“İSLAMIN TERROR DİNİ KİMİ TƏQDİM EDİLMƏSİNDƏ MÜSƏLMANLARIN DA GÜNAHI VAR” – VİDEO

“Təəssüflər olsun ki, İslam terror dini kimi təqdim edilir”.
İTV kanalında yayımlanan “Aktual Mövzu” verilişində 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ətrafında müzakirə aparılıb.
Verilişdə qonaqların iştirakı ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Dəvət olunan qonaqlar isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu və ilahiyyatçı Elşad Miri olub.
Aparıcı Anar Yusifoğlu “2016-cı il “Multikulturalizim İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan olundu. Bununla Azərbaycan dünyaya hansı mesajı vermək istəyir?” sualı ilə tanınmış ilahiyyatçı Elşad Miriyə müraciət edib.
İlahiyyatçı “İslam Həmrəyliyi” anlayışını gündəmə gətirməyin, bu günləri parçalanan, bölünən, müharibələrin baş verdiyi Yaxın Şərqdə İslam dünyasında olan hadisələrə bir adekvat cavab olduğunu bildirib: “Bu günləri barış, sülh, əmin-amanlıq dini olan İslam dini təəssüflər olsun ki, İslam =Terror dini kimi təqdim edilir. Burada müsəlmanların özlərinin də günahı yoxdur deyə bilmərik. İslam Həmrəyliyi məsələsinin gündəmə gətirilməsi təbii ki, İslamın nəzərdə tutduğu birliyə, insanların həmrəy olmaq məsələlərinə bir cavab olacaq”.
İslam dinin dar bir çərçivədə anlaşılmamasını deyən ilahiyyatçı, 610-cu ildə İslamın Allahın sonuncu elçisi Muhamməd Peyğəmbərə göndərilmiş bir din olaraq qəbul edilməməsini xüsusi vurğulayıb. Əslində bu dinin bütün insanlara göndərilmiş bir din olduğunu, birlik, həmrəylik, sülh daşıdığını, insanların bu birliyi yaratmaqda borcu olduğunu qeyd edib.
BMT-nin açıqladığı statistikaya toxunan Elşad Miri bildirdi ki, dünyada oxumaqla yazmağı bacaranların azlığı daha çox müsəlman ölkələrin payına düşür. “Yəni bu onu göstərir ki, biz Quranda sadalanan məqamlardan çox uzaq qalmışıq. Halbuki Quran kitabı “oxumaq” mənasına gəlir və ilk əmiri “oxu” deyə başlayır. Amma inanıram ki, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də digər qurumlarımız birlikdə həmrəy olaraq bu məsələlərə gözəl şəkildə aydınlıq gətiriləcək, hər hansı plan və proqramlar hazırlanıb insanlara təqdim olunaraq maarifləndirmə işləri aparılacaq”.
İlahiyyatçı cihadın ələ silah alıb döyüşmək olmadığını isə belə izah edib: “İnsanlar biləndə ki, Allahın Quranda bildirdiyi cihad ələ silah alıb döyüşmək yox, əksinə bu Quranla cihad edin (cəhd edin) deməkdir. Yəni bu kitabla, maariflənməklə, elmlə, bilgi ilə insanlara bunu çatdırmağa cəhd göstərin”.
– Siz maarifləndirmə məsələsinə toxundunuz. İslam Həmrəyliyinin təbliğində medianın üzərinə hansı vəzifələr düşür? Yəni cəmiyyəti maarifləndirmək üçün hansı addımlar atılmalıdır?
“Mediada, jurnalistikada peşəkarlıq və yaxud ixtisaslaşma məsələsi gündəmə gəldiyinə görə bu maarifləndirmənin üzərinə ciddi bir məsələ düşür. Məsələn, bu günləri hər hansı bir xəbər dərhal araşdırılmadan mətbuata verilməsi doğru yanaşma deyil. Çünki Allah Qurani-Kərimdə də deyir ki, biri xəbər gətirdiyi zaman mütləq onu araşdırın. Əslində İslam dinin terror dini kimi təqdim edilməsi medianın günahıdır. Bu gün dünyaya informasiyanı ötürən CNN, BBC, EuroNews-dursa, digərləri informasiyanı onlardan götürməyə çalışır. Ona görə də bu məsələlərin mediada işıqlandırılması üçün ciddi mənada bilən ekspertlərin olması lazımdır ki, onlardan soruşularaq ictimaiyyətə təqdim edilsin”, – deyə E.Miri cavablandırıb.
Məzhəb ayrı-seçkiliyinə də toxunan ilahiyyatçı Avropa ölkələrində olan müsəlmanlarla Azərbaycandakı müsəlmanların namaz qılmalarına da diqqət çəkib: “bu günləri Azərbaycanda cümə namazlarında digər məhzəb nümayəndələri birlikdə namaz qılırlar. Birlikdə cüməni qıla bilirlər. Amma təəssüflər olsun ki, Avropanın Hollandiya, Belçika, Almaniya, İtaliya, Fransa kimi ölkələrində müsəlmanların yaşadıqları bölgədəki məscidlərin hər biri fərqləndirilib. Yəni hər kəs öz məzhəbinə uyğun məscid açır və orda namaz qılır”.
“Din.az” saytı verilişdən olan videogörüntünü təqdim edir:
Verilişin tam versiyası: