Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DÜNYANIN ƏN KASIB MÜSƏLMAN ÖLKƏSİNDƏ… – BANQLADEŞ SƏFƏRİ

“Səyahət yaşayaraq oxumaqdır, hiss edərək öyrənməkdir, təcrübədir”.

I yazı

Fürsət tapdıqca səyahətə çıxmağa çalışıram. Çünki səyahət insanın həm hisslərinin, həm düşünmə qabiliyyətinin, həm də dünyagörüşünün, əhatə dairəsinin genişlənməsinə imkan yaradır. Allah Kitabında səfər etməyə təşviq edir. Hətta bir ayədə səyahət edənləri tövbə edənlər, ibadət edənlər, yaxşılığa çağıranlarla birlikdə qeyd edir («Tövbə» surəsi, 9/112).

Səyahət yaşayaraq oxumaqdır, hiss edərək öyrənməkdir, təcrübədir. Belə olmasaydı, Allah Quranda yeddi ayədə «yer üzünü gəzib dolaşın» və yenə yeddi ayədə «yer üzündə gəzib dolaşmırlarmı?» kimi 14 ayədə gəzməyə, görməyə, dolaşmağa, ibrət almağa dəvət etməzdi.

Artıq dünyanın müxtəlif ölkələrində olmuş, qalmış, bəzən aylarla yaşamış biri kimi səyahət təəssüratlarımı yazmağa qərar verdim. Buna təkan verən Banqladeş və Hindistan səfərim, səfərdə rastlaşdıqlarım və hiss etdiklərim oldu. Elə isə Bismillah deyib başlayaq Banqladeşdən…

Vizasız səfər, Arakanlı müsəlmanlarla görüş həyəcanı…

Banqladeşə getmək məsələsi gündəmə gələn kimi viza ilə maraqlandım. Öyrəndim ki, vizanı sərhəddə verirlər. Sevindim. Dərhal ölkə ilə əlaqəli çox sayda sənədli filmləri seyr etməyə başladım. Nə ürəkaçan bir söz eşitdim, nə də bir görüntü ilə qarşılaşdım. Amma mənim üçün ürəkaçan sözlərdən daha çox orada ziyarət edəcəyim Arakanlı müsəlmanları görmək, onlarla birlikdə olmaq, onlara tək olmadıqlarını hiss etdirmək idi. Bundan gözəl səbəb ola bilməzdi. Və səyahət çantamı hazırlayıb, sevdiklərimlə halallaşıb İstanbula yola düşdüm.


İstanbulda umrə və Qüds dostlarımla görüşəndən sonra ertəsi günü axşamçağı Türk Hava Yollarının təyyarəsiylə Dəkkəyə yola düşdük. 7 saat yarımlıq uçuşumuz başlamamış təyyarənin göyərtəsindəki gedəcəyimiz ölkənin vətəndaşlarına stüardessaların dəfələrlə xəbərdarlıq etməsi ilk Banqladeş təəssüratlarımız idi.

Natəmiz hava limanı, Banqladeş polisinin süründürməçiliyi….

Adətimdir, təyyarədə gedəcəyim vaxtdan həmişə düzgün istifadə etməyə çalışıram. Əvvəlcədən yuxusuz qalıb təyyarəyə minən kimi qulaqlıqlarımı taxıb yatıram. Sonra yemək ərəfəsində oyanıb yeməyimi yeyib planşetimdəki kitablarımdan oxuyuram. Yorulanda da maraqlı kinolara baxıram. Bu dəfə də işa namazımı təyyarədə qılandan sonra birlikdə çıxdığım səfər dostlarımla maraqlı söhbətlərimiz oldu. Təyyarədə birlikdə səfər etdiyim çox dəyərli alim Mustafa İslamoğlu ilə də Quran ayələri haqqında maraqlı söhbətimiz oldu.

Stüardessalara da xeyli müddətdir uçduqları ölkə və vətəndaşları haqqında bizə dolğun məlumatlar verdikləri üçün təşəkkür etdik. Təyyarə ölkənin hava sərhədinə daxil olanda doldurmağımız üçün anketlər payladılar. Anketdəki məlumatları yazandan sonra Banqladeş saatıyla 05:30-da Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə (Dakka) şəhərinin beynəlxalq Həzrət Şah Cəlal hava limanına çatdıq.


Səhər namazımızı qılmaq üçün aeroportda xüsusi ayrılan yerə daxil olduq. Təmizliyin imandan olduğunu, hətta bəzi hədislərdə təmizliyin imanın yarısı olduğu bildirilən paklığı namaz qılacağımız bu məkanda görə bilmirik. Birtəhər camaatla namazımızı qılandan sonra sərhəd gömrükçülərinə, daha doğrusu polisə yaxınlaşırıq. Türkiyədən gələn heyətin vizası olduğu üçün onlar rahatlıqla sərhədi keçirlər.

Mən isə 51 ABŞ dolları ödəyəndən sonra qalmalı oluram. Çünki polislər pasportuma viza vurmaqdan imtina edirlər. Qalacağım oteli, ölkədən nə vaxt ayrılacağımı və dəvət məktubu tələb olunur. Anketdə yazdığımı bildirsəm də, yazılı şəkildə, printerdən çıxarılmış formanı istəyirlər. Heyətdəkilərə getmələrini xahiş edirəm, artıq işimin uzun çəkəcəyini anlamışam. Amma Mehmet qardaşım yanımda qalmaq istəyir. Yaxşı ki, razılaşıram. Onun dəstəyi olmasa, yəqin daha çox vaxt itirərdim.

Dünyanın ən kasıb ölkəsi olan Banqladeş polislərinə 3 saat ərzində harada qalacağımı, bu ölkədən sonra gedəcəyim Hindistan biletimi və dəvətnaməmi hazırladıb göstərəndən sonra Dəkkəyə daxil oldum.

Banqladeşə xoş gəldik…


Banqladeş haqqında qısa olaraq qeyd edim ki, dövlətin rəsmi adı Banqladeş Xalq Respublikasıdır. 1757-ci ildən 1905-ci ilə kimi ingilislərin hakimiyyəti altında olmuşdur. 1947-ci ildə Pakistanla birlikdə Hindistan ayrılıb. 1971-ci ilə kimi Pakistanın “Şərqi Pakistan” əyaləti idi. Cənubi Asiya ölkəsi olan Banqladeş 1971-də müstəqilliyini elan edib. Hazırda 147,570 kvadrat metr əraziyə malik olan ölkədə rəsmi olaraq 150 milyondan çox insanın yaşadığı bildirilir. Bir kvadrat kilometrə 290-770 nəfər adam düşür. 64 dairəni (zilanı) özündə birləşdirən 7 inzibati rayona bölünür.


Dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biri olan Banqladeşin pul vahidi “TAKA”, iqtisadiyyatı isə ancaq düyü istehsalıdır.

Və beləliklə Banqladeşə xoş gəldik…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az