ELŞAD MİRİ PSİXOLOQUN İNTİHARI BARƏDƏ: “O DA İNSANDIR, İNTİHAR EDƏ BİLƏR”

“Onu təmiz, səmimi, inanclı insan kimi tanımışam”.
Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı etməsi ilə bağlı xəbər vermişdik.
“Din.az” “A24.az”a istinadən xəbər verir ki, ilahiyyatçı Elşad Miri baş verən bu hadisəyə münasibət bildirib. O, qeyd edib ki, Dəyanət Rzayevi inanclı bir insan kimi tanıyıb: “Onu təmiz, səmimi, inanclı insan kimi tanımışam. Bilirdim ki, insanları aldatmır, maxinasiya etmir. Hər zaman ona hörmət etmişəm. Dəfələrlə birgə verilişlərdə də olmuşuq. Bu xəbəri eşidəndə çox təəssüfləndim. Bu həddə gəlməsini anlaya bilmədim. Ancaq bu o demək deyil ki, psixoloq intihar edə bilməz. O da bir insandır. Ola bilsin ki, müracitələrin sayının çox olması və başqa problemlərinin mövcudluğu onu bu addımı atmağa vadar edib. İslamda isə bu qəti şəkildə haramdır. Allah Quranda da buyurur ki, özünüzü öldürməyin”.
İlahiyyatçı Elşad Miri intiharların qarşısının alınmasında bu kimi xəbərlərə qadağa qoyulmasının tərəfdarının olduğunu deyib: “Türkiyə kimi ölkədə intihar xəbərlərini yaymaq qadağan olunub. Azərbaycanda da bu addım atılsa yaxşı olar. Hesab edirəm ki, bununla intiharların sayını azalda bilərik”.