Müqəddəs idarəetmə haqqı və Rəsulullah

Peyğəmbərin (s) xalqı öz tərəfinə çəkmək üçün hazır bir ordusu yox idi
Rəsulullahı (s) daha yaxından tanımaq və ya sevmək məqsədi ilə sizə keçən əsrin əvvəllərində yaşamış böyük islam mütəfəkkiri, pakistanlı Məhəmməd İqbalın bir məqaləsini təqdim edirik. Ümid edirik ki, bu məqalə Allah rəsulunun (s) milyonların qəlbində necə taxt qurmasını bir daha bizə aydınladacaqdır.
“Kralların müqəddəs idarə etmə haqları barəsində var olan nəzəriyyə krallıq quruluşunun özü qədər qədimdir.
Qərbdə olduğu kimi, Şərqdə də bu prinsipə görə, kralın öz səlahiyyətini birbaşa Allahdan aldığı düşünülürdü. Bu düşüncə tərzinin Şərq mənşəli olub xristianlığın zühuru ilə Qərbə ixrac edilməsi ehtimal olunur. Bu düşüncə özlüyündə iki əsas prinsip ilə tamamlanırdı. Birinciyə görə, Tanrının dünyadakı “təmsilçisi” vəzifəsində olan kral xalqına qarşı heç bir məsuliyyət daşımır, onun sözləri qanundur və o, heç bir sorğuya çəkilmədən ürəyi nə istərsə onu da edə bilər. “Kral xəta etməz” ingilis atalar sözü kralın şəxsiyyətinə verilən bu müqəddəs toxunulmazlıq haqqının bir qalığıdır. İkincisi isə krallığın müqəddəs olaraq düşünülən eyni sülalə içərisində bir-birinə keçməsinin vacibliyidir.
Krallığın bu “müqəddəs” mövqeyi nəzərə alınaraq orta əsrlər xristianlığında tac qoyma mərasimlərində krallar qaydaya uyğun olaraq kilsə tərəfindən müqəddəs yağla yağlanardılar. Şekspir əsərlərinin birində II Riçardın dilindən bu kəlmələri söyləyir: “Nəhəng dalğalı dənizlərin suları belə müqəddəs yağla yağlanmış kralın yağını təmizləyə bilməz.” Tarixi öyrənənlər bu prinsip əsasında meydana çıxan siyasi çəkişmələrin nəticəsində XVII əsr İngiltərəsində ortaya çıxan vətəndaş müharibələrinin qanlı nəticələrindən xəbərdardırlar. Kralçılar belə düşünürdülər ki, xristian kral, şahzadə və valilər öz səlahiyyətlərini Tanrıdan alıblar. Parlament tərəfdarları isə ilahi gücün xalqa aid olduğunu iddia edirdilər. I Karlın edam edilməsi ikinci qrupun ilk zəfəri idi. Kralın müqəddəs idarəetmə haqqı fikri nəhayət Fransız İnqılabı tərəfindən darmadağın edildi. Lakin, bununla bərabər, bu gün də Avropa ölkələrində kiçik qruplar halında da olsa kralçılar (royalistlər) vardır.
Bütün bunlarla birlikdə üzərində düşünülməsi vacib olan məsələ kralın bu istəyinin və ya xalqın onun haqqında bu inancının nə qədər haqlı olduğudur. Yəni, belə bir haqqı iddia edənlər hər hansısa bir dəlilə dayanmalıdırlar. llk baxışdan da göründüyü kimi, məsələnin mahiyyində heç bir müqəddəslik yoxdur. Krallar öz hakimiyyətlərini davam etdirmək üçün bütün məlum olan vasitə və yollardan istifadə etmişlər. Azadlıq səsini boğmaq üçün Onların polisləri və həbsxanaları, dost və düşmənlərini satın alacaq qədər küllü miqdarda maddi imkanları vardır. Onlar bu və buna bənzər digər vasitələrlə insanları idarə etmişlər. Əgər bu imkan və avantajlar hər hansı bir digər insanda da olsa, o da öz hakimiyyət və idarəsini qura bilər. Müqəddəslik bunun harasındadır? Daxilində ilahiliyin ən kiçik izi belə olmayan hər hansı bir adam da sadəcə bir az ayıq düşüncə, yaxşı ordu, xəzinə və krallara lazım olan digər vasitələrlə və ətrafındakı sadəlövh kütlə ilə bu yolda müvəffəqiyyət qazana bilər. Əslində, bu, müqəddəs bir haqq olmayıb ətrafındakıların krallara verdiyi gücün haqqıdır.
Bu maddi vasitələr xaricində xalq arasında qorxu ilə qarışıq hörmət hissi yaratmaq üçün digər psixoloji vasitələrdən də istifadə edilirdi. Məsələn, naibliyi iddiasında olduqları Tanrı kimi özlərini imkan dərəcəsində görünməz hala gətirmiş, xalqın nəzərlərindən gizlənməyi özlərinə məqsəd etmişdilər. Monqol xanları saraylarındakı kiçik bir yerdən üzlərini xalqa göstərərdilər. Bu, böyük bir psixoloji təsir idi. Bu gün belə bəzi krallar sərbəst xalqın arasına qarışmazlar, sadəcə saraylarının eyvanından xalqa görünərlər. Əlbəttə ki, bütün bunların hamısı müqəddəslikdən uzaqdır.
Müqəddəs idarə etmə haqqı bu cür maddi və psixoloji dayaqların fövqündə olmalıdır. Onu dəstəkləmək üçün nə qızıla, nə süngüyə ehtiyac olmalı, nə də qorxu qarışıq hörmətlə yoğrulmuş batil inancların arxasınca düşülməlidir. Bu, bir orduya, xəzinəyə, və polisə ehtiyacı olmayan bir idarə etmə sistemi olmalıdır. Peyğəmbərin (s) xalqı öz tərəfinə çəkmək üçün hazır bir ordusu yox idi. Sadəcə yetim bir insan idi. Hər tərəfə yayılmış pozğunluğu aradan qaldırmaq üçün küfrün öndərləri ilə yalın əllə mübarizəyə girişmişdi. İnsanları idarəsi altına almaq üçün nəinki dünyəvi bir gücə sahib idi, əksinə önündə ona qarşı olan böyük bir qüvvə vardı. Bütöv bir qövm onun iradəsi əleyhinə birləşmişdi. Daha sonra bu insanlar onun idarəsi altına girdi. Bax, bu, əsl müqəddəs idarəetmə haqqı idi. İslam Peyğəmbərinin (s) insanları öz tərəfinə çəkmək üçün xəzinəsi də yox idi. Bəzi günlərini davamlı olaraq ac keçirən kasıb birisi idi. Bütün Ərəbistanı idarə etdiyi zaman belə, kürəyində iz qoyan qaba həsir üzərində yatardı. Əziyyət görmüş və vətənindən sürgün edilmiş bir insan ikən bütün Ərəbistan yarımadasının hakimi oldu. Və bu zaman nə həbsxanası, nə də polisi vardı. Buna görə o, düzgün bir ölçüdə, ilahi haqq ilə idarə edən idarəçi idi. Çünki o, bu hakimiyyəti davam etdirərkən kralların əksəriyyətinin istifadə etdiyi metodlardan istifadə etməmişdi və bu hakimiyyəti qorumaq üçün nə hazır bir qüvvəyə, nə xəzinəyə, nə polisə, nə həbsxanalara, nə də buna bənzər şeylərə sahib idi.
O, boş xurafatların cazibəsi ilə insanları özünə cəlb etməkdən daima uzaq durdu. Allah təala ona bir çox möcüzələri bəxş etmişdi. Bunların ən kiçiyi belə, avam kütlə arasında Tanrının yerinə keçmək üçün bir bəhanə ola bilərdi. Ancaq Hz. Məhəmməd (s) belə xislətdən çox uzaq idi. Belə ki, o, həmişə ətrafındakılara “Mən də sizin kimi bir insanam” deyirdi. Qövmlərinə özlərinin üstün insan statusuna sahib olduqlarını qəbul etdirmək üçün hər cildə girən kralların əksinə olaraq Rəsulullah (s) həmişə sadəcə və sadəcə insan olduğunu insanların beyninə yerləşdirmək üçün böyük mübarizəyə girişmişdi. Gələcəkdə ardıcllarının xristianların Hz. İsaya etdikləri kimi onu müqəddəslik məqamına oturtmamaları üçün şüurlu bir şəkildə kəlimeyi-şəhadətə “Məhəmməd Allahın qulu və rəsuludur” cümləsini əlavə etmişdi. Gücü və şəxsiyyəti haqqında ən kiçik şübhəyə qarşı belə, insanları açıq şəkildə xəbərdar edir və: “Sizlərə nə qeybi bildiyimi, nə də xəzinələrimin olduğunu söyləyirəm” deyərdi. Oğlunun vəfatı zamanı qəflətən günəş tutulması və insanlar bunun müqəddəs bir matəm olduğuna hökm edəndə Rəsulullah (s) bunun sadəcə bir təbiət hadisəsi olduğunu və insanın həyatı və ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirərək bu boş xurafatın dərhal qarşısını almışdı. Qurani-Kərimdə peyğəmbərin fövqəlinsan mahiyyətinin olmadığını insanlara çatdıran və onları buna inandıran ayələr vardır. Rəsulullahın (s) yanına yaşlı bir adam gəldiyi zaman Peyğəmbər ona qarşı bir az diqqətsiz davranmışdı. Bu münasibətinə gör,ə ona ilahi bir tənbeh şəklində vəhy gəlincə, o, bunu gizlətmədi və bu ayəni Qurandakı yerinə təslim etdi. Dünyadakı kralların heç birisi öz əleyhlərindəki bir şeyi – nə qədər əhəmiyyətli olursa-olsun – bu şəkildə açığa çıxarmazdılar.
Rəsulullah (s) hər şeyi ilə insanlara qarışmışdı. Məsciddəki yığıncaq zamanı bir qonağın “aranızda Məhəmməd hansıdır” deyəcəyi qədər insanlarla qaynayıb qarışmışdı. Hər hansı bir hökmdardan fərqli olaraq paltarını tikməyinin, ayaqqabısını təmir etməyinin, keçilərini samağının, hətta ev işlərində xanımlarına kömək etməyinin öz aliliyinə zərər verib-verməyəcəyini fikirləşməzdi. Bir dəfə Peyğəmbərin də iştirak etdiyi bir qrup müsəlman səyahətdə ikən yemək bişirmək vaxtı gəldikdə hərə bu yemək bişirmə işində bir vəzifə aldı. Rəsulullah da öz üzərinə düşən vəzifə ilə, yəni, odun toplamaqla məşğul olmağa başladı. Ətrafındakılar ona özünü yormamasını xahiş etdikdə o, nəzakətlə öz işini görməli olduğunu bildirdi. Dünyanın indiyə qədər şahid olduğu ən güclü idarə etmə bu idi. Elə bir idarə ki, sadəcə bədənlərə deyil, insanların qəlblərinə də hökm edirdi. Ordusuz, saraysız, xəzinəsiz və dünya monarxların xalqlarına boyun əydirmək üçün əl atdıqlarıvasitələrdən istifadə etməyən idarə sistemi… Peyğəmbər (s) insanlar arasında onlardan biri kimi sərbəst davranardı və xurafatların əhatə edəcəyi bir “müqəddəslikdən” özünü qorumaq üçün əlindən gələni edərdi. Buna rəğmən, heç bir hökmdarın sevilmədiyi qədər xalqı tərəfindən sevilirdi. Bir döyüşdən sonra Mədinəli bir qadın Peyğəmbərin (s) necə olduğunu soruşdu. Ona döyüş meydanında ərinin öldüyünü bildirdilər. Bu fəlakəti düşünməyən qadın bir daha Rəsulullahı soruşdu. Ona bu dəfə də oğlunun döyüşdə öldüyünü bildirdilər. Ancaq qadın yenə də sualını təkrarladı. Bu dəfə də qardaşının şəhid olduğunu bildirdilər. Qadın yenə də israrla “Rəsulullahın vəziyyəti necədir?” deyə soruşdu. Peyğəmbərin halının yaxşı olduğu ona bildirildikdən sonra rahat nəfəs aldı və: “ Elə isə bütün ağrı-acılar kiçik qığılcımdan başqa bir şey deyildir” dedi.
Tarix insanlar üzərində müqəddəs idarəetmə haqqı olan yeganə idarəçi tanıyır. O da İslam peyğəmbəri Hz. Məhəmmədir (s). Bununla bərabər, insanlar üzərində müqəddəs idarə etmə haqqına sahib olmasına rəğmən, o, bir hökmdar olduğunu iddia etməmişdir, “Mən sizlər kimi bir insanam” demişdir. Bax, bu, ən böyük kralın uca insanlıq mesajıdır. *
Ramin Vəkilov