Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Kürd dövləti” Türkiyə ilə İranı birləşdirdi – Ekspert

“Bölgə ölkələri Suriyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyir”.

Türkiyə, İran, eləcə də ərəb ölkələri İraqın ərazi bütövlüyünə xələl gətirərək, ölkənin şimalında hər hansı yeni subyektin yaranması ilə razılaşmayacaq.

Din.az bildirir ki, bu sözləri Axar.az-a siyasi analitik Vüqar Zifəroğlu İran və Türkiyənin kürdlərə qarşı birləşməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, ümumiyyətlə Kürdüstan məsələsində Türkiyə və İranın mövqeləri üst-üstə düşür.

“Təkcə Türkiyə və İranın deyil, ərəb ölkələrinin də bu məsələdə mövqeyi birmənalıdır. Bölgə ölkələri Suriyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyir. Bu iki ölkənin ərazilərində heç bir halda hansısa bir subyektin yaranmasına yol verməyəcəklərini bəyan edirlər. Halbuki hazırda İraqın şimalında sentyabrın 25-də Kürdüstan Muxtar Vilayətinin rəsmiləri tərəfindən referendumun keçiriləcəyi elan olunub. Bölgə ölkələrinin buna mənfi reaksiyalarına rəğmən, İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani bu referendumun keçiriləcəyini bildirib”.

Siyasi analitik qeyd edib ki, Türkiyə və İranın bu sahədə məsləhətləşmələr aparması, vahid mövqedən çıxış etməsi gözlənilən idi:

“Digər məqam isə Bərzaninin həm rəsmi Bağdadın, həm də Türkiyə və İranın, eləcə də ərəb ölkələrinin məsələ ilə bağlı təzyiqlərinə nə dərəcədə tab gətirə biləcəyi ilə bağlıdır. İndiyədək referendum məsələsi siyasi təzyiq və manipulyasiya aləti kimi rəsmi Bağdada qarşı Qərb və eləcə də kürd muxtar idarəetməsi tərəfindən istifadə edilib. Amma digər məsələ də referendum keçirilərsə belə, onun nəticələrinin təsdiqlənməsi ilə bağlıdır. Konkret olaraq referendumdan sonra Kürdüstan adlı müstəqil dövlətin yaranması prosesi son dərəcə ağrılı gedəcək və nəticələri gözlənilməz ola bilər. Bu səbəbdən, referendum keçirilsə belə, onun qərarlarının tətbiqi müəyyən müddətə ertələnə də bilər. Əgər Kürdüstanın müstəqilliyi qəbul edilərsə, bu rəsmi surətdə elan olunarsa, İraqın şimalında daha ciddi toqquşmaların müşahidə ediləcəyi mütləqdir”.

V.Zifəroğlu Qərb ölkələrinin də bu məsələyə artıq tərəddüdlə yanaşdığını vurğulayıb:

“Bölgə ölkələrinin bu məsələyə həssas yanaşması, Qərbin konkret mövqe nümayiş etdirməsinə mane olur. Referendum haqqında Qərb ölkələrinin nümayəndələrinin son açıqlamalarına diqqət etsək, onların mövqelərində xeyli yumuşalma və tərəddüdlər müşahidə etmək mümkündür”.

Qeyd edək ki, bu gün Türkiyənin Baş Qərargah rəisi Hülusi Akar ilə İranın Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri arasında telefon danışığı zamanı hər iki ölkə referenduma qarşı müqavimət göstərmək üçün fəaliyyətlərin koordinasiyası haqqında razılaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az