Qurana dəstəmazsız toxunmaq olar? – İlahiyyatçılar açıqladı

“Lə yəməssuhu illəl-mutahharun” – Yəni ona ancaq təmiz adamlar toxuna bilər”.
İslam aləmində əsrlərdən bəri gələn Qurana dəstəmazsız toxunub-toxunmamaq mövzusu daima alimlər arasında ixtilaf məsələsinə çevrilib. Əsasən “Vaqiə” surəsinin 79-cu ayəsi “Ona yalnız təmiz olanlar toxuna bilər” (“Lə yəməssuhu illəl-mutahharun”) ətrafında aparılan müzakirələr nəticəsində alimlər iki qrupa bölünüblər.
Alimlərin bəziləri bu mənanı mənəvi təmizlik, bəziləri isə fiziki təmizlik olaraq başa düşüb bu cür qəbul ediblər. Mənəvi təmizlik dedikdə, insanın günahlardan arınmış olması, içində Allahın varlığına şübhə, şirk inancı olmaması vəziyyətidir.
Din.az bildirir ki, “A24.az” saytı cəmiyyətdə və bir sıra dindarlar arasında yayılan fikirlərin nə dərəcədə düzgün olub-olmadığını araşdırdı. BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi Qoşqar Səlimli məsələyə yuxarıda qeyd etdiyimiz kimi yanaşmaqla yanaşı, zərurətin tələb edildiyi halları da açıqladı:
“Quran müshəfinə dəstəmazsız və qüsulsuz toxunmaq İslam aləmində məkruh sayılmaqdadır. Quran Allah kəlamı olduğundan dolayı, bacarıldığı qədər bu təmizlik şərtlərinə riayət etmək lazımdır. Lakin zəruri hallarda toxunmaq mümkündür. Məsələn, bir yerdən götürüb başqa yerə qoyarkən, qəbr üstündə ikən və s. Qəbristanlıqda əlinə Quran verilib oxumağını istədikləri zaman dəstəmazının olmadığını deyə bilməzsən. Bu zaman dəstəmazsız olaraq toxunmaq mümkündür. Amma bütün bu istisnalar xaricində Qurana dəstəmazla toxunmağa üstünlük verilir”.
“Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanov isə Allahın kəlamlarının toplumu olan Qurana hörməti belə əlaqələndirdi:
“Quran Allahın kəlamıdır. Allah Quranda buyurur ki, “Lə yəməssuhu illəl-mutahharun”. Yəni ona ancaq təmiz adamlar toxuna bilər. Sadəcə, bəzi alimlər ayədə keçən təmizlikdən götürüblər ki, hətta dəstəmaz olmalıdır. Bəzi alimlərsə deyir ki, dəstəmazsız da Qurana toxunmaq olar, o şərtlə ki, boynunda qüsul olmasın. Bu insana məhrumiyyət deyil, sadəcə, Allahın kəlamı olduğu üçün Qurana hörmətdir. Kimlərsə bunu məhrumiyyət kimi, uzaqlaşdırmaq kimi başa düşür.
Qadınların müəyyən hallarında (heyz və nifas halı)Qurana, məhdud şəkildə olsa da, toxunmağa icazə verilir. Lakin, əlbəttə, təmiz olmaq daha məqbuldur. Kafirlərin Qurana toxunmasına da mümkündür. Sadəcə, alimlər bu haqda qeyd ediblər ki, düşmən bir ölkəyə getdiyi zaman, səni tutsalar, yanında Quran olarsa, əlindən alıb təhqir edərlər, cırarlar – bu baxımdan bir az həssaslıqla yanaşıblar. Bütün bu hallarda hər şey nəzərə alınıb”.
“Quranın müqəddəsliyi nədədir? Bəlkə o dövrdə kağızı əldə etmək çətin olduğu üçün bu fikirlər səsləndirilib, Qurana əlləri yumadan toxunmamaq bildirilib?” sualını Qamət Süleymanov “Qurana təmiz olmadan toxunmamaq məsələsi bu nüansla əlaqədar deyil. Çünki, Quran o dövrdə, birinci mərhələdə əzbərlənirdi. Qurana təmiz toxunmaq sadəcə Allahın kəlamına hörmət mahiyyəti daşıyır”.