İslam Universitetinin kadr hazırlamağa imkanı varmı?

“Modern bir mədrəsə sisteminin qurulmasına çalışmaq lazımdır…”
Görəsən, Bakı İslam Universitetinin yerli dini kadrların hazırlanmasına kifayət qədər imkanı varmı? Yerlərdə yaradılacaq mədrəsələr lazımi səviyyədə kadr hazırlaya biləcəkmi?
“Din.az” xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a açıqlama verib. Deputat qeyd edib ki, dövlətin bu istiqamətdə addımlar atması müsbət qarşılanmalıdır: “Hesab edirəm ki, Azərbaycanın əhali potensialı elə də çox deyil və ona görə də bizdə bunu təmin etmək üçün imkanlar var. Amma bu imkanları doğru qiymətləndirmək lazımdır. Xaricdə təhsil almış insanlara şübhəli yanaşmaq olmaz. Onların da potensialından istifadə etmək lazımdır. Xüsusilə də Türkiyədə təhsil almış insanların hazırlıq səviyyəsindən müəyyən dərəcədə istifadə etmək lazımdır. Çünki bu insanların böyük əksəriyyətində vətənpərvərlik bizdəkindən nəinki az, hətta artıq olur. Ona görə də dinə bağlılıq, vətənpərvərlilik tamamilə başqa bir yanaşma tələb edir. Ona görə də mədrəsələrin yaradılması müsbət haldır. Ən azı ölkə daxilində müəyyən dərəcədə ölkənin prinsiplərini, dövlətin maraqlarını nəzərdə tutaraq insanların yetişməsinə, onların başqa ölkələrin təsiri altına düşməməyinə şərait yaradacaq.
Amma bütövlükdə ilk növbədə din adamının savadlı olması vacibdir. Savadlı olması üçün də yüksək səviyyəli təhsilin, peşəkar müəllimlərin olmasına ehtiyac var. Bunu təmin etmədikdə müəyyən yarımçıqlıqlar ortaya çıxacaq və dini cəhalətə qarşı mübarizədə effekt verməyəcək. Bu baxımdan, məncə, bütün imkanları ölçüb-biçərək daha mütərəqqi, modern bir mədrəsə sisteminin qurulmasına çalışmaq lazımdır. Hər halda, dövlətin bu istiqamətdə müəyyən addımlar atması müsbət qarşılanmalıdır”.