tərcümə edən müəlliflər mənanı tam çatdıra bilmədiklərini, ilahi kəlam qarşısında aciz qaldıqlarını etiraf ediblər. Hətta ən mükəmməl hesab edilən tərcümələr belə ciddi tənqidə məruz qalıb. Lakin nəticəsi və niyyəti nə olursa olsun, Quranın fransız dilinə çevrilməsi həm tərcümə işini genişləndirdi, həm də Avropada bu səmavi kitaba marağı artırdı. Avropa xalqlarının böyük əksəriyyəti Quranla bir-başa və ya bilavasitə fransız mütərcimlərin sayəsində tanış oldular.

 

Mənbə

1. Z.Bünyadov, V.Məmmədəliyev. Qurani Kərimin Azərbaycan dilinə tərcüməsi. B.2004.
2.Tarcumane – vahii jurnalı. No4. Qum 1996.
http://stehly.perso.infonie.fr/traduction.htm

Vüqar ƏLƏSGƏROV
Azərbaycan Dillər Universiteti Fransız dilinin tərcüməsi kafedrasının müəllimi,
Azəri-Press agentliyinin fransız dili tərcüməçisi

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az