KİMLƏR MÜTLƏQ QURBAN KƏSMƏLİDİR? – ELŞAD MİRİ

“Qurbanlıq heyvanı halal pulla almaq lazımdır”.
Müsəlman dünyası bir neçə gündən sonra müqəddəs Qurban bayramını qeyd edəcək.
Din.az bildirir ki, tanınmış ilahiyyatçı Elşad Miri Axar.az-a müsahibəsində Qurban bayramı ilə bağlı ictimaiyyəti maraqlandıran suallara cavab verib.
Qurban bayramında nə etməliyik?
Müsahibimizin sözlərinə görə, qurbanlıq heyvanı halal pulla almaq lazımdır. Qurban kəsməmişdən öncə dualar oxunmalıdır. Qurban bayramı günü məscidlərdə iki rükət bayram namazı qılınır. Ehsan və sədəqə vermək də həmin gün üçün xarakterik xüsusiyyətlərdəndir. Bayram günü küsülüləri barışdırmaq, ehtiyacı olan insanlara maddi və mənəvi dəstək olmaq lazımdır.
Hansı heyvanları qurban kəsmək olar?
E.Miri qeyd edib ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Qurbanların təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə kəsilməsi vacibdir.
Kimlər mütləq qurban kəsməlidir?
Qurban kəsmək həcc ziyarəti qədər vacibdir. İmkanı olan şəxslərin qurban kəsməsi şərtdir. İmkanı olmayan insanlar qurban kəsməyə də bilərlər. Əgər ailə imkansızdırsa, borc pulla qurban kəsmək olmaz. Faiz və ya kredit isə dində ümumiyyətlə günahdır. Əgər haram yolla qazanılmış pulla, borc və ya faizlə qurban kəsilibsə, həmin insanın özünə qurban düşür.
Qeyd edək ki, bu il Qurban bayramı sentyabrın 1 və 2-də keçiriləcək.