Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Nyutonun və Kantın Yaradan haqqında görüşləri

“İlk başda hər şeyi Təbiətə aid etməliyik və ardından Təbiətin özünü Allaha bağlamalıyıq…” İmmanuel Kant

“Ənənəvi dinin təməlində əxlaq yoxdur…”

Fazil MUSTAFA

Bəzən yetərincə bilgi sahibi olmayan bəzi şəxslər dinə qarşı öz anti-tezislərini ortaya qoyarkən bir az geriyə dönüb bəşəriyyətin gəlmiş-keçmiş ən böyük dühaları olan Nyutonun və Kantın Yaradan haqqında görüşlərinə baş vursunlar. Xüsusilə də Kantın dinə baxışından anlaşılır ki, o da təməlində əxlaqın olmadığı dinin xurafata çevrildiyini (biz azərbaycanlıların ənənəvi dini kimi); hər şeyin Təbiətə aid olması ilə yanaşı Təbiətin özünün Allaha bağlanmasını, dinin içimizdəki qanun olduğunu, Allahın adından sui-istifadənin nə qədər böyük məsuliyyət yaratdığını, uşaqlara sağlam din anlayışının təlqin edilməsinin metodlarının tapılmasını ən zəruri addımlardan sayır. Sırf teoloji mətnlərdən din fenomenini öyrənənlər qısa bir zamanda yobazlaşmaya məhkum olurlar. Fəlsəfi mətnlər üzərindən dini öyrənənlər onun mahiyyətini də doğru düşüncə ilə çözə bilirlər. Allahın üstün varlığını inkar edərək öz mövcudluğunu Allaha qarşı qoyanlar isə nəinki Allahın, elə Kantın və ya Nyutonun qarşısında da ciddi görünmürlər…

İmmanuel Kantın “Təhsil üzərinə” əsərindən qısa bir özəti diqqətlə oxumanızı tövsiyə edərdim:

“İlk başda hər şeyi Təbiətə aid etməliyik və ardından Təbiətin özünü Allaha bağlamalıyıq…
O halda din nədir? Din önəmini bir Qanun-qoyucuya, üzərimizdəki bir Hakimə borclu olduğu etibarilə içimizdəki qanundur.
Din Allah bilgisinə tətbiq edilmiş əxlaqdır. Əgər din əxlaqla birləşdirilməzsə, yalnız fayda qazanmaq cəhdindən ibarət olur…
Tanrının rizasını qazanmanın yeganə gerçək yolu daha yaxşı bir insan olmaqdan keçər… Əxlaqi dürüstlük olmayan din bir xurafat işidir…

Uşaqlar bütün dini anlayışları dərk edə bilməzlər…Uşaqları hazır təlimatları əzbərləməyə məcbur etmək onlarda möminlik haqqında yanlış təsəvvür təlqin edən faydasız işdir. Əsl Allaha sitayiş İlahi iradə ilə hərəkət etməkdir. Məhz bunu uşaqlara təlqin etmək lazımdır. Həm uşaqlara, həm də özümüzə fikir vermək lazımdır ki, Allahın adından sui-istifadə olunmasın. Əgər onu, hətta xeyirxah məqsədlə səadət arzulayanda işlədilərsə, bunun özü də düzünə qalsa sui-istifadədir. Allah haqqında anlayış hər dəfə onun adı çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır və insan onun adını nadir hallarda, özü də heç zaman düşüncəsiz şəkildə çəkməməlidir. Uşaq, Allah qarşısında 1-cisi, həyatın və bütün dünyanın sahibi; 2-cisi, insanları yaradan İlahi qüvvə; 3-cüsü, Hakimi-mütləq kimi ehtiram hissi daşımalıdır. Deyirlər ki, Nyuton hər dəfə Allahın adını çəkəndə yerində donub qalır və düşüncəyə qərq olurdu.

Əgər uşaqlar eyni zamanda Allah və borc haqqında təsəvvür əldə etsə, o, varlıqları qərq edən ilahi qüvvəyə daha yaxşı sitayiş etməyi öyrənər və bununla da çox zaman onların xırda heyvanları incitməsində öz əksini tapan dağıtmaqda və amansızlığa meylindən məhrum olar. Bununla yanaşı uşaqlara yamanlığın içində də yaxşılıq tapmağı öyrənmək olar: məsələn, yırtıcı heyvanları və həşəratı təmizliyin və zəhmətkeşliyin nümunəsi hesab etmək olar; qurdları məhv edən quşlar bağları qoruyurlar və s.

Deməli, uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər. Bu anlayışlar azsaylı olmalıdırlar və sırf neqativ səviyyə daşımalıdırlar. Onları uşaqlara lap erkən yaşlarından öyrətmək lazımdır, lakin eyni zamanda fikir vermək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər, çünki məzhəblərdəki fərqlərə baxmayara, din hər halda hər yerdə eynidir.”

Bu cür mətnlərdən sonra birisi İslam dini adına insanı daşqalaq etmə cəzasının olduğunu söyləyəndə, Quranda olmayan hökmləri din adına sırıyanların yaratdığı vəhşi İslam təsəvvürlərin uşaqlara necə təsir edə biləcəyinin fəsadlarını dərhal sezə bilirsən… Yaxud da dinin hədəfinin gecə-gündüz vaxtını ibadət etməklə keçirmək olmadığını, Allahın rizasını qazanmanın ən gerçək yolunun yaxşı insan olma hədəfinə yetişmək olduğunu daha rahat anlada biləcəksiniz.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az