MÜBARİZ QURBANLININ AŞURA MƏCLİSLƏRİNƏ KÖRPƏLƏRİN APARILMASINA VƏ GƏNCƏDƏKİ HADİSƏLƏRƏ DAİR AÇIQLAMASI

“Aşura mərasimlərində biz, son dövrlər, xüsusilə də müstəqillik illərində yenilikləri görürük”.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 1-də keçirilən Aşura günü təşkil olunan mərasimlərlə bağlı sualları cavablandırıb.
Din.az bildirir ki, “A24.az”a açıqlama verən komitə sədri Azərbaycanda 1200 ildir ki, Aşura mərasimlərinin keçirildiyini və zaman – zaman Aşura mərasimlərinin qeyd olunmasında müxtəlif dəyişikliklərin müşahidə edildiyini deyib:
“Əlbəttə 100 il əvvəlki qeyd olunma ilə bugünkü qeyd olunma arasında müəyyən fərqlər var. Əgər 100 il və ondan əvvəlki dövrlərdə Aşura mərasimləri keçirilərkən bu bir teatrlaşdırılmış səhnələrlə müşayiət olunurdusa, hər yerdə yezid və İmam Hüseyn, Kərbəla döyüşü və orada olan hadisələr müxtəlif formalarda insanlara göstərilirdisə, indi bunlar yoxdur. Hətta Qurban Səidin “Əli və Nino” kitabında Əlinin Aşura mərasimində iştirakı səhnəsi təsvir olunur. Təsvirdə göstərilir ki, dəvələrlə gəlirlər. Necə ki, Kərbəlada dəvələrlə Peyğəmbərin nəvəsi İmam Hüseynin əsir götürülümüş ailəsi aparılır. Bu kimi səhnələr Qurban Səidin kitabında təsvir olunur. Göründüyü kimi bu çox da uzaqda yox, 60-70, hətta 100 il civarında buna bənzər hadisələr olub. Sovet dövründə də bəzi yerlərdə bu cür hərəkətlərə yol verilirdi. Amma getdikcə bu məsələlərdə də insanlar bunu başqa formada edir.
Azərbaycanda da Aşura mərasimlərində biz, son dövrlər, xüsusilə də müstəqillik illərində yenilikləri görürük. Yənilik, yəni zəncir vurmaq, qan çıxartmaq, xəncərlə baş yarmaq, özünə fiziki xəsarət yetirmək aparılan təbliğat nəticəsində bunlar getdiksə azalıb və azalmaqdadır. QMİ zamanında bir təşəbbüslə çıxış edib ki, qan çıxartma ilə özünə xəsarət yetirmək yerinə elə insanlar qan versin, bu daha savabdır, daha xeyirxah bir əməldir. Biz də bununun geniş şəkildə tətbiq olunduğunu görürük. İnsanlar da bu təşəbbüsə çox məmnuniyyətlə qatılırlar.
Elə bu ilki Aşurada yüzlərlə insan bu mərasimə qatılıbdır. Mən özüm də hər il qanvermə aksiyaları başlayan kimi iştirak edirəm. Hesab edirəm ki, bu daha düzgün yoldur, bir nümunə olmalıdır və hamı bunu eləməlidir. Əgər kimsə məscidə gedib müəyyən fiziki xəsarət yetirməklə İmam Hüseyn əzadarlığında iştirakını göstərmək istəyirsə, yaxşı olar ki, qanvermədə iştirak eləsin.
Ümumiyyətlə, zəncir vurmaq, qan çıxartmaq, xəncərlə baş yarmaq və sair kimi hərəkətlər sonradan meydana gəlib. İmam Hüseynin əzadarlığı ilk dəfə Kərbəlada onların qətlə yetirilməsinin 40-cı günü qeyd olunanda, heç kim o zaman belə hərəkətlər etməyib. Biz bunları sonradan görürük”.
Aşura mərasimlərində azyaşlı, hətta əmzikli uşaqların belə iştirak etməsinə gəldikdə isə Mübariz Qurbanlı bu məsələdə dinimizin uşaqlara daha həssas yanaşdığını xüsusi vurğuladı:
“Bilirsiniz, Aşura mərasimlərində azyaşlı uşaqların həmin mərasimə gətirilməsində valideynlər düşünməlidir. Bəzən deyirlər ki, 20 yanvar faciəsinin qeyd olunduğu gün övladlarımızı Şəhidlər Xiyabanına aparırıq. Müxtəlif mərasimlərə aparırıq. Bu yerlərə aparırıqsa, Aşura mərasimlərinə niyə gətirməyək? Bizim dinimiz uşaqlar üçün müəyyən qadağalar qoyub ki, uşağı ora qatmaq olmaz. Məsələn, biz Qurban bayramında hər hansı qurban kəsimini həyata keçirərkən dinimiz və hədislər deyir ki, kiçik yaşda olan uşaqlar orda olmamalıdır. Çünki heyvanın kəsilməsi, qanın axması onların psixologiyasına təsir göstərə bilər.
Uşaqlar insan vəfat eləyən evdən çıxarılır, kənara aparılır. Uşaqların dəfn mərasimində iştirakına dinimiz, görürsünüz ki, imkan vermir. Bunun olmamasını istəyir, bunu tövsiyyə edir. Əlbəttə hər bir valideynin öz övladını istədiyi yerə aparmaq haqqı var və heç kim bunu qadağan eləmir. Uşaqları məscidlərə, bu və ya digər tədbirlərə, bayramlara, Ramazanda, Qurban bayramında kim götürüb uşağını yanında harasa aparırsa, biz bunu qadağan edə bilmərik. Qanunlarımızda bu cür qadağa yoxdur. Söhbət bir-birimizi ittiham etməyimizdən getmir. Bir tərəf tamam başqa mövqedədir, digər tərəfdə olan mömin insanlarımız başqa mövqe qoyur və ortaq məxrəci burda görmək olmur. Burda radikalca yanaşmaq olmaz.
Əgər bu və ya digər dini ayinlər icra olunursa, bu dini ayinlərin icrası zamanı insanların özünə fiziki xəsarət yetirməsi presesi baş verirsə, əlbəttə uşağın ora getməsi məqbul deyil. Məsələn, əgər uşaq bir yerə gedib, məsciddə zəncir vuran görürsə, zəncir vurulan zaman fiziki əzabları, və yaxud qançıxartma hadisəsi görürsə, əlbəttə bunlar uşağın psixikasına təsir göstərir. Bu kimi hadisələrin uşağın zehnində yaşaması gələcəkdə təkrarlanmasına gətirib çıxarır. Halbuki, bizim dinimiz bunu inkar edir, deyir bunu birmənalı şəkildə etmək olmaz.
Ona görə də burda bizim şəxslərimizi, siyasilərimiz, millət vəkillərimiz deyəndə ki, uşaqları o kimi yerlərə aparmaq olmaz, fəasliyyətlərə cəlb eləmək olmaz, onlar haqlıdır. Amma o adamlar ki, normal mərasimlər keçirir, fiziki şəkildə özünə xəsarət yoxdur, uşaq psixologiyasına təsir edən hərəkətlər yoxdur, əlbəttə uşağın həmin mərasimə getməsində qəbahət görmürük.
Bir də bir məsələni qeyd edim. Biz Aşura mərasimlərində çağırışlara baxmayaraq, zəncirvurma hallarını müşahidə edirik. Azalma var, həm də çoxdur və bu azalma prosesi getdikcə daha da artır. Ancaq yenə də 12-13 yaşında oğlan uşaqlarının zəncirvuranlara qatılaraq zəncir vurduğunu görürük. Axı bu adam həddi buluğa çatmayıb. Orda olan adamlarımız, ağsaqqallarımız bu cür hərəkətlərin azyaşlı uşaqlar tərəfindən icrasını tövsiyyə etməməlidir, buna çağırış etməlidir. Çox azyaşlı qız uşaqlarına hicab geyindirərək mərasimlərə gətirmək harda görülüb? Bunu hardan görmüsüz axı? Həddi buluğa çatmayan uşaqlara qarşı bu cür şeylər eləmək axı dinimizdə yoxdur.
Bu məsələdə mübahisə bunun üzərindədir. Biz deyirik ki, dini ayinlərin icra olunduğu yerdə azyaşlı uşaqların olması məqsədəuyğun deyil. “Bu cür” dini ayinlər dedikdə, yəni təhrif olunmuş formada icra olunmasın. Digər tərəf də deyir ki, xeyir uşaq gəlib orda tərbiyələnməlidir, öyrənməlidir. Nəyi öyrənməlidir? Dinimizi öyrənməlidirsə, biz bunun tərəfdarıyıq. Amma zəncir vurmağı öyrənməlidirmi? Öyrənməməlidir. Baş yarmağı öyrənməlidirmi? Öyrənməməlidir. Heç kim bu insanların haqqına müdaxilə etmir. Bunlar tövsiyyə xarakterli məsələlərdir. Və hər kəs düşünüb daşınaraq bilməlidir, 5-6 yaşında və ya qucaqda gəzdirilən körpəsinin zəncir vuran, başını yaran adamları görməsi məqbuldurmu? Əgər məqbul sayırsa, o zaman qurban kəsdirəndə uşağını niyə yanında aparmır?
Biz uşaqlıqdan görmüşük ki, qoyun, toyuq, xoruz kəsiləndə yanımızda uşağın dayanmasına icazə vermirik. Burda isə insan başını yarıb qanını axıdır. Əgər dini öyrədirsənsə, evində də öyrədə bilərsən. Uşağını ayinə qatan valideyn, əlbəttə öz uşağının psixikasına mənfi təsir göstərmiş olur”.
Aşura gecəsi Gəncədə İmamzadə Siyarətgah Kompleksində baş verənlərə gəldikdə “Gəncə baş verən hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı Gəncə Polis İdarəsinin açıqlaması var. Ona nəsə əlavə etməyi biz ehtiyac duymuruq. O cümlədən Gəncədə müvafiq qurumlar bununla bağlı açıqlama verib. Açıqlamada göstərilir ki, İmamzadə Ziyarətgahına giriş zamanı bir az çətinlik yaşanıb. Kimlərsə qadınlar üçün ayrılan yerdən keçmək istəyib. Onlara bu izah edilərkən qarşıdurma yaranıb və fikizi güc tətbiq edilərək polisə xətər yetirilib. Əlbəttə polisə xətər yetirmək yolverilməzdir. Polis qanunu qoruyur, təhlükəsizliyə cavabdehdir. Hesab edirəm ki, araşdırma nəticəsində bu cür hərəkətlərə yol verənlər aşkara çıxarılaraq müvafiq qaydada cəzalanacaq”, deyə Mübariz Qurbanlı bildirib.