Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

“Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin nümayəndələri çox rahat yaşayıblar”.

Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.

“Din.az” Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, bu fikirlər bu gün Abşeron Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfransda səsləndirilib.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, dini icma rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin iştirak etdiyi tədbir dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişı ilə başlayıb.

Tədbiri Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Bildirib ki, Azərbaycanda bir neçə ay sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslamdakı həmrəyliyi təcəssüm etdirəcək. Digər tərəfdən, ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. Bu həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. Dövlət tərəfindən Azərbaycanda çoxlu məscidlərin tikildiyini, bir qisminin isə əsaslı şəkildə təmir edildiyini vurğulayan İ. Gülməmmədova Abşeron rayonunda da dini sabitliyin hökm sürdüyünü bildirib.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi və İslami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir.

M.Qurbanlı Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələrinin rahat şəkildə yaşadığını və heç zaman dini-etnik zəmində münaqişə baş vermədiyini vurğulayıb. Bütün bu faktlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb.

Komitə sədri bu gün müzakirəyə çıxarılan mövzunun nəinki regionda, eləcə də dünyada gedən proseslərə adekvat münasibət sərgilədiyini bildirib: “Əlbəttə ki, bu gün bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır”.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı doğru və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az