QURANIN AD VƏ TƏRİFLƏRİ

Quran doğru yola çatdıran rəhbərimizdir.
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
Quranı başa düşmək niyyətilə oxumalı, onun necə kitab olduğunu və göndərilmə məqsədini bilməliyik. Ayələrinə nəzər yetirdikdə, Quranın necə kitab olduğu haqqında bir çox təriflə qarşılaşırıq. Onlardan bəzilərini sıra ilə qeyd etmək olar:
Quran doğru yola çatdıran rəhbərimiz (huda), bərəkətli və müqəddəs olan mənbəmiz (mübarək), yolumuzu aydınladan (nur), həyatımıza canlılıq verən ruhumuz (ruh), doğrunu səhvdən ayıran meyarımız (furqan), həqiqəti gətirən və təmsil edən dəyərimizdir (haqq). Quran fikir ayrılığına düşənlər üçün dəlil (elm), özündən əvvəlki vəhyləri təsdiq edən (musaddiq), bütün bəşəriyyət üçün möcüzə (ayə), mənəvi xəstəlik və qüsurlarımızı aradan qaldıran (şəfa), Allah yolunda və çətinliklərə qarşı mübarizə aparmaq üçün müjdə (büşra), müjdələyən (bəşir), nəsihət verən (məviza), oxunub aydın olması üçün asanlaşdırılmış, açıq qalmış kitab (mubin), din adından lazım olan hər şeyi incəliklərinə qədər izah edən qanun (mufassal), açıq ifadələrlə bəyan edən kitab (tıbyan), düşünənlər üçün müəyyən bilik mənbəyi (hikmət), həqiqəti müəyyən edən sübut (bəyyinə), insanlar arasında ədaləti təmin edən ümumbəşəri qanun (hökm), inananları doğru yolda birləşdirən Allahın yer üzündəki ipi (hablullah), insanlara qiyamətə qədər yol göstərəcək öndər (imam), nəsihətverici və xatırladıcı müəllimimizdir (zikr).