Papa dünyaya çağırış etdi: Bunu ləğv edin…

“Dünya liderləri həmin silahın hazırda mövcud olan milli və beynəlxalq təhdidlərdən qorumadığını unutmamalıdırlar.”
1945-ci il avqustun 9-da atom hücumuna məruz qalmış Yaponiyanın Naqasaki şəhərində çıxış edən Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti nüvə silahının ləğvinə çağırıb.
Din.az xəbər verir ki, noyabrın 23-də axşama saatlarında Tokionun “Haneda” aeroportuna çatan Roma papasını Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso və digər rəsmi şəxslər qarşılayıblar.
Noyabrın 24-də səhər saatlarında Naqasakiyə gələn Roma Papasını yağışlı havaya baxmayaraq, yüzlərlə Naqasaki sakini qarşılayıb. Onun hərəkət etdiyi yol boyunca düzülmüş insanlar Roma Papasına ehtiramlarını ifadə ediblər. Atom bombasının episentrinin yerləşdiyi parka gələn pontifik burada 1945-ci il avqustun 9-da şəhərin atom bombardmanı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıb. Həmin faciə zamanı 80 mindən çox insan həlak olub.
Sonra parka toplaşanlar qarşısında çıxışı edən Roma Papası bütün dünyanı sülhə və nüvə silahının ləğvinə çağırıb. Onun çıxışı bir sıra yerli telekanalarla canlı yayımlanıb. Pontifik qeyd edib ki, dünya liderləri həmin silahın hazırda mövcud olan milli və beynəlxalq təhdidlərdən qorumadığını unutmamalıdırlar.
Çıxışını bitirdikdən sonra Roma papası parkın yaxınlığında yerləşən Xatirə muzeyini və 1597-ci ildə edam edilmiş 26 müqəddəsin muzeyini ziyarət edib.
Xatırladaq ki, bu, Roma Papasının 38 ildən sonra Gündoğar ölkəyə ilk səfəridir. / Axar.az