Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Muhəmməd peyğəmbərə CADU edilibmi? – ELŞAD MİRİDƏN VİDEOÇARX

İslamda cadu mövzusu …

İlahiyyatçı Elşad Miri “Muhamməd peyğəmbərə cadu edilibmi?” sualı ətrafında araşdırma və fikirlərini paylaşdığı videoçarx hazırlayıb.

İlk olaraq mövzu ilə bağlı sosial səhifəsində status paylaşdığını deyən ilahiyyatçı yazılan şərh və fikirlərin bu videonun hazırlanmasına vəsilə olduğunu bildirib. Elşad Miri qeyd edib ki, yanvar ayına planlaşdırdığı “İslamda Yoxdur” adlı kitabında adıçəkilən mövzu daha geniş şəkildə izah olunur.

İlahiyyatçı peyğəmbərimizə cadunun edilib-edilməməsinə bu cür aydınlıq gətirib:

“Hazırda bu peşə ilə məşğul olanlar Muhamməd Peyğəmbərə cadunun edilməsini əsas gətirərək, həm cadunun mövcudluğunu, həm də “peyğəmbərə təsir edibsə, görün, başqalarına asanlıqla necə təsir eləyəcəyi” iddiasını ortaya atırlar. Təəssüflər olsun ki, bu kimi iddiaların səslənməsində günahkar olan biz müsəlmanlarıq. Çünki Quranda bunun tam əksi olmasına baxmayaraq, əfsuslar olsun ki, hədis kitabları belə rəvayətlərlə boldur. Bu rəvayətlərə müraciət eləyəndə də Muhamməd peyğəmbərə bir yəhudi tərəfindən cadu edildiyini oxuyuruq”.

Rəvayətdə deyilənlər… (ilahiyyatçı izah edir)

Hicrətin 7-ci ilində, yəni peyğəmbərliyin gəlişindən 20 il sonra – 629-cu ildə baş verdiyi bildirilir. Deyilir ki, məhərrəm ayında Mədinədəki münafiqlərdən bir heyət Xeybərdə yaşayan yəhudilərin yanına gedirlər. Xeybər Mədinədən xeyli uzaqlıqdadır, özüm orda olmuşam. Həmin heyətdə olanlar da Xeybərin ən məşhur cadugəri olan Lübeyd bin Asımla görüşürlər. Həmin o heyət özləri ilə həm Peyğəmbərin saçının tükünü, həm də darağını aparır. Soruşa bilərsiniz ki, bəs bunları necə əldə ediblər? Rəvayətlərdə qeyd olunur ki, bunları peyğəmbərə xidmət eləyən yəhudi uşaq vasitəsiylə ələ keçiriblər. Lübeyd də həmin heyətin gətirdikləri saç tükü və daraqla peyğəmbərə cadu eləyir. Peyğəmbərin özündə olmadığı, etmədiyi bir işi etmiş kimi göründüyünü və cadudan necə xilas olduğunu Aişə anamıza istinad edilən bir rəvayətdən xəbər tuturuq. Yəni bu rəvayətdə Qurandan sonra ən mötəbər kitab kimi təqdim olunan Buxarinin “Səhih”ində keçir. Aişə anamız peyğəmbərə sehr edildiyini belə bildirir: iş o yerə gəlib çatır ki, peyğəmbər etmədiyi bir işi sanki etmiş kimi və yaxud etdiyini güman eləyirdi. Nəhayət, bir gün o, uzun-uzadı dua eləyəndən sonra mənə belə dedi: “Bilirsənmi, ey Aişə, Allah mənə bu xəstəlikdən sağalmaq üçün yol göstərdi. Yuxuda mənim yanıma iki nəfər gəldi. Onlardan biri mənim baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu və öz aralarında danışmağa başladılar:

-Bunun dərdi nədir?

-Ona sehr edilmişdir.

-Sehri edən kimdir?

-Ləbid ibn əl-Əsam.

-O, sehri nə ilə etmişdir?

-Daraq, darananda saç-saqqaldan tökülən tük və erkək xurmanın tozcuğu ilə.

-Yaxşı, bəs o cadu-pitik indi haradadır?

-Zərvan quyusunda.

Deyilənlərə görə, bundan sonra peyğəmbər quyunun yanına gedir. “Geri qayıdıb mənə (Aişəyə) dedi: “o quyunun suyu ilə suvarılmış xurma ağaclarının başı şeytan başlarına bənzəyir”.

Bu dəfə Aişə peyğəmbərimizdən soruşur: “cadunu çıxara bildinmi?” “Xeyr!” deyə peyğəmbər cavab verir: “çünki Allah artıq mənə şəfa verib, lakin mən onun insanlara təsir göstərə biləcəyindən ehtiyat etdim və elə buna görə də həmin quyunu torpaqla doldurdum”.

Buxarinin “Səhih” adlı kitabında olan 3175 və 3268-ci hədislərində keçir. Bir daha qeyd edirəm, ən səhih kitabı kimi təqdim olunan Buxarinin “Səhih”ində bununla bağlı Aişə anamıza istinadə edilən başqa bir rəvayət də var.

Rəvayətdə deyilir:

Peyğəmbər hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyyəsindən başlayaraq, bacardığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi.

İlahiyyatçı qeyd edir: İmam Buxari 810-870-ci illərdə yaşayıb. Amma peyğəmbərimiz 632-ci ildə vəfat edib (870-632= 238 il). Yəni Buxari peyğəmbərimizdən çox sonra yaşayıb.

Buxarinin “Səhih” adlı əsərinin “Kitabu Tibb” fəslinin 47 və 52-ci bölümləri sehr mövzusuna ayrılıb. Həmin bölümlərdə də Quranın Bəqərə surəsinin 102-ci ayəsini, Taha surəsinin 66, 69-cu ayələrini, Ənbiya surəsinin 3-cü və Fələq surəsinin 4-cü ayələrini qeyd edəndən sonra peyğəmbərə edildiyi iddia edilən cadu ilə əlaqədar rəvayətləri qeyd edib. Bunda məqsəd odur ki, cadu var və peyğəmbərimizə də cadu edilibmiş.

Əlimizdə ilk yazılı hədis kitabı olan Əbu Ürvə Mamər bin Rəşidin (770-ci ildə vəfat edib) 1614 hədisdən ibarət olan “əl-Camii”adlı əsərində peyğəmbərə cadu edilməsi cəmi 4 sətrlik rəvayətdir. Orda isə belə deyilir:

“Peyğəmbərə sehr etdilər və onu quyuya qoydular. Təsirindən hətta Nəbinin az qala gözləri bağlanacaqdı. Sonra isə Allah ona sehrin harada olduğunu göstərdi, həmin sehr oradan çıxarıldı”.

Təsəvvür edin bu kitab əlimizdə mövcud olan ilk yazılı mənbə olan “əl-Camii” adlı əsərdən gəlib. Hətta orda yazılır ki, peyğəmbərimiz 1 il müddətində Aişə anamızdan uzaq qalıb. Baxın, bu 4 sətrlik məlumat sonradan yazılan bütün hədis mənbələrində, həm də əlavə olunaraq, həcmi genişləndirilərək daha da çoxalıb.

Məsələn, bununla bağlı Buxarinin tibb bölümündə, bədül xalq bölümündə, Müslimin “Səhih”indəki “Kitabus-Səlam” bölümündə, İbn Macənin “Sünəni”ndə, Nəsainin də “Sünən”ində bu mövzular qeyd olunur. Amma burada əsas üzərində durmaq istədiyim məsələ, konkret olaraq həmin o rəvayətlərdəki ziddiyətli məqamları qeyd eləyib mövzunu Quran ayələri ilə, Quranın məsələyə münasibəti ilə yekunlaşdırmaqdır. Bütün bu məsələlərin kökündə sehrin mövcudluğunu qəbul eləmək dayanır. Əgər sehrin və ya cadunun mahiyyəti anlaşılsa, nə olduğu bilinsə, bu qədər rəvayətin müzakirə edilməsi də avtomatik olaraq aradan qalxardı. Amma biz bütün bunları hələlik bir kənara qoyaq, rəvayətlərdəki məsələləri qeyd eləyək.

Rəvayətlərdə qeyd olunur ki, guya peyğəmbərə cadu ediləndən sonra peyğəmbər özündə olmayıb, etmədiyi bir işi etmiş kimi görüb. Hətta bu vəziyyətin nə qədər davam etməsi ilə bağlı konkret deyil, müxtəlif versiyalar var. Həmin o versiyalarda bəzən peyğəmbərin günlərlə özündə olmadığı iddia olunur, daha sonra bunu 6 aya qədər uzadanlar, 1 ilə qədər uzandığını iddia edənlər də var. Mənbələrdə hətta peyğəmbərimizin öz həyat yoldaşlarına yaxınlaşmadığı halda, onlara yaxınlaşdığını güman etdiyi də qeyd olunur. Yəni bəzi alimlər burda belə bir çıxış yolu axtarıblar ki, peyğəmbərə həqiqətən sehr olunubsa, bu, peyğəmbərin ağlına və qəlbinə deyil, yalnız bədəninə təsir eləyib. Bu da bilirsiniz ki, ən məşhur kitablardan biri olan “Fətul Barinin” yazarı İnb Həcərə məxsusdur. Bu isə 10-cu cildin 185-ci səhifəsində qeyd edilib. Amma burda unudulan bir məqam var ki, elə həmin rəvayətlərdə peyğəmbərin etmədiyi şeylər etmiş kimi zənn etməsi və xəyal görməsi, birbaşa onun ağlı və zehni ilə əlaqəli olan cəhətlər olduğunu biz unuduruq. Burdan da aydın olur ki, iki yalan bir yerə gələndə heç vaxt bir doğru etmir, yalan həmişə yalandır. Bu iddialardan dolayı özümdə belə suallar yarandı:

-Peyğəmbərə sehr edildiyi ərəfələrdə heç həmin vaxt peyğəmbərə vəhy gəldimi? Bəlkə həmin vaxt dediyi sözləri biz bu günləri hədis kimi qəbul eləyirik. Bəlkə bizə o cürə yazdırılıb.

-Peyğəmbər cadunun təsiri gedəndən sonra əvvəlki dediklərinə düzəliş verdimi? Həmin vaxtı sehrli olmuşam, ona görə də dediklərimi bilməmişəm, düzəldin deyə… Bununla bağlı hər hansı məlumat varmı? İnanın bununla bağlı heç bir məlumata rast gələ bilmərsiniz.

Din.az bu və ya digər suallara cavab tapmaq, Peyğəmbərə həqiqətən də cadunun edilib-edilmədiyini aydınlaşdırmaq üçün Elşad Mirinin hazırladığı videoçarxı təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az