Qəzaya uğrayan təyyarədə ateist ola bilər, yoxsa yox?

İnsanlar yalnız “Allah” deməklə iman gətirmiş sayılmırlar.
“Qəzaya uğrayan təyyarədə ateist ola bilməz”. Bu məhşur fikir ölüm qorxusu gəldikdə insanların iman gətirməsi, Allahı tapması ilə bağlı inanclı insanlar tərəfindən tez-tez işlədilir. Mən bu sözlə razı deyiləm. Qəzaya uğrayan təyyarədə, sel fəlakəti zamanı, zəlzələ baş verdikdə, ölüm anında ateist yenə də ateist olaraq qalacaqdır. Əsasən ateistlər bu fikrə qarşı “Mən qəzaya uğrayan təyyarədə də ateistəm, cəsuram, heç kimə yalvarmıram” deyərək bu sualı verənləri susdurduqlarını zənn edirlər.
Məsələnin əsası belədir: İnsan həyatının hər anını Allahsız yaşasa da, Allahsız ölsə də sonda yox olub hamı kimi yoxluğa gedəcəkdir. Hələlik…
Onsuz da qəzaya uğrayan təyyarədə iman gətirən insanın imanı ona heç bir fayda verməyəcəkdir. Yəni əslində o, “Ey Allahım! Kömək et, bizi bu təyyarədən xilas et!” desə də ateist kimi qalacaq. Çünki həmin anda canını düşünüb belə deməsinin Allah üçün heç bir dəyəri yoxdur. Bu yalnız canı özü üçün dəyərli olduğuna görə mövcud olmadığını düşündüyü Allaha qarşı müəyyən ikiüzlülükdür.
Mövzu ilə bağlı bir neçə ayəni qeyd edək:
“İsrail oğullarını dənizdən keçirtdik. Firon və ordusu azğınlıq və düşmənçiliklə onları izləyirdi. Nəhayət, boğulma anı gəldikdə belə dedi: “İman gətirdim. İsrail oğullarının inandıqları xaricində haqq məbud yoxdur. Mən də Ona iman gətirənlərdənəm”. “İndi? Bundan əvvəl üsyan etmiş, fitnəkarlardan olmuşdun” (“Yunus” surəsi, 91-92).
Firon da ən böyük müşrik olaraq boğulma anında Allaha iman gətirdiyini bildirib. Lakin bu Allah üçün heç bir şey ifadə etmir. İş işdən keçdikdən sonra yalvarışlar Allah üçün maraqlı deyil.
“Dənizdə sizə hər hansı çətinlik gəldikdə, Ondan başqa bütün yalvardıqlarınız aradan yox olur. Lakin O, sizi xilas edib quruya çıxartdıqda, üz döndərirsiniz. İnsan çox nankordur” (“İsra” surəsi, 67).
İnanıb-inanmamalarından asılı olmayaraq, hər hansı insanın çətin anında istər-istəməz Allahı xatırlaması, Ondan kömək istəməsi də məncə Allahın başqa varlıq dəlili, eyni zamanda Allah tərəfindən əbədi olaraq Ona möhtac halda yaradılmağımızın digər göstəricisidir. Bu dünyada bunu görmək istəməyənlər olsa da bu həqiqətlə axirətdə qarşılaşacaqlar.
“Sizi quruda və dənizdə yeridən Allahdır. Siz gəmidəkiləri xoş küləklə apararkən bu sərnişinlərə gözəl təsir edir. Bir qasırğa yaranıb onları hər tərəfdən dalğaların əhatə etdiyini başa düşdükdə isə dini sırf Allaha aid edərək “Bizi bu təhlükədən xilas etsən, and içirik ki, şükür edənlərdən olacağıq” deyib Allaha yalvarırlar. Lakin Allah onları xilas edib vaxt itirmədən yer üzündə haqsızlıq edib azğın olurlar. Ey insanlar! Bu həyatın mənfəəti üçün etdiyiniz azğınlıq və fəsad yalnız sizin əleyhinizədir. Bir müddət sonra bizə döndəriləcəksiniz. Bütün etdiklərinizi sizə xəbər verəcəyik” (“Yunus” surəsi, 22-23).
İnsanların ikiüzlülüklərindən bəhs edən bu ayələrdən sonra bir də son anda edilən tövbənin qəbul edilib edilmədiyinə nəzər yetirək:
“Allahın qəbul edəcəyini öz üzərinə götürdüyü tövbə, biliksizcəsinə pislik edib çox keçmədən tövbə edənlər üçündür. Allah belə insanların tövbəsini qəbul edir. Allah biləndir, müdrikdir” Pislikləri edib hər birinə ölüm gəldiyi zaman “bax indi tövbə etdim” deyənlərin tövbəsi qəbul edilmir. Küfrün içinə bataraq ölənlərin də tövbəsi qəbul edilmir. Belə insanlar üçün biz qorxlu əzab hazırladıq…” (“Nisa” surəsi, 17-18).
Allah bizdən, ağıl və vicdanla səmimi iman gətirməyi istəyir. “Heç Yaradan da bilməz?” sualı verən Allah, şübhəsiz ki, kimin nə olduğunu ən yaxşı biləndir. Ona görə də həm inananların inanmayanlara “Qəzaya uğrayan təyyarədə ateist olmaz” deməsi, həm də inkarçıların bu sözə cavab verməsi lazımsızdır. Şübhəsiz ki, qəzaya uğrayan təyyarədə, batan gəmidə və aşan avtomobildə ateist ola bilər. İnsanlar yalnız “Allah” deməklə iman gətirmiş sayılmırlar. Mühüm olan, həm çətin anlarda, həm də işlər yolunda gedərkən lazımi səviyyədə inanmaq və bunu həyata əks etdirə bilməkdir. Yoxsa çətin anda Allahı xatırlayıb, çətinlik keçdikdən sonra əvvəlki nankorluğa qayıtmaqla Allaha inanmış olmuruq.
“Əlimizdə olan hər nemət Allaha aiddir. Hər hansı çətin vəziyyətə düşdüyünüz zaman yalnız Ona yalvarırsınız. Çətinliyi üzərinizdən götürdükdən sonra isə aranızdan bir zümrə dərhal öz rəblərinə şərik qoşurlar. Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə (belə edirlər). Hələlik bundan istifadə edin. Tezliklə biləcəksiniz” (“Nəhl” surəsi, 53-55).