“İslamda Yoxdur” kitabı Prezidentin iştirak etdiyi Qırğızıstan Sammitində sərgiləndi – FOTO

Elşad Mirinin qadağan olunan “İslamda Yoxdur” kitabı sərgidə …
“Kitabları görən Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov “Maşallah, maşallah” deyərək gördüyümüz işlərə heyranlığını bildirdi”.
Din.az “A24.az”a istinadən bildirir ki, bu sözləri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov şəxsi “facebook” səhifəsində yazıb:
“Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşünə fondumuzun nəşr etdirdiyi 4 Paket və 4 qutu kitabla getmişdim. Çox mühüm kitablar idi. “Manasşünaslıq” dörd dildə (ingilis, rus, türk və qırğız dillərində), “Türkün və dilinin kökəni” 2 cilddə, “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” qırğız dilində, “Admiral Bristolun raportu” qırğız dilində, “Prezident İlham Əliyev” 3 cilddə, “Dünya siyasətinin zirvəsini fəth edənlər” iki cilddə, “Qırğızstan Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu”, “İslamda yoxdur…”.
Kitabları görən Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov “Maşallah, maşallah” deyərək gördüyümüz işlərə heyranlığını bildirdi. Cənab nazir Elmar Məmmədyarov məndən soruşdu ki, qırğız dilində kitablar nəşr etdirmisinizmi? Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını möhtərəm nazirə göstərdim. Elmar müəllim heyranlığını gizlətmədi. “Afərin” deyərək işimizi təriflədi və çalışdı ki, kitablar Prezidentimizə təqdim edilsin. Hətta o Azərbaycan Prezidentinin protokol xidmətinin əməkdaşı Cavid adlı birisindən xahiş etdi ki, kitabların Prezidentə təqdim olunmasında bizə yardımçı olsun. Çox təəssüf ki kitabları Prezidentlərə və qonaqlara təqdim edə bilmədim. “Niyəsini” siz deyin! (Şəkildə yanımda olan paketlərdəki kitabların bir qismidir). Kitabları sərgilədik. Tədbir iştirakçılarının bir çoxu gördü”.
Qeyd edək ki, sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib. Prezident İlham Əliyev də sammitdə iştirak edib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov isə həmin sammitin görüşünə nəşr etdirdyi kitablarla gedib.
Nüsrət Məmmədovun sərgilədiyi kitablar arasında azərbaycanlı ilahiyyatçı Elşad Mirinin qadağan olunan “İslamda Yoxdur” kitabı da olub. Xatırladaq ki, Nüsrət Məmmədov paylaşımlarının birində Elşad Mirinin “İslamda Yoxdur” adlı kitabının Prezident İlham Əliyevə göndəriləcəyini bildirmişdi.