Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İmam Əzəm Əbu Hənifəni nə dərəcədə tanıyırıq?

Quran və sünnə Əbu Hənifə üçün olduqca əhəmiyyətli idi.

Əbu Hənifə İslam tarixində müxtəlif düşüncə sistemindən bir çox tədqiqatçının diqqətini cəlb edən mühüm şəxsiyyətdir. Əsl adı Numan Bin Sabit olan Əbu Hənifə, hicri tarixilə 80-ci ildə (699) İraqın Kufə şəhərində dünyaya gəlib. Əməvi və Abbasi hakimiyyəti altında da yaşayan Əbu Hənifə, Əməvilərin İraq soyqırımının şahidi olub.

Əməvi hakimiyyətilə razılaşmadığı, Əməvi valisi İbn Əbu Hubeyrənin hakimlik təklifini rədd etdiyinə görə müxtəlif zülmlərə məruz qalan Əbu Hənifə, Abbasilər dövründə də müxalif mövqeyini davam etdirib.

Yasadığı dövrlərdə bir çox siyasi təqib və təzyiqlərə məruz qalan, vəfatından bu günə qədər bəziləri tərəfindən ən böyük imam, bəziləri tərəfindən isə bidətçi qəbul edilən Əbu Hənifə haqqında ilahiyyat sahəsinin professoru Vəcdi Akyüzlə söhbət etdik.

Əbu Hənifənin hədis və rəvayət mədəniyyətinə baxışı necə idi?

Əbu Hənifə rəvayətlərdə yalnız sənədin kifayət etmədiyini iddia edir. Bununla yanaşı, o, mətn araşdırması ilə də məşğul olub. Yəni rəvayət edənlərin sənədinin Peyğəmbərə qədər gedib çatması, rəvayət edilənin isə Peyğəmbərin dilindən çıxması çox mühümdür. Buna isbat problemi deyirik. Rəvayət yalnız sənədlə isbat edilmir, həmçinin mətnin Peyğəmbərə aid olmasında da heç bir şübhə olmamalıdır. Əgər isbat məsələsini göstərə bilməsək, həmin rəvayət Peyğəmbərə aid deyil, sonradan ortaya çıxan mətn kimi qəbul edilir. Bu rəvayət doğru olsa da Peyğəmbərə aid deyildir.

Rəvayətin doğru olmasını müəyyən etməyin də üsulu vardır

Rəvayəti üzə çıxaranlar onu Peyğəmbərin sözü kimi qəbul etmək istəməyiblər. Halbuki Əbu Hənifə buna dəyər vermir. Onun fikrincə, rəvayətin Peyğəmbərin ağzından çıxdığı kimi bizə çatması çox mühümdür. Rəvayətin doğru olmasını üzə çıxarmağın da üsulu vardır. Əbu Hənifə belə deyir: “Ən əvvəl Qurani-Kərimdəki əsaslara uyğun olacaq, ümmətin əvvəl müəyyən etdiyi səhih sünnəyə, hədislərə və ağıla uyğun olacaq şəkildə həmin hədisə dəyər verməklə Peyğəmbərə isnad etmək lazımdır”. O, bunun xaricindəki üsulları qəbul etmir. Digər məzhəblər isə yalnız sənədin, mətnin doğruluğuna təminat olduğunu düşünür ki, bu böyük səhvdir. Bu, məsələnin yalnız bir tərəfini göstərə bilər. Mühüm olan isə mətnin özü olmalıdır. Əgər səhih olduğunu iddia edəcəyiksə, o zaman Quranda Peyğəmbər üçün müəyyən edilən “usveyi hasənə”sinə (gözəl nümunə olmasına) uyğun mətn olmalıdır.

Bəzi hədis alimləri Əbu Hənifəni kafir adlandırıb “Əhli rəy” ifadəsini işlədirlər. Bu dediklərinizi aşağıdakı kimi izah edirik?

Bəli, bu üsula ümumi mənada rəy üsulu, başqa sözlə İraq üsulu deyirlər.

Əbu Hənifənin istər öz dövründə, istərsə də sonrakı dövrlərdə Əhli rəy olduğuna görə hədis alimləri tərəfindən (İmam Malik, Əhməd bin Hənbəl, Süfyan Səvri, Buxari və b.) bidətçilikdə ittiham edilməsi haqqında nə deyə bilərsiniz?

Bu ittihamlar özlərinin səhv fikirlərini yeridənlərin anlayışlarıdır. Yəni sanki “əhli hədis” yeganə həqiqətdir, sanki onların yanaşması ən doğru olandır. Bunlar bu gün də mövcuddur. Belə ki, bu düşüncədə olanlar Əbu Hənifənin nə demək istədiyini də tam mənada başa düşmürlər. Yəni hədis mətnlərinin isbatı ilə bağlı Əbu Hənifənin dediklərini onlar tam şəkildə başa düşmür, doğru qavramırlar. O üsul fərqləri belə ittihamları üzə çıxarır ki, bu da çox təbiidir.

Buxari öz əsərlərində bunu ad çəkmədən edir. Burada nəzərdə tutulan şəxsin isə Əbu Hənifə olmadığını iddia edənlər də vardır. Siz nə düşünürsünüz?

Əbu Hənifəyə aid olan fiikirləri bilirik. Şübhəsiz ki, onlarla bağlı ifadələrin izahı həmin şəxsin Əbu Hənifə olduğunu göstərir.

İmam Malikdə də qismən rəy üsulu vardır

Yalnız Əbu Hənifədə deyil, İmam Malikdə də qismən rəy üsulu mövcuddur. Onu hədis əhli hesab etsələr də onda da bu cəhət vardır. İmam Maliki bir qədər də yaxından tanımaq lazımdır. Mədinə əhlinin əməl məsələsi rəy yanaşmasına yaxın yanaşmadır. İmam Maliklə Əbu Hənifə görüşərək belə mövzularda geniş fikir mübadiləsi aparıblar.

Əbu Hənifənin həyatı gərgin mübarizələrdə keçib. Bu günə qayıtsaq, hətta Əhli sünnə cizgisində olan məzhəblərin də öz aralarında Əbu Hənifəyə qarşı sərt davranmalarını necə qiymətləndirməliyik?

Sünnilik etiqadi və siyasi baxımdan müəyyən dəyərləndirmədir. Fiqhi olan cəhəti bu çətirin altında olan məsələdir. Hər şeydən əvvəl bu çətiri yaxşı bilməliyik. Ən əvvəl qeyd edək ki, sünni, şiə və xarici fərqinin qoyulması etiqadi və siyasi məqsəd daşıyır.

Məzhəblər arasındakı ixtilaflar

4 haqq məzhəb anlayışı Məmluk Sultanı Baybarsın fəaliyyətləri nəticəsində yaranıb. Həmin dövrdə Qahirədə 4 qazi vardı. Bu qazilər arasında mübahisələr yaranır. Baybars alimləri toplayır, bir məclisdə qərar qəbul edilir və hər məzhəbə baş qazilik verilir. Məzhəblərin arasındakı mübahisələri həll etmək üçün belə bir addım atır. Sonra isə 4 məzhəb anlayışını irəli sürür. Həmin məzhəblərə Zahiriliyi də əlavə etmək lazımdır. Lakin dövrümüzdə onların bir o qədər də mənsubu qalmayıb.

Bu məzhəblərin öz daxilində tənqidlərin olması müəyyən düşüncənin dinamizmi üçün əsas şərtdir. Burada mühüm olan bunun müəyyən elmi üslubda olması, ağır ittihamlara səbəb olmamasıdır. Dövrümüzdə hətta ən kiçik məsələdə kimisə kafir adlandırırlar. Ən kiçik fikir ayrılığına da dözüm göstərilmir. Halbuki üsuluna uyğun düşüncə səhv ola bilər. Lakin həmin düşüncə üsuluna uyğun olaraq tənqid edilsə, təkmilləşə bilər. Düşüncənin təkmilləşməsi üçün elmi üslub daxilində müəyyən tənqid ənənəsinin olması çox vacibdir.

Əbu Hənifə yaşasaydı, Hənəfi olduğunu deyənlər ona necə yanaşardılar? Yaxud o öz tərəfdralarına necə baxardı?

Keçmişdə Əbu Hənifəni hədsiz dərcədə tənqid edənlər, “o da imamlardan biridir” deyənlər, dövrümüzdə nəhəng kitablar yazır, Əbu Hənifəni dünyanın ən böyük hüquq alimi kimi tanıtmağa çalışırlar. Bu çox ziddiyyətli haldır. Yəni Əbu Hənifə düşüncə ənənəsində müəyyən yeri olan şəxsiyyətdir. Bu baxımdan o tanınmalıdır. Onun hədsiz dərəcədə müsbət, yaxud hədsiz dərəcədə mənfi cəhətdən tanınmasında heç bir tərəf mübaliğəyə yol verməməlidir. O da hamı kimi bir insandır. Ümumi olaraq onun düşüncələrinə müəyyən bağlılıq olsa da onu da hamı kimi bəzi düşüncələrinə görə tənqid etmək olar. Bu səbəbdən, insanlar onu kifayət qədər tanımaya bilərlər. Burada alimlərin üzərinə böyük işlər düşür. Yalnız Əbu Hənifəni deyil, tarixdəki bütün böyük alimləri obyektiv şəkildə və onların əsl düşüncələriylə tanıdan əsərlər yazılmalıdır.

Əbu Hənifənin həm siyasi mübarizəsini, həm elmdə yüksəlməsini, həm də hansı şəraitdə nələrin baş verdiyini bilməliyik. Bu məsələdə bəlkə də insanlar onu tanımırlar. Lakin araşdırma aparmaqla müəyyən həqiqətlər əldə edilə bilər.

Əbu Hənifə sərbəst düşüncəli insandır

Əbu Hənifə bu gün aramızda olsaydı, necə olardı? Bunu bilməliyik. Lakin düşünürük ki, yenə də tərəfdarlarından razı qalardı. Həddi aşanları xoşlamazdı. Yəni əsl dəyərləndirmə aparmaq çox çətindir. Çünki o çox sərbəst düşüncəli, tərəf saxlamayan, tərəfsiz yanaşa bilən şəxsdir. O, səhvinin ona deyilməsini də xoşlayırdı. Belə ki, Əbu Hənifə tələbələrini də buna sövq edib. Əbu Hənifə onu kifayət qədər tanımayanı, dini bilikləri az olanı, səmimiyyəti və elmi düşüncəsi olmayanları sevmirdi.

İstənilən sual, yaxud məsələ qarşısında Əbu Hənifə hansı üsuldan istifadə edirdi?

Əbu Hənifənin 40 bilikli tələbəsi vardı. Onların hər biri öz sahəsinin yaxşı bilicisi olublar. Bəziləri təfsirdə, bəziləri ərəb dili və ritorikada, bəziləri leksikologiyada, bəziləri də tarix sahəsində mütəxəssis idilər. Bu tələbələriylə keçirdiyi toplantılarda xalqın iştirakına icazə vermirdi. Xalqla keçirdiyi ümumi  söhbətləri də ayrı idi. Həmin üstün tələbələrilə keçirdiyi toplantıda ən ağır elmi mövzular da ədəb çərçivəsində müzakirə edilirdi. Bəzən Əbu Hənifə də fikrini dəyşdirir, fikirlərin toqquşmasını, mütəxəssislərinin hər mövzuda danışmasını istəyirdi. Məncə bu üslub, dövrümüzdə akademik üslubdan da yüksəkdir. Bu gün çox təəssübkeş akademiklər də var, sərbəst görünüb gizli şəkildə öz fikirlərini yürütməkdə inad göstərənlər də…

Quran və sünnə Əbu Hənifə üçün olduqca əhəmiyyətli idi

Rəy üsulu dedikdə, səhv başa düşməməliyik. Bu, yalnız rəyə əsaslanan üsul deyildir. Burada hərş eydən əvvəl Quran mühüm mənbədir. Lakin bəzi ayə və məfhumları fərqli şəkildə başa düşə bilərik ki, bunun da səbəbləri vardır. Quran və sünnə Əbu Hənifə üçün çox əhəmiyyətli idi. Lakin incəliklərdə fərqli düşüncələr ola bilər. Bu, səhabələr arasında, hətta Peyğəmbər (s) dövründə də mövcud olub. Peyğəmbər (s) də bunları daim dəyərləndirib. Əbu Hənifə də belədir. Hamısını yüksək səviyyədə müzakirə edib, danışdırıb, sonda müəyyən bir fikri qəbul edib. Əbu Hənifənin böyüklüyü və dövrümüz üçün nümnəvi olması da bundadır.

Əbu Hənifənin yazdığı əsər var?

Onun şəxsən əsər yazıb yazmaması mübahisəli mövzudur. Lakin dövrümüzdəki fikirlərin ona aid olmasına heç bir şübhəm yoxdur. “əl-Fıqhul əkbər” bu mövzuda mühüm mətndir.

müəllif Cuma Obuz

“Din.az” “A24.az”a istinad edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az