Məhəmməd Əlinin son namazı ilk zəfərini qazandığı yerdə qılınacaq

Pərəstişkarları vida mərasimini bilət alaraq izləyə biləcək
Məhəmməd Əlinin cənazə namazı bu gün 1960-cı ildə ilk qələbəsini qazandığı 18 min nəfərlik “Freedom Hall”da qılınacaq. Əfsanəvi boksçu sabah isə xüsusi mərasimlə son mənzilinə yola salınacaq.
“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, tənəffüs yollarındakı narahatlıq səbəbiylə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin cənazə namazı bu gün anadan olduğu ABŞ-ın Kentukki ştatının Luizvell şəhərində qılınacaq.
Əlinin rinqlərdə fırtınalar əsdirmədən əvvəl 1960-cı ildə boksda ilk professional qələbəsini qazandığı “Freedom Hall”da qızılacağı açıqlanan cənazə namazında təqribən 18 min insan iştirak edəcək. Əli üçün ikinci vida mərasimi sabah yerli saatla 14:00-da 22 min insan tutan “KFC Yum Center”də keçiriləcək.
Pərəstişkarları vida mərasimini bilət alaraq izləyə biləcək. Mərasimdən əvvəl isə saat 09:00-da Əlinin nəşi kortejlə birlikdə şəhərin ən uzun bulvarı olan “Məhəmməd Əli Bulvarı”ndan keçiriləcək. Keçmiş ağır çəkili boks çempionu Lennox Lewis və əfsanəvi boksçunun həyatından bəhs edən “Əli” filmində baş rolu oynayan Vill Smit də Əlinin tabutunu daşıyacaq.
Ərdoğan ABŞ-a getdi…
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Məhəmməd Əlinin bu gün qılınacaq cənazə namazında iştirak etmək üçün dünən axşam saatlarında şəxsi təyyarəsi ilə ABŞ-a yola düşüb. Cənazə namazını, həmçinin sabah keçiriləcək cənazə mərasimini də izləyəcəyi bildirilən Ərdoğanın daha sonra Türkiyəyə qayıdacağı qeyd edilib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama həyat yoldaşı ilə birlikdə liseyi bitirən qızı Malianın Vaşinqtonda keçiriləcək məzuniyyət mərasiminə qatıldıqları üçün əfsanəvi boksçunun sabahkı cənazəsində də iştirak edə bilməyəcək.
İordaniya kralı Abdullahın da iştirak edəcəyi mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da nitqi ilə çıxış edəcək.