Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Mənimlə evlənmək üçün dinini dəyişdi”

“Həyat yoldaşımın əmisi oğlu və bacısı oğlu da İslam dinini qəbul eləyib”

64276_fykyb6o1tu“Moderator.az” saytı “Qürbətdəki məşhurlar” layihəsində Xalq şairi Fikrət Qocanın Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan qızı Günay Qocayeva ilə müsahibə yayıb.

“Din.az” müsahibənin kiçik bir hissəsini təqdim edir. Xalq şairinin qızının müxbirin aşağıdakı sualına cavabı xüsusilə diqqət çəkir:

– Demək ki, Günay xanım ABŞ-a gəlin köçdü. İstərdim səmimi etiraf edəsiniz, sevdiniz deyə əcnəbi vətəndaşla ailə həyatı qurdunuz, yoxsa ki, uşaqlıq arzunuzu gerçəkləşdirmək üçün bu izdivaca razılıq verdiniz?

– Elə olmuş olsaydı, həqiqəti söyləyərdim, mən heç vaxt gerçəyi deməkdən çəkinmirəm, yalanı xoşlamıram. Bunu ətrafımdakı qohumlarım, tanışlarım da bilir. Əslində mən özüm ABŞ-a getmək, orada işləmək, həyat qurmaq haqqında düşünürdüm. Amma ağlıma gəlməzdi ki, Amerika vətəndaşı ilə tanış olaram. Bu, təbii ki, Allahın qismətidir. Onunla tanış olanda ürəyimə çox yatdı, mənə öz millətimizi xatırlatdı. İndinin özündə də bizə kim qonaq gəlirsə, deyir ki, bu insanda amerikalı əlaməti yoxdur, azərbaycanlıya oxşayır. Onu da deyim ki, mən xarici gözəlliyə o qədər önəm vermirəm. Əsas xasiyyəti, xarakteri, iç dünyası, daxili gözəl olsun və mənim də bu insanın məhz bu keyfiyyətləri xoşuma gəldi. Çox mehriban, qayğıkeş insandır və mən də elə bu xasiyyətlərinə görə onu sevdim. Sevdim deyərkən, dəli-divanə oldum, Leyli oldum, çöllərə düşdüm, yox, elə bir şey olmadı, sadəcə olaraq onu insan kimi bəyəndim. Həm də yaşımın o vaxtı idi ki, artıq ailə həyatı qurmalıydım, valideynlərim də bunu istəyirdilər. Deyirdilər ki, nə vaxtsa çıxıb xaricə gedəcəksənsə, təkbaşına getmə, ailə qur və həyat yoldaşınla bərabər get. Bu evlilikdən sonra həm valideynlərimin, həm də mənim arzularım gerçəkləşdi.

Bir şeyi də deyim ki, həyat yoldaşım Corcun bizim millətə, dinimizə böyük məhəbbəti var və bu da məndə ruh yüksəkliyi yaradır. Mənimlə evlənərkən namaz qıldığımı bilirdi və mən də ona dedim ki, mənə Allahın kəbini də lazımdır, kəbin olmadan ərə gedə bilmərəm. Hətta qeyd etdim ki, Allahı o qədər sevirəm ki, onun kəbini mənimçün dövlət kəbinindən də vacibdir. Xristian olduğu üçün də bizim kəbin kəsdirməyimiz mümkün deyildi. Corc buna görə İslamı qəbul etdi, müsəlman oldu.

64277_lntq8pp2g8

– Belə anlaşıldı ki, bu izdivacda Corcun sevgisi daha güclü oldu?

– İnsan ürəkdən sevməsəydi, bu addımı atmazdı, onun sevgisini çox dəyərləndirirəm. Mən ABŞ-da çox şeylər gördüm, burada qadınlar öz həyat yoldaşına Azərbaycan qadınları kimi münasibət göstərmirlər. Bunlarda münasibətlər çox kobud alınır. Ona görə də qohumları yoldaşıma tez-tez deyirlər ki, biz də Azərbaycandan evlənmək istərdik. Onlar mənim yoldaşıma münasibətimi görürlər və belə bir azərbaycanlı xanımın həyat yoldaşı olmasını arzulayırlar.

– Günay xanım xarici vətəndaşla ailə qurmaqla yanaşı həm də bir xristianı müsəlman elədi. Yaşadığınız şəhərdə necə, sizi tanıyandan sonra İslamı sevənlər, qəbul edənlər olubmu?

– Həyat yoldaşımın əmisi oğlu və bacısı oğlu da İslam dinini qəbul eləyib. Bir rəfiqəm var, xristiandır. Mən hər sözümdən sonra inşaallah deyirəm, rəfiqəmlə yoldaşımın qohumu o inşaallah sözünü elə ürəklə təkrar edirlər ki. Bu sözü sevməkdən əlavə inanaraq təkrar edirlər. Öz dillərində danışıb hansısa işlə bağlı plan qursalar da belə inşaallah deyirlər.

Burada yaşayandan bəri millətimizə məxsus bütün gözəllikləri təbliğ etdim. Məni tanıyan insan millətimi də, dinimi də, bayrağımı da, Vətənimi də tanıdı. Burada yaşayan azərbaycanlı tələbələr var idi ki, onları öz balam kimi ağuşuma aldım. Hansı azərbaycanlı tələbəni görüb tanıyıramsa, onlara ana qayğısı göstərirəm, ABŞ-da ikinci anaları oluram. Çünki onlar da burada oxumaqla yanaşı ölkəmizi gözəl təbliğ edirlər. Sərdar Bağırzadə, İmmi Cəlilova burada təhsil alıb Bakıya qayıtdılar. İndi burada iki balam qalıb, biri öz oğlum Pərvizdir, o biri də Həci balamdır. Həci balam da burada tələbə olub, indi də mühəndis işləyir. Qapım millətimin üzünə açıqdır, millətimi çox sevirəm, heç vaxt da heç kimin ayağına vermərəm.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az