Məsciddən nifrət etdirilən məşhurun ACI HEKAYƏSİ

“Dindar atanın oğlunun dinsiz olmasına səbəb çevrəsi oldu”.
Münir Özkulun bir xatirəsini oxudum. Çox təsirləndim. Hələ, Günəşin gözlərini açıb salamlaşmadığımız alaqaranlığında gözlərim yaşardı. Həyatıyla həyatımızı müqayisə elədim. Nə qədər oxşarlıqlar olduğunu görüb bir hissəsini sizinlə paylaşmağa qərar verdim.
Çoxumuzun Şaban olaraq tanıdığı Kemal Sunal filmlərindən sevdiyimiz Mahmud Hocadan danışıram. Ötən gün 93 yaşında dünyasını dəyişən Türkiyənin məşhur aktyoru Münir Özkulun “dini həyat”ından söhbət açmaq istəyirəm. Dini həyatı sözünü dırnaqda yazmağımın səbəbi heç vaxt belə həyat yaşaya bilməməsi idi. Halbuki, atası dindar idi. Dindar atanın oğlunun dinsiz olmasına səbəb çevrəsi oldu. Yanlış anlamayın. Kino və teatr səhnəsindəki çevrəsindən bəhs etmirəm. Təhsil aldığı orta məktəbin düz yanındakı məscidin camaatı onun ilk dəfə məsciddən qaçmasına səbəb oldu…
Yazın oğlan çağı idi. Məscidin həyətini açan güllər daha da gözəlləşdirmişdi. Balaca Münir tənəffüsdə məscidin həyətinə daxil olub 1-2 gül qoparıb müəlliməsinə aparmaq istəyir. Lakin buna müvəffəq ola bilmir. Əlini güllərə uzatdığı ərəfədə məscidin qapısı açılır və qapının arasından bir din xadimi bərk qışqırır. Bu tükürpərdici səs “balkon”lu, qısa boylu, saqqallı, zahiri görkəmiylə başqalarından fərqlənən din xadiminə aid idi. Həmin səsin sahibi bu tərtəmiz balanın qorxmasına səbəb olur. Münir təngnəfəs özünü məktəbə çatdırır. Artıq başına nə dərs girir, nə də başqa səs… Qulaqlarında sadəcə həmin ürpərdici səs qalmışdı: “Ay uşaq, neynirsən orda? Gəlsəm, qulaqlarını qopararam ha!”
Bu acı uşaqlıq xatirəsi bir daha onun məscid həndəvərinə hərlənməsinə əngəl olur. Aradan illər ötsə də, Münirin məscidə, dindar insanlara qarşı küsülülüyü ötüb getmir. Teatr aktyoru olması, daha sonra filmlərə çəkilməsi, məşhurluğu onu din anlayışından daha da uzaqlaşdırırdı. Məsciddən qaçışının üzərindən illər ötmüşdü.
Daxilindəki inanmaq arzusu onu dinlə maraqlanmağa sövq edir. Namazqılan Uğur adlı dostuna müraciət edir, o da Müniri məscid imamının yanına aparır. İmamın münasibəti, danışığı Münirin bütün qorxularını, küsülülüyünü aradan qaldırır. Münir həftənin cümə günü namaza getməyə qərar verir. İplə çəkdiyi həmin günü çox erkəndən məscidə gedir. Səhv etməməyə çalışaraq dəstəmaz alır. Amma məsciddə, namazda ona rəhbərlik edəcək Uğur gəlib çıxmaq bilmir. Məsciddə qulaq asmaq istədiyi imamın xütbəsinin də çox hissəsi geridə qalmışdı. Nə isə Münir başqalarının baxışları altında əzilməmək üçün məscidə daxil olur. Münasib yer tapıb oturur. Amma bardaş qurub oturmaqda çətinlik çəkdiyi üçün hər dəfə ayaqlarını dəyişəndə yanındakılar narahat olurlar.
Münir hər gələnin Uğur olduğu ümidilə arxaya dönüb baxa-baxa qalır. İmam artıq azanın vaxtının gəldiyini dediyi ərəfədə Uğurun daxil olması ilə Münirin onu möhkəm səslə çağırması və həmin anda da səbri daşan yanındakı kişinin bərk bir şillə vurması Münirin bütün dini həyatına son qoyur. “Artıq məscid və məscid camaatı mənlik deyil” deyir. Çünki o axtardığı sevgini tapa bilmir və təkrar özünün dediyi kimi “ibadətsiz, inamsız, məbədsiz şəraitə” geri qayıdır. On doqquz dəfə içki və narkotik maddə aludəçiliyindən müalicə alan Münir üçün başqa yol qalmamışdı. Onun dindən soyumasına səbəb din pasportlarına cənnətə giriş vizası vurulduğuna inanan dini dar dindarlar səbəb olmuşdu.
Bəs bizim məscidlərdə vəziyyət necədir? Hər dəfə nə qədər Münirləri itiririk? Bu barədə öz həyatımdan və şahidi olduqlarımdan danışım.
İlk dəfə, qızımın hardasa 3 yaşı olanda uşaqda məscid ab-havasının yaranması üçün məscidə aparmaq istədim. Rayonumuzun məscidinə getdik. Həyətinə təzəcə daxil olmuşdum ki, adımı eşidib ayaq saxladım. Döndüm ki, məscidin axundu və ətrafında bir neçə din xadimi məni yanlarına çağırırlar. Qızım da qucağımda. Yaxınlaşıb salamlaşmağıma peşman oldum. Başladılar ki, o nə axmaq yazıdı seyidlər haqqında yazmısan. Sən kimsən və sair. Ömrümdə heç vaxt dilimə gətirmədiyim sözlərə məni “qonaq etdilər”. Qızımın söyüş eşitməməsi üçün qulaqlarını tutub “ayıb olsun!” deməklə məsciddən çıxdım. Bu haqda qəzetlərdə bir köşə də yazmışdım “Əxlaqsız axund” sərlövhəsi ilə. Təsəvvür edin, həmin axund imam adıyla yenə də Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi olaraq “fəaliyyətini” davam etdirir. Nə isə. Bu hadisədən sonra bir daha qızlarımı ölkəmizdəki məscidlərə aparmadım. Amma Allaha şükürlər olsun ki, Çeçenistandakı, Avropadakı məscidlər və ordakı insanların münasibəti onların yaddaşına gözəl xatirələr olaraq həkk olunub.
Buna baxmayaraq, övladlarım tez-tez soruşurlar ki, sosial mediada səni təhqir edənlər, söyüş yazanlar dindarlardır? Təəssüflər edərək, dini dar olan insanlar olduqlarını bildirməklə kifayətlənirəm.
Bir dəfə İngiltərədən gələn dostumu əvvəllər göy rəngli olan Bakıdakı məşhur bir məscidə aparmışdım. Birlikdə namaz qılıb oturduq imamın xütbəsinə qulaq asmağa. İmam kinayə ilə başladı ki, burda ingilis bayraqlı köynəklə məscidə gələnlər var. Yaxşı ki, dostum dilimizi bilmirdi. Xütbələrdə danışmağı qadağan etdikləri üçün cavab haqqım olmadı ki, ayağa durub deyəm ki, bu gənc ingilis vətəndaşıdır və islamı qəbul edib, indi də gəlib cümə namazını qılmağa. Nə deyim? Sadəcə susdum və başımı o tərəf bu tərəfə sallayıb namazımızı qılıb çıxdıq məsciddən.
Şamaxıdan olan bir dostumuz təzəcə namaza başlamışdı. Xahiş elədi ki, ilk cüməni birlikdə qılaq. Birgə məscidə getdik. İmamın “Tarixi – Nadir”dən danışdığını eşidib məndən yavaşca soruşdu ki, bu nə danışır? Сavab vermək istəyirdim ki, onun danışığını eşidən başqa bir dindar dedi ki, imam xütbə oxuyanda danışmaq olmaz. Təəccüblü gözləri ilə mənə baxan namaza yenicə başlayan dostumun qulağına bu sözləri pıçıldaya bildim: “Bir qulağından al, digərindən ötür”.
Bu cür “Tarixi – Nadir”ləri eşitməmək üçün qulaqcılardan istifadə edirəm. Telefonumun yaddaşına həkk elədiyim faydalı verilişlərə o cür qulaq asıram. Məscidlərin birinin imamcığazı da mənim qulaqcıqla məscidə gəldiyimi görüb bunu xütbədə dilləndirib. Sizcə maraqlı bir xütbə, faydalı söhbət olsa, niyə qulaq asmayım ki? Əfsuslar olsun ki, getdiyim məscidlərdə ya əleyhimə xütbə deyildiyini eşidirəm, ya da mənasız söz yığınlarını əllərindəki kağızın üzündən mikrafona səsləndirmələrini… Hətta bir nəfər məşhur şəxslə tanış oldum. Deist olduğunu deyirdi. Və buna səbəb də namazqılan olduğu halda arxa-araxaya 3 cümə əleyhimdəki xütbələrdən bezərək xütbənin ortasında məscidi tərk edibmiş. Mənə görə deyil. Deyir bezdim ki, bir adam haqqında nə qədər böhtan atmaq olar, nə qədər əleyhində xütbə vermək olar?
Dostlar, mən bezmirəm, bezmiyəcəm də. Ümidliyəm, ümidlə yaşayıram. Siz də ümidli olun. Çünki Uca Allah belə buyurur: “Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq inkar edənlər ümidlərini kəsər” (“Yusuf” surəsi, 12/87).