Mollalar məscidlərarası voleybol yarışı təşkil etdi

Penza Müsəlmanlarının Ruhani İdarəsi voleybol yarışı keçirib.
Rusiyanın Penza vilayəti Qorodişen rayonu Orta Yeluzan kəndinin “Nur” idman və istirahət kompleksində məscidlərin ibadətçiləri arasında voleybol üzrə növbəti kənd kuboku keçirilib.
Din.az Moderator.az-a istinadən xəbər verir ki, yarışma region müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil edilib.
Yarışa başlamazdan əvvəl oyunçuları rayonun icra başçısı Aleksandr Vodopyanov və müfti İslam-Həzrət Daşkin salamlayıb. Onlar kənddə voleybol ənənələrini qoruyan yarış iştirakçılarına minnətdarlıqlarını ifadə edib və voleybolçulara əzmkar və ədalətli mübarizə arzulayıblar.
Kubok uğrunda mübarizə inadkar olub və mömin idmançılar hakimin final fitinədək bütün güclərini ortaya qoyublar.
Müsabiqənin nəticələrinə görə, 8 nömrəli məscid birinci yeri və qızıl medalı qazanıb. Gümüş medala 9 nömrəli məscid, bürünc mükafata isə “Əbu Hənifə” məscidi layiq görülüb.