İlahiyyatçı “İSLAMDA YOXDUR” kitabını çapa HAZIRLAYIR

“Hazırda “İslamda yoxdur” adlı kitabıma fokuslanmışam”.
İslam dininin əsas kitabı olan Quran müxtəlif dövrlərdə bir neçə alim tərəfindən tərcümə edilib. Həmçinin Azərbaycanda da bu kitabı tərcümə edənlər var. Məsələn, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu və başqaları. Hazırda sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva da Quranı tam yeni variantda tərcümə edənlərdəndir. İlahiyyatçı Elşad Miri də bu təşəbbüslə çıxış edir.
Hazırda Quran tərcüməsi məsələsi nə yerdədir?
Din.az xəbərinə görə, tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, tərcümə uzun prosesdir:
“Hazırda “İslamda yoxdur” adlı kitabıma fokuslanmışam. Bu kitabı gələn ilin ilk ayında Dini Komitədən icazə alıb çap etdirmək istəyirəm. Artıq axırıncı mövzu üzərində işləyirəm. Bu kitabda bir neçə Quran ayəsinin düzgün tərcüməsi qeyd edilib. Kitab yeddi mövzunu əhatə edəcək.
“İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları qeyd etmək olar. Bunları bitirmişəm, sadəcə sonuncu mövzunun üzərində çalışıram.
Bundan sonra ikinci kitabım Qurana giriş mahiyyətində olacaq. Bu kitabın adını konkret olaraq müəyyənləşdirməmişəm. Kitabda Quran nədir, nə vaxt yazılıb, necə ərsəyə gəlib, əlimizdə mövcud olan Quran hansıdır, ilk Quran kitabı yandırılıbmı və s. kimi məsələlər öz əksini tapacaq.
Bundan sonra əksəriyyətin namazlarda oxuduğu qısa surələrin izahını, geniş təsfirini verəcəyəm. İnsanlar oxuduqları surələrin mənasını bilsinlər.
Bütün bunlardan sonra “İslamda yoxdur” kitabının ikinci cildini hazırlayacam. Peyğəmbərimizin həyatının düzgün tərcüməsini yəqin ki, iki cild halında çapa verəndən sonra Quran kitabını tam şəkildə insanların ixtiyarına verməyi planlaşdırıram. Bu da yaxın zamanda olmayacaq, uzun bir prosesdir”.