Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QURANDA PEYĞƏMBƏRİN BİLMƏDİYİ MƏQAMLAR VAR İDİMİ? – VİDEOMÜSAHİBƏ

“Həm dini qardaşlıq, həm də irqi qardaşlıq nöqteyi nəzərindən Azərbaycanla hər hansı ayrı-seçkilik fikrində deyilik”.

Tanınmış ilahiyyatçı Elşad Miri Türkiyənin tanınmış ilahiyyatçılarından biri olan və 25 cildlik təfsir yazan professor Dr. Mehmet Okuyanla müsahibə edib.

“Din.az” xəbər verir ki, müsahibə “Quranda peyğəmbərin bilmədiyi məqamlar var idimi?” başlığı altında baş tutub və türk ilahiyyatçı bir çox suallara aydınlıq gətirib.

-Hər zaman çıxış etdiyiniz konfranslarda 30 ildir Quranla məşğul olduğunuzu və araşdırmalarınızda “daha yeni bir şeylər tapdım” deyirsiniz. Bəs insanlar iş-güclərini buraxıb ancaq Quran oxumalıdır?

-İlk olaraq Azərbaycandakı qardaşlarıma burdan sevgimi ərz edirəm. Azərbaycanda bir çox dostlarımızla internet vasitəsiylə əlaqələrimiz var. Müxtəlif suallar verirlər və biz də həmin suallara bildiyimiz qədəri ilə cavab veririk. Azərbaycanı iki dövlət bir millət üzərindən dəyərləndirib, öz qardaşlarımız kimi görürük. Həm dini qardaşlıq, həm də irqi qardaşlıq nöqteyi nəzərindən Azərbaycanla hər hansı ayrı-seçkilik fikrində deyilik, olmarıq və olmayacağıq da, Allahın izni ilə. Bu vaxta qədər fürsət tapıb Azərbaycana gələ bilmədik, amma inşallah bir gün nəsib olar gəlib ordakı qardaşlarımızla da görüşərik.

Bəli, gündəlik işi Quran olmayanlar nə edəcəklər? Biz “insanların gündəlik işi bu olsun”, günə Quranla başlasınlar deyirik.

Sizin də qeyd etdiyiniz kimi, İlahiyyat fakultəsinin təfsir sahəsində işləyirəm. 30 ildir Quran üzərində işləyərək həyatımı davam etdirirəm. Quran möhtəşəm kitabdır. Qurani-Kərim sadəcə endirildiyi dövrü deyil, bu günü də, sabahı da, son saata kimi insanların ehtiyac duyacağı hər nə varsa, o ehtiyaclarını doğru və ya dolayısı olaraq qarşılayan bir kitabdır.

Sizin sualla bağlı Quranda iki ayə var: 18-ci surə olan “Kəhf” surəsinin 109-cu ayəsində Allah-tala deyir: “Əgər Rəbbimin sözləri üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”

Siz bayaq qeyd etdiniz ki, hər dəfə Qurandan yeniliklər aşkarlayıram. Quranda yeniliklər heç vaxt bitməz. Çünki Quranın sahibi yuxarıdakı ayə ilə onu tərif edir. Yəni daha başqa dəniz gətirsək yenə Rəbbimizin sözlərinə yetməz. Mürəkkəb mürəkkəbliyini etsə də, Allahın sözləri tükənməzdi.

“Loğman” surəsinin 27-ci ayəsində də buna başqa cür izah verərək Allah-Tala buyurur, “Əgər yer üzündəki ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı” (Loğman surəsi, 31/27).

“7 dəniz” deyildiyində bu saysız-hesabsız deməkdir. Yəni 7,8,9 dəniz olarsa, Allah-talanın sözləri bitər demək deyil. Ordakı rəqəm çoxluq mənasını verir.

Ona görə də Quranla məşğul olanlar bilirlər ki, Quran daim insanı dinc tutar. Quran insanın zehnini daim təzələyər. Quranın mətn olaraq endirilməsi Peyğəmbərimizin dünyasını dəyişməsi ilə bitmişdir. Lakin Quranın sözlərində və qavranılmasında, Allah-talanın dizayn edilən kəlmələrinin içərisinə qatdığı mənalardan dolayı Quranın mənaları sonsuzluğa qədər endirilməkdə davam edir. Ona görə də kimsə Quranın hər hansı surəsini “mən bunu anladım, bitirdim” deyə bilməz. İnsan Quranı hər dəfə yenidən oxuduğu zaman surənin sözləri, cümlə quruluşu, həmin surədə işlədilən ədatlar, ordakı mənalar daim canlılığını müdafiə edir və hər oxuyan mütləq oxuduğundakı əlavələrlə özünü yeniləmiş olur.

Hətta Peyğəmbərimizin Quranı tanıtdığı bir rəvayətində, Tirmizi və Darimidə bəhs edilir: Quran çox oxumaqla köhnəlməyən kitabdır!

Yəni siz onu nə qədər oxusanız, o qədər də yenilənəcəksiniz. O, sizi yeniləyən bir kitabdır. Mənası “daim diridir”, dinamikdir, yenilənən dünyadır, donmuş mənası yoxdur. Elə bir kitabdır ki, kainat kitabına dayanmadan nələrsə göndərər. Kainatı kitab kimi qəbul edər, kainatdakı məxluqların hər birini bir ayə sayar. Siz həmin ayələri tanımaqla əslində Allah talanın ayə və kitab qavrayışlarını etibar etmiş olursunuz.

Digər tərəfdən ən böyük xətalardan biri elmləri iki yerə ayırmasıdır: dini və bəşəri elmlər, və yaxud müsbət və dini elmlər. Bu, xristianlar, bəlkə də İncil, Tövrat üçün düzgün bir fikir ola bilər, amma Quran üçün bu, əsla düzgün fikir deyil. Çünki Qurani-Kərim kainatı başqa bir kitab olaraq tanıdır. Əlavə olaraq, insanı bambaşqa bir kitab olaraq tanıdır, 3 kitab üzərindən mesaj verir. Birinci, vəhy deyilən ilahi mesajlar mənasında tənzili kitab, ikincisi, yaradılmış aləm mənasında təkvini (kainat) kitabı, üçüncüsü də bu ikisini qavrayacaq olan muhattab insan kitabıdır. Sizi insanlarla bağlı nə maraqlandırırsa, Allah-talanın kitabında onunla əlaqədar doğru və ya dolaylı məlumatlar tapa bilərsiniz.

Kainat da belədir. Yeni öyrəndiyim şeylər var demək yanlış bir şey deyil. Keçmiş alimlərin yazdığı şeylər olub-bitən şeylər deyil. Quran tarixi bir yazı deyil, universal bir mətndir. Quranda tarixi motivlər olsa da, verdiyi mesajlar universaldır. Həmin mesajların universallığı daim ondan yeni şeylər öyrənməyimizin qarşısını açaır.

İnsanlar Quranı öyrənməyi ilk xidmətləri olaraq görəcəklər. Əgər siz həyatınızda Qurana ikinci, üçüncü, dördüncü sırada yer versəniz, bir sözlə siz Qurana ömür verməsəniz, Quran sizə həyat verməz! Ona görə də, hər zaman deyirəm ki, bir müsəlman özünə hər gün səhər tezdən “Quran mənim nəyimdir?” sualını verməlidir. İnsan gündəlik həyat axışı içərisində Quranda problemlərin həlli, həyatın gedişatı ilə bağlı “harda nə demək istəyir”i araşdırmalıdır. Yatan zaman da “bu kitab nəyimə yarayır?” sualı ilə hesabat verməlidir.

-Quranla yetişən, onu daha gözəl oxuya və anlaya bilən səhabə nəsli niyə bir-biriylə döyüşdü?

Həm Peyğəmbərimizin vəfatından sonrakı dövrdə, həm ondan sonra əsrlərdir davam edən bu müddətdə yaşanan bir çox sıxıntılar var. İnsan xəta edə bilən məxluqdur! Quran peyğəmbərlərin səhvlərindən də bəhs edir!

Söyləmək, vermək istədiyi mesaj budur: Mənim seçdiyim peyğəmbər belə səhv edirsə, sizin, digər insanların səhv etməmək kimi bir şansı yoxdur. Vacib olan, etdiyin səhvdə israr etməməkdir. Peyğəmbərimiz vəfat etdiyi zaman iqtidar davaları başladı. İqtidar davaları isə hələ cənazəsi dəfn edilmədən yarandı. İqtidar dediyimiz də cazib bir şeydir. Həmin cazibəni əldə etmək üçün peyğəmbərimizin əslində söyləmədiyi sözlər, onun ağzından çıxmış kimi yayılmağa başladı. Qurana zidd olduğu halda, sanki Peyğəmbərimiz deyibmiş kimi rəvayətlər uyduruldu! Elə şeylər uydurdular ki, vəyhlə gəlməyən şeyləri vəhy adı altında başqasına söylədirdilər. Düzdür, bu şeylər səhabələrin dövründə yox idi, amma rəvayətlər vasitəsiylə çatdırılır. Yəni rəvayəti danışır və peyğəmbərimiz belə dedi. Peyğəmbərimiz də belə deyibsə, axan sular dayanır deyərək hərəkət edilir. Amma Allahın kitabı Quranda bununla bağlı nələr deyilir sualını vermirlər, araşdırmırlar. Sual verilmədiyi zaman insanlar qənaətə gəldikləri fikirləri önə çıxardırlar.

Hz.Ömərin oğlu Abdullah deyir: “Peyğəmbərimiz sağ olanda biz qadınlarla əlaqədar pis fikir söyləməkdən çəkinirdik. Peyğəmbərimiz vəfat edəndən sonra söyləmək istədiyimizi söylədik”.

-Bəs Abdullah Peyğəmbərimizin dövründə doğulub böyüyən bir gənc deyilmi? O zaman bu insan həmin dövrdə yaşayıbsa, niyə elə söz söyləsin? Ömər deyəsdi, başa düşülən idi. Peyğəmbər dövründə yetişən bir gənc niyə qadınların əleyhində danışsın? (11:55-ci dəqiqədən…)

-Quranın endirildiyi dövrdə Hz.Ömər də, səhabələr də yaşasaydı, onların ətrafında müsəlman olmayan insanlar var idi, müsəlman olmayıb müşrik adətlərini davam etdirən adamlar var idi. Quran gələn kimi ərəblərin qadın anlayışı dərhal dəyişmədi! Davam edirdi, ətrafdakı insanlar həmin düşüncə tərzini davam etdirirdilər. Həmin səhabələr də nəyin baş verdiyini görürdü. Daha sonra qadınlarla əlaqədar vəyhdən kənar uydurulan bəzi rəvayətlər insanlara təqdim edilməyə başlandı. Ona görə də çaşqınlıq yarandığı zaman vacib olan Peyğəmbərin dediyini etmək idi.

İqtidar davaları zamanı “Xəlifələr Qureyşdədir” adlı bir rəvayət var. Amma Peyğəmbərimizin belə bir söz deməsi mümkün deyil. Çünki bu, Qurana ziddir. Allah-tala irqi ayrı-seçkiliyi şiddətlə rədd edir və irqlə fəxr etməyi iblislik deyə təqdim edir. Quran Hz. Adəm və iblisin mübarizəsində təyin edilmiş məqamın yaradılış növü ilə əlaqələndirildiyini söyləyir və bunu rədd edir. Bunu rədd edən bir kitabın Hz.Peyğəmbərin irqi ayrı-seçkilik yaradan İslam ümmətinin gələcəyini təqdim etməsi mümkün deyil. Amma fikir versək görərik ki, xəlifə davaları zamanı başlıca səbəb o oldu. İrqi-ayrıseçkilik olduğu zaman qarşı tərəfdəkilərin qəbilə yarışına girməsi qanlı səhifələrin tarixdə yer almasına səbəb oldu. O dövrün insanları da səhv edə bilirdilər və etdilər. Bu edilənlər də səhv idi. Heç kim qanların töküldüyü həmin hadisənin “nə etməliyik, hər iki tərəf düzgün edirdi” deyərək üstündən keçməməlidir. Orda qan axdı və ikisindən biri yanlış etdi.

Daha sonra yaşananlar arasında, “peyğəmbərimizlə görüşürük, yuxularımıza girir, kaza, zuhurat, kəşf aləmində gəlir” kimi fikirlər səsləndirildi. Bunların hamısı yalandır, heç biri doğru deyil. Əgər bu gün bunu deyənlər haqlıdırlarsa, o zaman niyə Peyğəmbərimizin yaxınlığında olan Hz. Əli onunla görüşə bilmədi? Və ya Hz. Aişə? Demək ki, insan bəzən hisslərinə məğlub ola bilir. Bəzi insanların fitnə-fəsadı müharibə yarada bilir. Ona görə də səhabələrin də içərisində olduğu həmin nəsil yanlışlar edə bilir. Quran israr və inadla ayrı-seçkilik etməyin və bölünməyin, iftiraya düşməməyi ayələrində yer verməsinə, hələ “Ənam” surəsində “Dinlərini parçalayıb firqə-firqə ayrılanlarla sənin heç bir əlaqən yoxdur” (Ənam surəsi, 6/159), “Hamılıqla Allahın ipinə (Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran surəsi, 3/103), “Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın!” (Ali-İmran surəsi, 3/105), “Allaha və Onun Elçisinə iaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz” (Ənfal surəsi, 8/46), “Müşkirlər kimi olmayın! O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir” (Rum surəsi, 30/31-32), “Onlar öz dinini aralarında parçalayıb qruplara bölündülər. Hər qrup öz malik olduğu ilə sevinir” (Muminun surəsi, 23/52) buyurmasına baxmayaraq, bu ayələr Quranda olduğu halda adi bir rəvayət hər şeyi təyin etmiş olur. “Ümmətimin ixtilafı rəhmətdir” rəvayətləri ilə hərəkət etmiş olurlar. Bu ayələrin qarşısında Peyğəmbərimiz belə bir rəvayət edərmi?! Bu rəvayət birbaşa Qurana ziddir, rədd etmək lazımdır. Bir müsəlman hələ də “bu rəvayət səhihdir” deyirsə, bu gün İslam dünyasının ən böyük problemi olan məzhəbçilik bu ümməti daha da betər vəziyyətə salacaq. Suriyada, İraqda, Myanmada, Misirdə, Qətərdə, Afrikada nələrin yaşandığını gördük. İranla Türkiyənin məzbəhdən dolayı bir-birinə niyə isti yanaşa bilmədiyinin nümunələrini gördük və görməkdəyik. Bu ümməti birləşdirəcək şey rəvayətlər deyil, Allahın kitabıdır. Allahın kitabı isə məzhəbçilik üzərindən təyin edilmiş olsa da, məzhəbçilik üzərində təyin edilə bilməz. İnsanlar bir yolu tutar, amma o yeganə həqiqət yoludur dedikləri müddətdə digər dini kənarlaşdırır və onu dinsiz olaraq görürlər.

Quran bir-birimizi tamamlamağızı bir cümlə ilə bildirir: Quran bizi müsəlman adlandırır! Bizi məzhəblərə ayırmaz. Məzhəbini din halına gətirənlər, digər məzhəbləri dinsizləşdirirlər! Bu ümmətin qanına girən məzhəbçilik xəstəliyidir! Əgər rəvayətlərlə hərəkət edəcəksinizsə, məzhəbçilikdən qurtula bilməyəcəksiniz. Məzhəbçilik xəstəliyindən qurtulmağın yolu Qurana sarılmaqdır.

-Allah niyə ad qoyur? Yəhya adı əvvəllər olmayıbmı? (18:51-ci dəqiqədən…)

–Ayənin vermək istədiyi mesaj əslində budur: Yəhya adının mənası “yaşayacaq” deməkdir. Peyğəmbərin adının Yəhya olması mənasına gəlmir, yəni onun adı yaşayacaq mənasını verir. Yəhya sözü feildir və mənası “yaşayacaq” deməkdir.

-Konfransda Zəkəriyya peyğəmbərin işarət diliylə danışdığını qeyd etdiniz. İşarət dilini bilməyənlərə işarət diliylə sözləri necə açıqlamaq olar?

-Düzdür, bu günləri işarət dili öyrədilir. Fikirləşin ki, Peyğəmbər davamlı olaraq danışır, millətinə, ümmətinə təbliğ edir. Daha sonra 3 gün, 3 gecə bir imtahan içərisində sınanılır. Həmin sınaq zamanı əvvəllər söylədiyi sözlərdə hansı mimikalardan, işarələrdən istifadə edibsə, onlarla fikirlərini çatdırmağa çalışıb. İnsanları da öyrətməyə ehtiyac qalmır. Siz ac olduğunuzu ifadə etmək üçün ya ağzınızı göstərəcəksiniz, ya da qarnınızı…

Amma ayələrdə bəhs edilən mövzu aclıqla deyil, səhər-axşam təsbihiylə əlaqədardır. Mütləqdir ki, Hz. Zəkəriyyanın istifadə etdiyi, dilə gətirdiyi ifadələri simvollarla da ifadə edib. Bəllidir ki, bunun arxa planında dayanan məqamlar vardır.

-Quranda Peyğəmbərin tənqid edilməsi kitabın Allahın olduğuna dəlildirmi? Peyğəmbər özü haqqında bəzi məqamları qeyd edərək, “bu kitabı mən deyil, Allah göndərdi”deyə bilməzmi?(21:34-cü dəqiqədən…)

–Deyə bilməz! Qurani-Kərimdə elə məlumatlar var ki, bu qədər kəşflərin, inkişafın yaşandığı bir dünyada belə hələ də yeni-yeni anlaşıla bilən əsaslar üzərindədir. Məsələn, Quran elmlə bağlı bir çox məlumatları bizə təqdim edir. Bunları Peyğəmbərimizin bilməsi mümkün deyil ki!

-Quran gəldiyi dövrün insanları tərəfindən anlaşılmadımı? (22:30-cu dəqiqədən…)

–Həmin ayələrin endirildiyi dövrdəki insanların anladığı mənaları da var. Dolayısı ilə bu ayələr standart məna daşıyan ayələr deyil. Yəni sözün həm doğru, həm məcazi mənası, həm də mühitə görə qazandığı hərəkətli məna dünyası var.

Məsələn, “göyü biz güclü şəkildə bina etdik, biz onların genişləndiriciləriyik” deyir. O dövrün insanları bunu bu gün bizim anladığımız kimi anlamayıblar. O dövrün insanlari dedilər ki, Allah-tala “bizim onu genişləndirməyə gücümüz çatar” mənasını nəzərdə tutur. Amma cümlədə sözün əsas mənası “genişləndirmək” deməkdir. Amma biz sözün bir mənasını deyil, o biri tərəfini də ortaya qoyaraq bu gün dünyanın genişlənməkdə olmasına dair Quranın bir işarə verdiyini əldə edə bilərik. Bu gün bizim bu ayəni belə anlamağımız bizim yanlış və ya əksik anlmağımızın mənasına gəlmir. Quranın o dövrdə yaşayanlara söylədikləri və o dövr insanların anladıqları mesajlar olduğu kimi, bu gün anlaşılan mesajları da var, sabah üçün də olacaq.

-O zaman niyə müsəlmanlar ayələrə elmi yanaşmırlar? (24:23-cü dəqiqədən…)

-İstəmirlər, çünki elə bir dərdləri yoxdur. İnsan Allah-talanın Kainat adında bir kitabı olduğunu, Kainatdakı ayələrin də eyniylə Qurandakı ayələr kimi araşdırılmasına ehtiyac olduğuna dair Quranın vəzifələndirildiyinə etibar etmir. İnsan deyir ki, Quranın endirildiyi dövrdə insanlar nəyi anladısa, Quranın verdiyi məna bundan ibarətdir və bundan başqa mənası yoxdur.

-Onda biz başqalarını gözləməliyik? Yəni müsəlman olmayanlar oxusunlar, tapsınlar, araşdırsınlar və “Quranda bunlar varmış” deyərək insanlara təqdim etsinlər?

-Təəssüf…Kaş ki elə olmasın. Bir məsələ də var. Qurani-Kərimin məna dünyasının tarixi mətn olmadığının, bu günə, sabaha dair mesajlarının olduğunu birdəfəlik, şüurlu olaraq qəbul etmək lazımdır.

Hər həs Yasin surəsini bilir, 36-cı ayəni oxuyun, “Hələ bilmədikləri şeylər var” cumləsi yazılıb. Orda “cütlüklər” sözü var. Bir qrup insan deyir ki, torpağın yetişdirdiyi bitkilərin cütləşməsidir, yəni torpaq, toxum, erkəkcik, dişicik deyərək torpaqla əlaqədar cütləşmədən bəhs edir. İnsanların cütləri isə kişi və qadındır. Amma “hələ bilmədikləri şeylər var” da deyir. O zaman deyir ki, biz bunları bilmirik, amma o gün bilinməyib, dünən üzə çıxan məqamlar var. Məsələn, bu günlər müsbət, mənfi, pozitiv, neqativ, proton, neytron ifadələrini işlədirik. Burda da cüt tərəflər var. Çünki biz başqa bir ayədən daha başqa şeylər aşkarlayırıq.

-Bugünkü elmin gəldiyi nəticələri Peyğəmbərin bilməsi mümkündürmü? (26:09-cu dəqiqədən…)

-Əlbəttə, həmin sualları ona vermək haqsızlıqdır. Suala da haqsızlıqdır, müsahibə də… Niyə bilməlidir ki? Həmin dövrdə onun bilməsinə ehtiyac duyulacaq səbəb yox idi. Onları bilməmək peyğəmbəri dəyərdən salmaz. Quran hər dövrə səslənən bir kitabdır.

-Quranın bütün ayələri günümüzə müraciət edir?

-Hamısı deyil…Hər birində bizə canlı-canlı məlumatlar verən mesajlar var, bir qismində isə çox özəl məlumatlar var. Nəhl surəsində Allah-tala “O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır” deyir (Nəhl surəsi, 16/8). Yaratma davam edirsə, yaradılan şeyləri gördüyümüz hər an o bizim mlumat bazamıza daxil olur deməkdir. Amma hamısı bundan ibarət deyil. Bizim indi bilmədiyimiz və yaradılması davam edən başqa şeylər də var. Onları da sabah digər insanlar biləcək. Beləliklə, sabah həmin insanlara ayələrin işarə etdiyi həqiqətlərdən öyrəndiyi yeni şeylərin olduğunu xəbər vermiş olacaq. Bu da vəhyin canlı mətn olduğunu, mənasının davamlı olaraq canlı tutulduğunu və insanların onunla əlaqələrini canlı tutmasını mətnin özü təkid edir. Mətn bunu məcbur etdiyi üçün Hz.Peyğəmbərin bu mətni özünün yazmış olması ehtimalı yoxdur. Bunları Hz.Peyğəmbərin bilməsi mümkün deyildi. Göy üzünün 7 təbəqədən ibarət olduğunu hardan biləcəkdi?

-Bizim bu gün bildiklərimizin gələcəkdə yanlış olduğu ortaya çıxarsa, nə baş verəcək?

-Elmdirsə, səhv çıxmaz, fərziyyədirsə, yanlış çıxar. Bir adamın bir şeyə elm deməsi onu elm etməz. Allahın Kainat dediyi kitabı Quran kitabı kimi həqiqətlərdən meydana gəlir. Orda hələ isbat edilməmiş şeyləri elm deyə meydana gətirib, fərziyyələri elm yerinə qoyub sabah yalan çıxa bilər ehtimalları irəli sürə bilmərik. Məsələn, Günəş işıq və istilik qaynağıdır. Bu elmdir. Bunun əksini isbat etmək kimi kimsənin əlində imkan yoxdur. Biz Günəşin işıq və istilik qaynağı olduğunu Allah-talanın Günəşə “ziya” sözünü işlətməklə anlamışıq.

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur (Yunus surəsi, 10/5).

Bəs başqa uduzlar, işıq qaynaqları vardırmı? Amma bu bir fərziyyədir. Çünki bu isbatlanmayıb. İsbat edilməyən bir şeyin üzərindən isbat edilmiş kimi bir qənaətə gəlinsə, sabah yalan çıxanda “sən demə, yalan demişik” kimi görülən işi peşmanlığa çevirməyin mənası yoxdur.

Və ya yerin cazibə qüvvəsi… Əgər biri qayıdıb desə ki, əslində yer cəzb etmir desə bu, elm olmaqdan çıxar. Amma bu, tərsinə isbata imkanı olmayan bir gerçəkdir. Ona görə biz buna elm deyirik.

Məsələn, biz deyirik ki, külək əsir. Küləyin əsməmək kimi bir təbiəti yoxdur. Və ya yağış yağır, onun da yağmamaq kimi bir təbiəti yoxdur. Bunun əksini elmi olaraq ortaya qoyduğamağa çalışdığınız zaman yanlış çıxma ehtimalı yoxdur.

Quran bizi bu kainata yönləndirir, deyir baxın bu kainatda da pozulmalar yoxdur. Mülk surəsində deyir, “Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir” (Mülk surəsi, 67/3-4). Biz bu ayələrə yaradılışa dair ayələr deyirik.

Məsələn, “Rəd” surəsi dağlar mənasını verir, amma çox məna vermir. Lakin əsil mənası ağırlıqdır. Yerin tərkibindəki ağırlıqlar insanların sarsılmasının qarşısını alır. Yerin sarsılmasının qarşısını alan şeylər nələrdir? Yerin mərkəzinə yerləşdirilən qüvvələrdir. Bu elmi həqiqətdir.

Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur (Ənam surəsi, 6/97).

Ulduzlarla yolu tapmaq. Nəticədə insanlar həmin planetlərə, ulduzlara baxaraq istiqamətlərini tapırlar. Bunların Quranın bizi kainatdan uzaq tutmayan, bu aləmin içərisində tək olmadığımızı bizə öyrədən, amma ordakı qanunlarla Allahın endirdiyi qanunların, insan fitrətinə yerləşdirilən qanunlarla bu kainat və insan kitabının irəli sürdüyü qanunların bir-birini yadırğamayacağını ortaya qoyan xüsusiyyətlərdir. Durub spekulyativ məsələn, bitkini yarıb da içində Allah yazıldığını deyən şeyləri elm kimi təqdim etmək və bunu Quranın təqdim etdiyi dəlil kimi yayımlamaq, yanlış çıxandan sonra da məğlub bir vəziyyətə çevirməyin mənası yoxdur. Amma bizim söylədiyimiz şeylər həqiqətən heç bir ağlın heç bir şəkildə inkar edə bilməyəcəyi elmi həqiqətlərdir.

Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir (Yasın surəsi, 36/40). Yəni burda sistemin bir hərəkətə indeksləşdiyini deyir.

-Ayələrin elmi izahlarını deməklə sanki müsəlmanlar əzikliklərini bu üsulla aradan qaldırmağa çalışırlar? (35:01-ci dəqiqədən…)

-Bizim dərdimiz bu ümmətin digər insanların lokomotivi olmasını təmin etməkdir. “Bizim kitabın belə bir dünyası yoxdur” deyə-deyə, bu mədəniyyət yarışında biz ən gerilərdə qaldıq. Elim adamları Kainat kitabını oxudu, araşdırmalarını etdi, bir həqiqətin izini araşdırdı və mədəniyyətini inkişaf etdirdi. Amma biz bunu anlayacaq, istifadə edəcək vəziyyətdə belə deyilik. Bu, bizim üçün əziklikdir. Amma kitabımızın ortaya qoyduğu vəziyyət belə deyil. Bunu belə edən bizik. Bu kitabın belə mesajları yoxdur deyən biz olduq, kitabın demədiyi halda… Riyaziyyat da, fikiza da, astronomiya da, geologiya da, biologiya da Quranın istədiyi elmdir. Bizim kitabın bu elmlərə dair müəyyən etdiyi məlumatlar var. Zologiya, botanika ilə bağlı Quranda mövzular var. Quranda bitkilərin yaranmasından danışır. Əgər biz bitkilərin yaranmasını biliriksə, Hz. Məryəmin Hz.İsaya necə hamilə qaldığını az-çox anlaya bilərik.

-O zaman Hz.Məryəmin hamilə olması möcuzə olmaqdan çıxmazmı?

-Xeyir, kainatda möcuzə olmayan heç bir şey yoxdur. Yeni bir möcüzə axtarmağa da ehtiyac yoxdur. İnsanların doğulması möcüzə deyilmi? Biz bilməliyik ki, kitabımız bizi kainatdakı o həqiqətlərə yönləndirən bir təbiəti var. Məsələn, Quranda buludların bir-birini aşılamasında meydana gələn yağmura, şimşəyə, ildırıma dair yönləndirmələr var. Nur surəsində bu mövzu ilə bağlı ayələr mövcuddur. İstərdik ki, buludlardakı pozitiv və neqativləri biz tapmış olaq. Kitabımız bunu deyirdi. Amma “bu kitabın belə bir dünyası yoxdur” deyib bu həqiqətlərin qarşısını bağladıq. İndi bunu başqaları tapdı.

-Başqalarını bunu Quransız tapır, elə deyilmi?

-Təssuflər olsun ki, bəli! Biz tapmalı idik, amma indi onlar tapırlar. Bəs niyə biz tapa bilmədik. Çünki biz dedik ki, kitabımızda belə şeylər olsa nə olacaq, olmasa nə olacaq? Bu kitab əxlaq kitabıdır. İnsanların bir qismi baxaraq, bir qismi isə baxmayaraq dedilər ki, kainatda bir nizam var, möhtəşəm bir layihə, möhtəşəm bir sənətkar var və bu sənətkarın dizaynına dair müəyyən etdiyi qanunları bilmək, tapmaq və daha müvəffəq aləmi dizayn etmək imkanımız var.

-Qurana baxmadan elmi həqiqətləri tapanlara bu Kitabın nə faydası var? (38:28-ci dəqiqədən…)

-Bu kitabı onlara təqdim etmədiyimiz üçün, bu kimi tərəfləri olduğunu onlara öyrətmədiyimiz üçün bu məsuliyyət daşıyırıq. Biz onlara deyə bilərik ki, gördüyünüz iş yanlış deyil, doğrudur. Sizin gördüyünüz işin görülməsini müəyyən edən bu kimi prinsiplərimiz var. Amma məsələ bundan ibarət deyil, görüləcək daha başqa işlər var. Bundan sonra müsəlmanların laboratoriyaları olacaq. Müsəlmanlar dini ibadətlərini namaz qılmaq və oruc tutmaqdan ibarət saymayacaqlar. Araşdırma mərkəzləri qurmaq, laboratoriyalarda işləmək də ibadətdir.

Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə diqqət yetirmirlərmi? (Əraf surəsi, 7/185)

Yəni Allahın yaratdığı hər bir şeyə niyə bu insanlar başlarını işlətmir?

Qoy insan nədən yaradıldığına bir baxsın! (Tariq surəsi, 86/5).

Qoy insan yediyinə diqqət yetirsin! (Abəsə surəsi, 80/24).

Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik (Qaf surəsi, 50/8).

Yəni insan nədən yaradıldığına, nə yediyinə baxsın, araşdırsın. Əgər araşdırsa, sənəti görəcək, sənəti gördüyü zaman sənətkarı da görməyə başlayacaq. Bəs sonra bu, nəyə yarayacaq? Bunun iki cavabı var: Fussilət surəsində deyir ki, “Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik” (Fusillət surəsi, 41/53).

Zariyat sursində isə deyilir ki, “Göyün və yerin Rəbbinə and olsun ki, bu Quran sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir” (Zariyat surəsi, 51/23).

Yəni biz necə danışırıqsa və bizim danışdıqlarımız necə həqiqətdirsə, Allahın kitabının söylədikləri də o qədər gerçəkdir. Həmin həqiqətlər isə bizi Kainatın kitabının sahibi bu kainatın sahibi olduğuna, bu məlumatları Quranda O verdiyinə və bu məlumatlar ağıl sahibi olan hər kəs üçün doğru olduğuna görə, o zaman namaz qılın əmri də, zəkat verin əmri də, infaq edin əmri də, bu əxlaqsızlığı etməyin kimi qadağa da doğrudur. Digər xüsusiyyətlər də bu şəkildə dəstəklənmiş olacaq. Allah-tala kitabını belə dizayn edib.

-Biz Quranı, Quranı göndərən Allahı sorğulaya bilərikmi? (42:18-ci dəqiqədən…)

– “Sorğulamaq” sözü sizin dildə hansı sözlə əvəz edilir bilmirəm, amma Türkiyədə istifadə edilən bu söz sirli olan nəyisə aşkar etməklə yanaşı, günahkar olan bir şəxsin günahını etiraf etdirmək üçü həyata keçirilən işə deyilir. Bu, müsəlmanın görə biləcəyi bir şey deyil. Ancaq Hz.İbrahimin etdiyi kimi hər hansı həqiqətən öyrənilməsi üçün göstərilən mübarizənin qarşsında əngəl yoxdur. Hz.Zəkəriyyanın etdiyi kimi dəlil istəməyin qarşısında heç bir maneə yoxdur. Insanlar həqiqətin izinə düşərkən əlbəttə ki, sual verəcəklər, maraqlanacaqlar. Və bu kimi sual verənləri heç kim rədd etməyəcək, kimsə acılamayacaq.

Səndən sual qoruşanı qovma! (Duha surəsi, 93/10)

Sual vermək, həqiqəti əldə etməyin 51 faizidir. Bunun qarşısında heç bir maneə yoxdur. Lakin Maid surəsində deyildiyi kimi “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın” (Maidə surəsi, 5/101).

Yəni sizi üzəcək şeyləri öyrənmək üçün sual verməyin. Çünki o verilən sualın məqsədi həqiqəti öyrənmək deyil, bir həqiqəti bulandırmağa çalışmaqdır. Əslində nə olduğu məlum olan bir şeyin daha bulanıq hala gətirilməsini etməkdir.

“Burda Allah-tala nə demək istəyib?” sualının qarşısında da maneə yoxdur. Quran ayələrinin hər hansı məsələni ortaya qoymada izlədiyi metod nədir, o metodun dünənə aid nəticələri nə idi, bu günə dair nəticələri nədir, sabahla bağlı necə metod izlənməlidir kimi həqiqətin izini tapmaq mənasında əngəl yoxdur.

Quran takliti tahkikə çevirməyi, ataların izi ilə gedərək həqiqətin izinə dönüşdürməməyə səy göstərən bir kitabdır. Quran dönüşdürücü bir kitabdır. Quranla dəyişmək əvəzinə, müsəlmanlar Quranı dəyişdirməyə səy göstərirlər. Ataların dinini, keçmişdə deyilənləri həqiqət kimi təqdim etməyə çalışırlar. Bu isə Quranın istəmədiyi bir şeydir. Quranın istədiyi, həqiqətin izini sürmək və ilahi mesajların anlaşıla bilən dünyasını, hikmətini qavramağa səy göstərməkdir. Bu yerdə hər hansı sual və ya qadağadan söz gedə bilməz.

-Quranda bəhs edilən günahsız uşağın öldürülməsinin səbəbləri nələrdir? (46:21-ci dəqiqədən…)

-Burda verilməkdə olan mesaj açıq-aşkardır: Peyğəmbər də, mələk də qeybi bilməz!

Əslində belədir: Bir insan uşaq olduğu zaman ölə bilər. Heç bir günahı yoxdursa, heç bir hadisədə təşəbbüsü yoxdursa, kimsə onu öldürdüyü zaman səy göstərmirsə, bir planı yoxdursa,

Əgər bir uşaq ana bətnində və ya dünyaya gəldikdən sonra, və yaxud müxmtəlif səbəblərdən ölə bilərsə, Allah-tala demək istəyir “Bilin ki, bununla bağlı mənim bildiklərim vardır. Siz bunları bilmirsiniz. Siz bu ölümlə bağlı sorğu-sual etməyin!” Siz bu ölümü sorğu-sual edərək, Allahın səbəbsiz yerə hər hansı bir şeyi yarada biləcəyi şeyə özünüzü alçaltmayın. Allah bir şeyi edirsə, onun bir bildiyi vardır.

Biz bir hissəsini bilirik. Kiçik bir hissəni bilənlər hər şeyi bilənin bildiyini əhatələndirə bilmədiyi üçün mühakimə edərkən səhv edir. Allah-tala deyir ki, “mənim dizaynımda başqalarının müdaxiləsi yoxdursa, hər etdiyim bir işdə mənim hikmətim vardır”. Uşağın uşaq vaxtı ölməsində xeyir vardır ki, ölür.

-O zaman uşaq vaxtında ölənlərdə xeyir var?

-Başqa birisinin müdaxiləsi yoxdursa, araya girib də bir uşağın uşaq ikən ölməsinə səbəb olmursa, onda bir xeyir vardır deyib, Allahın bilgisinə sığınmaq lazımdır. “Ey Peyğəmbər Musa və ey ona göndərilmiş mələk! Allah istəmədiyi müddətdə siz də qeybi bilmərsiniz. Sorğu-sual edib durmayın”. İnsanın bildiklərini əhatələndirmədiyi məqamları Allahdan başqa kimsə sorğulaya bilməz. Sorğulasa da bir şey əldə edə bilməz.

Sizin həyatı sorğu-sual etmək nöqtəsində ibadətlərlə bağlı sizə verilən bəzi məsuliyyətlər var. Siz bu məsuliyyətləri bilin, bunları sizə əmr edən ilahi qüdrətin digər sahələrdə verdiyi məlumatlarla, prinsiplərlə həyatı davam etdirməyə səy göstərin. Amma gördüyünüz aləm görünə biləndən ibarət deyil. Bunun görünməyən tərəfləri də vardır. Görünməyən tərəflərini isə Allahın nəzarətindədir və Allah-tala da hikmətsiz bir iş görməyəcəyi üçün azyaşlı bir uşağın ölümündə də Allahı sorğu-sual etmək, Allahın ədalətsizlik etdiyi kimi düşünmək düzgün baxış deyil.

-Allah razı olsun, təşəkkür edirik!

“Din.az” sözügedən videomüsahibəni təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az