Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Quran Allahın sözüdür?

Nəbinin güvənilən olmasının Qurandakı dəlili şəxsən onun səhvini qeyd edən və onu tənbeh edən ayələrin Qurandakı mövcudluğudur.

Müsəlmanlar Quranın Allahın sözü olduğuna iman gətirirlər. Bu imanın əsaslarındandır. Bu imanın əsasında «iman» sözünün əxlaqi əvəzi olan «güvən» dayanır. Çünki müsəlmanlar Muhəmmədin Allahın adından yalan danışmayacağına iman gətirirlər. Buna dəlil olaraq da onun səmimi və təfərrüatlarını hamının bildiyi yaşayışını göstərirlər. Muhəmməd peyğəmbərin vəhy gələndən sonrakı həyatının heyranedici yaşayışının mənbəyi Qurandır. Onun həyatında ikiüzlülüyün və yalanın zərrəsinə yer yoxdur. Onun adı düşmənlərinin dilində də «əl-Əmin»dir (güvənilən, etibar edilən şəxsdir). Bir insanın dürüstlüyü haqqındakı ən etibarlı şahidlik düşmənlərinin şahidliyidir.

Digər tərəfdən, Nəbinin güvənilən olmasının Qurandakı dəlili şəxsən onun səhvini qeyd edən və onu tənbeh edən ayələrin Qurandakı mövcudluğudur.

Peyğəmbər ondan sual soruşan kor bir müsəlmana cavab verməkdənsə, Məkkənin nüfuzlu şəxslərinə dini təbliğ etməyə davam etdiyi üçün kəskin tənbeh edilir («Abəsə» surəsi, 80/3-4). Döyüşə getməmək üçün icazə istəyənlərə icazə verdiyi üçün «Allah səni bağışlasın, niyə onlara icazə verdin?» deyərək məzəmmət edilir («Tövbə» surəsi, 9/43). İddiasında haqlı olan bir nəfər yəhudini iddiasında haqsız olan bir müsəlmana qarşı dəstələməkdə tərəddüd etdiyi üçün danlanır («Nisa» surəsi, 4/105-107). İkiüzlülərin cənazə namazını qıldığı üçün xəbərdarlıq edilir («Tövbə» surəsi, 9/84). Yayılmasını istəmədiyi iki hadisə onun arzusuna zidd olaraq vəhy tərəfindən hər kəsə yayılır («Əhzab» surəsi, 33/37; «Təhrim» surəsi, 66/1).

Quranın mənbəyinin ilahi olduğunun başqa bir dəlili də, Quranda Muhəmməd peyğəmbərin şəxsi həyatındakı çox mühüm şəxslərə, hadisələrə və ağrılı-acılı anlara yer verilməməsidir. Quranda İsa peyğəmbərin anası ilə əlaqəli surə olduğu halda, Muhəmməd peyğəmbərin anası haqqında bircə ayə, cümlə də mövcud deyil. Onun şəxsi həyatında çox ciddi iz buraxmasına baxmayaraq, həyat yoldaşı Xədicə, əmisi və himayədarı Əbu Talib və itirdiyində göz yaşlarını saxlaya bilmədiyi oğlu İbrahimin və digər övladlarının ölümlərinə Quranda bircə yerdə də toxunulmur. Bu misalları çoxaltmaq da mümkündür.

Quranın mənbəyinin ilahi olmasının başqa bir sübutu da Peyğəmbərin bilməsi mümkün olmayan kosmik təfərrüatların Quranda mövcud olmasıdır. Məsələn, kosmosun (əs-səma) davamlı olaraq genişləndiyini ifadə edən «Zariyat» surəsi, 51/47, göylərin və yerin başlanğıcda bitişik olduğu halda sonradan ayrıldığını və hər şeyin sudan yaradıldığını ifadə edən «Ənbiya» surəsi 21/30; yer üzünü yumurtaya oxşadan «Şəms» surəsi, 91/6; küləyin bitkiləri aşıladığını deyən «Hicr» surəsi, 15/22; bulud sistemlərinin necə yağış formalaşdırdığını açıqlayan «İbrahim» surəsi 14/20-ci ayələri bunlara misaldır. Bundan başqa, keçmişdəki peyğəmbərlərin həyatları haqqındakı təfsilatlar və «Rum» surəsinin başlanğıcında Bizansın yaxın gələcəkdə Sasanilərə qalib gələcəyini xəbər verən ayələr də («Rum» surəsi, 30/2-5) buna misaldır.

Quranın mənbəyinin ilahi olmasının başqa dəlili də, bəşər tarixində görülən ən böyük iman həmlələrindən birinin Quranın yetişdirdiyi bir ovuc insanın əli ilə həyata keçirdiyinə tarixin etdiyi şahidlikdir. Muhəmməd peyğəmbərin dəvətinin üstündən bir neçə əsr keçməmiş bu dəvəti qəbul edənlərin yaşadığı coğrafiyanın sərhədləri qərbdə Pireney yarımadasına, şərqdə İndoneziya, cənubda Seylan və Somalidən şimaldakı Qafqaza və Sibirə qədər gedib çıxdı. İslamın tarixi mövcudluğunun və insan qazanmasının bir nömrəli səbəbi Quran vəhyidir. Bu baxımdan Quranın vəhy olmasının qiyamətə qədər hamıya aydın olan bir nömrəli isbatı onun insan üzərindəki dəyişdirici təsiridir. Quranın həmsöhbəti üzərindəki təsiriylə ona iman düz mütənasibdir. İnsanın Qurana imanı artdıqca, Quranın həmin insan üzərindəki dəyişdirici təsiri də artır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az