Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İNGİLTƏRƏDƏ 2001-Cİ İLƏ QƏDƏR MÜSƏLMANLAR ÜÇÜN HƏR ŞEY QAYDASINDA İDİ” – LONDONDA MƏSCİDDƏN FOTOREPORTAJ

Məhz xristian ölkələrdə məscidlərin fəaliyyət göstərməsi daha çox insanın diqqətini cəlb edir.

Məscidlər say baxımdan müsəlman ölkələrində daha çox olsa da, müsəlman ibadətgahlarına xristian ölkələrində də rast gəlinir.

Məhz xristian ölkələrdə məscidlərin fəaliyyət göstərməsi daha çox insanın diqqətini cəlb edir.

Görəsən orada yaşayan müsəlmanlara hər hansı təzyiq olurmu? Məscid müsəlman ölkələrdə olduğu kimi geniş, təmiz və böyük həcmli olurmu?

“Dni.az” bildirir ki, bu suallara cavab tapmaq üçün A24.Az -ın əməkdaşı Orxan Aslanlı ötən həftə İngiltərənin paytaxtı Londonda araşdırma aparıb.

Yerli əhalinin sözlərinə görə, şəhərdən az kənarda “İslam Mərkəzi” fəaliyyət göstərir və adətən orada müsəlmanların sayı üstünlük təşkil edir. Londunun mərkəzi küçəsi sayılan “Berwig”də də məscid kimi fəaliyyət göstərən islam mərkəzi var. Orada fəaliyyət göstərən məscidin vəziyyətini görmək, eləcə də müsəlmanları necə və hansı şəraitdə yaşadıqlarını onların dilindən eşitmək üçün həmin küçəyə yollandım.

Məscid bizdəki kimi geniş və hündür görünmürdü. Çox  mərtəbəli binanın sadəcə birinci mərtəbəsinin üzərində “İslam Mərkəzi” yazısı var idi. Sadəcə bu söz oranın məscid olmasına işarə idi. Başqa heç bir yazı və ya işarə buranın məscid olduğunu bildirmirdi. Namaz vaxtı olan kimi qapını açıb dəstəmaz alıb, ibadət etdikdən sonra, sanki kimdənsə, qaçırmış kimi qapını bağlayıb gedirlər.

Məscidin imamını və həmin binanın açarların üzərində gəzdirən, yəni qapını açıb bağlayan şəxsi namaz qılıb bitənədək gözlədim. Sözün açığı suallarıma ətraflı cavab veriləcəyini və xoş qarşılanacağımı gözləyirdim. Amma tam əksi baş verdi. Jurnalist olduğumu və bu ölkədə müsəlmanların necə yaşadığını və məscidlərin necə fəaliyyət göstərdiyini, burada nə qədər müsəlman yaşadığını öyrənmək üçün gəldiyimi bildirdim. Məscidin açarlarını üzərində gəzdirən şəxsdən kimliyini soruşanda sərt şəkildə “kim olduğum nəyinə lazımdır? Bura nəyə gəlmisən?” suallarını eşitdim:

“Suala bax, “nə qədər müsəlman yaşayır?”. Mən hardan bilim nə qədər müsəlman yaşayır? Milyonlarla (hər iki əlinin geniş şəkildə aralayıb deyir) Dəqiq rəqəm deyə bilmərəm”.

Əsəbi halda dodaqaltı sualımı tam olmasa da cavablandıran şəxs, məscidin 44 ildir fəaliyyət göstərdiyini bildirdi:

“Müsəlmanları niyə sıxışdırmalıdırlar ki? Hər şey qaydasındadı. Bu sualları verməkdə məqsədiniz nədir?”

Bu sözləri deyib qapıya tərəf istiqamətləndi.

Məscidin imamı da adını deməkdən çəkinsə də, həftənin  cümə günün bura gələn müsəlmanların sayının çox olduğunu vurğuladı:

“Adətən həftənin cümə günü məscidə gələnlərin sayı çox olur. Londonda dəqiq şəkildə nə qədər müsəlman yaşadığını deyə bilmərəm. Onun üçün siz gedin mərkəzi küçədəki İslam Mərkəzi var, ordan dəqiq rəqəmi öyrənə bilərsiniz”

Qısa dialoqdan sonra məscidin imamı və oranın qapısını açıb bağlayan şəxs tələm-tələsik qapını bağlayıb mərkəzə doğru yollandılar.

Suallarıma cavab tapmaq üçün uzun müddətdir Londonda yaşayan müsəlman paytaxt sakini ilə həmsöhbət oldum.

Onun sözlərinə görə, Londonda 1400-dən çox məscid var:

“2001-ci ilə qədər hər şey çox rahat idi. Müsəlmanlara dəyib dolaşmırdılar. Ancaq 2001-ci ildə ABŞ-da məlum hadisədən sonra (Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də əkiz qüllələrin vurulması və digər terror hadisələrini törədilməsi) Londonda yaşayan müsəlmanlar daha çox sıxışdırılmağa başlanıldı”.

Paytaxt sakini bildirir ki, Londondan kənarda məscidlərin sayı daha çoxdur:

“Londondan kənardan məscidlər daha böyükdür. Müsəlmanların da sayı lap çoxdur. Hətta ətraf qəsəbələrdə elə yerlər var ki, orada müsəlmanların sayı yerli əhalinin sayından daha çoxdur. Mərkəzə turistlər çox gəlir deyə, qarışıq adamların sayı çoxdur. Əvvəl çox yaxşı idi. Heç kim müsəlmanlara dəyib dolaşmırdı. İndi adi işə götürəndə çox sual-cavab edirlər”.

O həmçinin əlavə etdi ki, Londonun bəzi küçələri ilə müsəlmanlar gedib gəlmirlər:

“Misal üçün elə küçələr var ki, ordan ümumiyyətlə keçib getmirik.  Yəqin özünüz də görümüsüz “Çin küçəsi” necə bir yerdir. İçki iyi, massaj salonları və.s. Bundan başqa burda həftənin cümə və şənbə günləri içki məclisləri daha çox təşkil olunur. Bu səbəbdən o küçələrlə müsəlmanlar hərəkət etmirlər ki, içki iyi onları vurmasın”.

Həmsöhbət olduqlarım eləcə də məscidin imamı ilə söhbət zamanı hiss etdim ki, Londonda yaşayan müsəlmanların sayı yetəri qədər olsa da, orada yaşayan müsəlmanları sıxışdırırlar. Amma nədənsə məscidin imamı və ora namaz qılmağa gələnlərin bəzisi bunu etiraf etməyə çəkinirdirlər. Adlarını gizlətməsi, suallarımdan yayınması və qısa müddət ərzində heç kimə görünmədən namaz qılıb ərazini tələm-tələsik tərk etmələrini orda yaşayan müsəlmanların sıxışdırıldığının göstəricisi kimi göründü.

Orxan Aslanlı, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az