Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PREZİDENT İLHAM ƏLİYEV: “AZƏRBAYCANDA MİLLİ VƏ DİNİ ZƏMİNDƏ MÖVCUD OLAN ÇOX GÖZƏL VƏZİYYƏT BİR ÇOX ÖLKƏLƏR ÜÇÜN DƏ MARAQ DOĞURUR VƏ İNDİ BİZİM TƏCRÜBƏMİZ ÖYRƏNİLİR”

“Azərbaycanda əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri dostluq, qardaşlıq və mehribanlıq şəraitində yaşayıblar”.

Din.az Milli.Az-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz” ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Ölkə başçısı bildirib: “Məni daha çox sevindirən odur ki, Balakən rayonunda yaşayan insanlar Vətənə bağlı insanlardır, vətənpərvər insanlardır. Azərbaycanda əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri Balakən rayonunda bir ailə kimi, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur və indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz isə çox aydındır, açıqdır, Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdir. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü. Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur. Biz sadəcə olaraq bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin, onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilibdir. Ona görə Balakəndə həm bu sahədə, həm də iqtisadi, sosial, kənd təsərrüfatı, emal sənayesi sahələrində çox gözəl nəticələr var. Rayon gündən-günə gözəlləşir, abadlaşır, turistlərin sayı artır. Mən Bakıya qayıdan kimi rayonun inkişafı ilə bağlı əlavə tapşırıqlar verəcəyəm ki, hələ icra olunmayan layihələr də tezliklə icra olunsun və növbəti açılışlarda biz bir daha görüşək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az