Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRDOĞANIN OĞLU ATATÜRK LİSEYİNİ DİNİ MƏKTƏBƏ ÇEVİRDİ

Atatürk liseyi Bilal Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Gənclik Vəqfinə (TÜGVA) verilib.

Atatürkün adını daşıyan məktəbdə Qurani-Kərim və peyğəmbərin həyatı tədris olunur.

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən məşhur təhsil ocaqlarından biri olan Atatürk liseyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Gənclik Vəqfinə (TÜGVA) verilib.

Məktəbin dərsliklərində, vəqfin açdığı yay məktəbində dini təhsil verilir.

Din.az bildirir ki, Sputnik.az-ın “Cumhiriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, İzmir Atatürk Liseyinin məzunları bu vəziyyətə etiraz ediblər. Onlar məktəbin “dünyəvi, inqilabçı və elm yuvası” olduğunu vurğulayaraq məsələyə hüquqi qiymət verilməsini tələb edəcəklərini bildiriblər.

TÜGVA-nın bu il 25 min şagirdi yay məktəbi çərçivəsində din təhsilinə cəlb edildiyi bildirilib. Bilal Ərdoğanın Yüksək Məsləhət Şurasının üzvü olduğu TÜGVA-nın Atatürk Liseyindən istifadəsi Milli Təhsil Nazirliyi ilə vəqf arasında imzalanan Mədəniyyət və Dəyərlər Protokolu əsasında reallaşıb.

TÜGVA-dan İzmir Atatürk Liseyinə göndərilən yazıda protokol çərçivəsində məktəbdəki 7 sinifin 11 sentyabra qədər bazar ertəsi — cümə axşamı günləri onların sərəncamına verilməsi istənilib.

Bundan sonra məktəbdə ilk olaraq şagirdlər üçün məlumatlandırma konfransı keçirilib. Konfransda yay məktəbi çərçivəsində onlara dini təhsil veriləcəyi bildirilib.

TÜGVA-nın saytında bu il 25 min şagirdə təhsil verildiyi qeyd olunub. “Yay məktəbində səhər saatlarından günortaya qədər dinimizin təməl prinsipləri, 5 şərti və Qurani-Kərim öyrədilir. Nahardan sonra isə inkişaf etməkdə olan uşaqların ehtiyac duyduqları fiziki fəaliyyətlər həyata keçirilir. 1500 təhsil işçisinin 57 bölgədə təşkil etdiyi yay məktəblərinin fəaliyyəti Milli Təhsil Nazirliyi tərəfindən dəstəklənir və dərslər mütəxəssislər tərəfindən verilir. Yay məktəblərində səhərdən günorta saatlarına qədər Qurani-Kərim, Peyğəmbərimizin həyatı və təməl dini məlumatlardan ibarət dərslər verilir” — deyə qurumun rəsmi saytında bildirilir.

Məktəbin TÜGVA-ya təhvil verilməsinə qarşı olan məzunlar hüquq çərçivəsində fəaliyyətə başlayıblar. İzmir Atatürk Liseyinin Məzunları Dərnəyindən verilən açıqlamada deyilir: “Dünyəvi və demokratik təhsil sistemimizin əleyhinə olan, məktəbimizin adını daşıdığı, siniflərində və ruhunda qürurla yaşatdığımız Atatürkün prinsiplərini, dəyərlərini və inqilabi addımlarını heçə sayan, tarixi boyu millətsevərlərin, inqilabçıların yetişdiyi bir elm və bilik yuvasında belə bir fəaliyyəti nə məqsədlə olursa olsun qəbul etməyimiz, ona susmağımız mümkün deyil. Məsələ ilə əlaqədar hüquq çərçivəsində bütün müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, sözügedən lisey 129 ildir fəaliyyət göstərir və Atatürkün üstünlük verdiyi dəyərlərin təbliği, dünyəvi təhsillə məşğuldur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az