Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PREZİDENT İLHAM ƏLİYEV QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

“Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır”.

Din.az APA-ya istinadən bildirir ki, məlumatda deyilir: “Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az