Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İstanbulda Nuri paşa parkının açılışı olub

Nuri paşa (Nuri Killigil) İstanbulun Edirnekapı şəhidliyindəki məzarı başında anıldı.

15 sentyabr 1918-ci ildə Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində həlledici rolu olmuş Qafqaz İslam Ordusunun komandanı Nuri paşa (Nuri Killigil) İstanbulun Edirnekapı şəhidliyindəki məzarı başında anılıb.

Din.az APA-ya istinadən bildirir ki, Nuri paşa və onun sahibi olduğu silah zavodunun 1949-cu ildə partladılması nəticəsində şəhid olan 27 işçinin ruhlarına fatihə oxunub.

Sonra İstanbulun Beyoğlu rayonunun Sütlüce səmtində Nuri Killigil parkının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən İstanbul bələdiyyəsinin muzey və kitabxanalar idarəsinin rəisi Ramazan Minder Nuri paşanın xatirəsinin əbədiləşdirilməsi üçün bundan sonra da lazım olan işləri görəcəklərini vurğulayıb. O, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 15 sentyabr 1919-cu ildə “Azərbaycan” qəzetində çıxan “Haqq yerini tapdığı gün” adlı məqaləsindən bəzi yerləri oxuyub.

Azərbaycan Milli Ordusunun generalı olmuş Hüseynqulu Xan Xoyskinin nəvəsi Kərim Mehmetzade babasının Nuri paşa ilə bağlı bir xatirəsini danışıb: “Babam Hüseynqulu Xan danışmışdı  ki, Nuri paşa Bakını azad edən kimi Gəncəyə – qardaşı Fətəli xana teleqram göndərərək, hökuməti Bakıya köçürməyi istəyib. Fətəli xan bu işi böyük qardaşı olan babam Hüseynqulu xana həvalə edib. Hökumət iclas keçirib, Bakını paytaxt elan edib, məclis hökumətin qərarını təsdiqləyib, o, qısa müddətdə babam Gəncədən xeyli əsgər yığıb, Bakıya yola düşüb. Nuri paşa hər il mayın 28-də və sentyabrın 15-də böyük qardaşı Ənvər paşanın Ortaköydəki villasında böyük ziyafətlər təşkil edib, Azərbaycan dövlətinin qurulması və Bakının xilasında şəhid olanları anardı”.

Mərasimdə çıxış edən Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar isə deyib ki, 100 il əvvəl türklərə qarşı oynanan oyunlar yenidən oynanılır: “O vaxt olduğu kimi bu gün də bizə Nuri paşalar lazımdır”.

Nuri paşanın həyat və fəaliyyətindən bəhs edən “Nuri Killigil” kitabının müəllifi Atilla Oral Azərbaycanda Nuri paşanın çox sevildiyinə diqqəti cəlb edərək, “Bakıda da Nuri paşanın adına parkın olmasını, heykəlinin qoyulmasını arzu edirəm”, – deyib.

Nuri paşanın böyük qardaşı Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan da açılış mərasimindəki çıxışında Nuri paşanın səyləri nəticəsində Ənvər paşanın arxivinin qorunduğunu, ailəyə Türkiyədə yaşamağa icazə verildiyini deyib.

Qeyd edək ki, park salınan ərazidə 2 mart 1949-cu ilədək Nuri Killigilin silah zavodu olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az