QMİ və Dövlət Komitəsi arasında bitməyən “savaş”…

Dini Qurumlar üzrə Dövlət Komitəsi sırf dövlət qurumudur və dini qurumların fəaliyyətinə birbaşa nəzarət edir
Deputat: “Bu zəmində mübahisələrin olması, cəmiyyətin alt qatlarında xeyli çaşqınlıq yaradır”.
“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya geniş müsahibəsində Dini Komitəyə də sətiraltı “səlahiyyətli mənəm” mesajını verib. Belə ki, Şeyx bildirib ki, islami dini icmaların tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi var: “Bu sahədə bütün məsələlər bunlarla tənzimlənir. İcmaların yaradılması, onların qeydiyyatdan keçməsi üçün mövcud tələblərə riayət olunmalıdır. Hər il bizim təqdimatla Dövlət Komitəsində onlarla icma ilkin və ya təkrar dövlət qeydiyyatından keçir. Bu sahədə heç bir problem yoxdur”, – deyə Şeyx bildirib.
Yaxın keçmişə nəzər salsaq görərik ki, Dini Komitə ilə QMİ arasında müxtəlif zamanlarda hansısa formada söz savaşları və məhz “səlahiyyət mesajları” səsləndirilib. Misal üçün 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirmişdi:
“Hazırda ziyarətgahlarda nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindədir: “Ancaq Qafqaz Müsəlmanları İdarəsi ziyarətgahların hamısına yox, bir qisminə, əsasən də böyük ziyarətgahlara nəzarət edə bilir”.
Bu kimi bir neçə nümunə göstərmək olar. Görünən odur ki, rəhbər dəyişsə də, DQDK ilə QMİ arasında çəkişmə dayanmır…
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, iki qurumun səlahiyyət bölgüsü əslində bir-birinə zidd olmayan fəaliyyətdir:
“Çünki biri dövlət qurumudur, digəri isə QHT-dir. Azərbaycanda QMİ spesifik QHT-lərdən sayılır. Yəni orada hər hansı bir şəkildə qəbul olunan müəyyən qərarlar qanunvericilik səviyyəsində tanınır. Eyni zamanda müəyyən qanunlarda bu idarəyə ayrıca səlahiyyət də verilir. Yəni ona görə də bu, bir qədər əlahiddə qurum kimi qiymətləndirilir. Çünki hətta müəyyən QHT-lərin qeydiyyatdan keçməsi üçün QMİ-nin rəyi də lazımdır. Bunlar hamısı reallıqdır. Ona görə də ora, bir sözlə faktiki olaraq dövlət orqanı kimi fəaliyyət göstərir. Ancaq Dini Qurumlar üzrə Dövlət Komitəsi sırf dövlət qurumudur və prezidentin din siyasətinə, dini qurumların fəaliyyətinə birbaşa nəzarət edir. Hesab edirəm ki, son günlər bu qurumun fəaliyyəti xeyli müsbət istiqamətdə dəyişib. Orada kifayət qədər hazırlıqlı kadrlar var ki, müəyyən proseslərin ən azı nəzarətdə saxlanması, təbliğat və ya təhlükə ola biləcək məsələlərə münasibəti baxımdan işləri gözə çarpacaq dərəcədə artıb. Bütün hallarda bu iki qurum arasında ziddiyyət olmamalıdır. Çünki dövlət qurumu daha üstün vəziyyətdədir. Bu, müəyyən proseslərə ən azı normativ aktların qəbul olunması səlahiyyətinə sahibdir. Ziddiyyətlər ondan irəli gəlir ki, yuxarıda da qeyd etdiyim kimi QMİ bəzən dövlət orqanı funksiyasını yerinə yetirir. Son zamanlar isə bu iki qurumun rəhbərliyi arasında normal münasibət mövcuddur”.
Mustafa bildirib ki, bu zəmində mübahisələrin olması, cəmiyyətin alt qatlarında xeyli çaşqınlıq yaradır:
“Hər kəs öz funksiyasını yerinə yetirsə, Azərbaycanda istər cəhalət, istər xurafat, radikalizm və digər terrorçuluq fəaliyyətinin din adı ilə həyata keçirilməsi demək olar ki, mümkün olmayıb. Hesab edirəm ki, dini müstəviyə nəyinki, 2 heç 10 qurum da nəzarət edə bilməz. Çünki din vicdan məsələsidir. Azərbaycanda ümumiyyətlə, din siyasəti yetkin səviyyədə deyil. Qurumlardan asılı olmayan məsələ də var. Bu da ondan ibarətdir ki, pluralist bir yanaşma olmadığı üçün insanlar dini görüşləri bir mənbədən alırlar. Kimi öz şeyxindən, kimisi hansısa axunddan, kimisi də özünü molla elan edən şəxsdən alır. Bunun cəmiyyət içərisində bir müzakirəsi olmadığı üçün dini cəhalətin inkişafının daha çox şahidi oluruq. Hər halda Dövlət Komitəsi və QMİ gücü yetəcək qədər dini problemlərin həllinə çalışırlar. Ancaq bu, mənim üçün qaneedici deyil. Çünki daha geniş və məqsədyönlü fəaliyyət imkanları bizdə arxa planda qalır. Misal üçün Ramazan ayında bir dənə belə televiziya verilişinin olmaması çox ciddi bir problemdir. Eyni zamanda insanların maarifçilik baxımdan xeyli şey itirdiyini müşahidə edə bilərik. Həmin qurumlardan da müəyyən tələblər ortaya qoyulmalı idi. Bu tələblər olsaydı, bunu gerçəkləşdirmək olardı və daha çox insanlar bilgilənə bilərdi”.