Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünya müsəlmanlarının BÖYÜK Həcc savaşı başlayır: İran Həcci Məşhədə dəyişir, Səudiyyə zərbə endirəcək

İranla Səudiyyə Ərəbistanı arasında yeni gərginliklər artır.

Artıq uzun illərdir ki, İranla Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər davam edir. Bəzən bu gərginlik iki müsəlman ölkəsinin inanc yeri olan Məkkə və Mədinəyə xələl gətirir. Müqəddəs torpaqları ziyarətə gəlmək istəyən müsəlmanlar arada yaranan gərginlikdən və qadağalardan dolayı ibadətlərini yerinə yetirməkdə bir sıra çətinliklər çəkirlər. Sonuncu belə gərginlik isə, bildiyimiz kimi 2015-ci ildə yaşanıb. Həcc presedurlarını icra edənlər arasında iranlıların da olduğu minlərlə zəvvar həlak olmuşdu. Lakin bunlar işin üzdə olan dini tərəfləridir. İran isə bundan hər dəfə özünün siyasi məqsədləri üçün istifadə edir. Məsələnin pərdənin digər tərəfində qalan hissəsi isə tamam fərqlidir. Belə ki, milyonlarla müsəlmanın il ərzində Səudiyyəyə getməsi, dinin mərkəzi olaraq küllü miqdarda pulun krallığa axın etməsi, bununla yanaşı zəvvarların təhlükəsizliklik problemlərinin yaşanması, Yəmən və Suriya kimi bölgələrdə qarşıdurmalar ağıllarda bir çox sual işarəsi yaradır. Yəni iki ölkə arasında yaşanan soyuq savaş həqiqətən dini motivlidir, yoxsa maddi, siyasi..? Və ya bilmədiyimiz tərəflər də var?

Din.az bildirir ki, “A24.az” saytı məsələni aydınlaşdırmaq üçün mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini almağa çalışdı. Politoloq iki ölkə arasındakı münasibətlərin gərginliyini Amerika ilə əlaqələndirdi:

“Burda sünnə və şiə məsələsi deyil. İstənilən münaqişənin arxasında maddi maraq durur. Bilirsiniz ki, sünnə-şiə məsələsi Şam İmperiyasının ilkin dövrlərində xəlifə seçimi uğrunda gedən mübarizənin nəticəsində ortaya çıxıb. Və bundan sonra sünnə-şiə bölgüsü başladı. Mahiyyət etibarı ilə bunlar cılız məsələlərdir. Allah birdir, kitabı və peyğəmbəri birdir – əsas budur. Qalan şeylər hamısı qondarma, insanların uydurduğu şeylərdir.

Lakin Səudiyyə və İran münasibətlərinə qalanda, Səudiyyə kimin müttəfiqidir? Səudiyyə Ərəbistanı Amerikanın müttəfiqidir. Amerika isə Şərqi Asiya ölkələrini istismar, müsəlman ölkələrini isə işğal edir. Bütün bu münaqişələr bunun üçündür. İran isə Amerikaya tabe olmaq istəmir. Ona görə də bu iki müsəlman ölkəsi arasında ziddiyyətlər ortaya çıxır. Ziddiyyətləri də rəndələmək üçün maddi və ya iqtisadi tərəfləri, neft və həcc məsələlərini ortaya atırlar. Həcc məsələsinə gəldikdə gəlin etiraf edək ki, həqiqətən də Səudiyyə kralı özünü iki müqəddəs hərəmin qulluqçusu adlandırsa da, Həcc ziyarətinin təhlükəsizliyini təmin edə bilmir. Onların buna qabiliyyətləri çatmır. Hər dəfə Həccə gedən yüzlərlə insan orda həlak olur. Həmçinin 2015-ci ildə yaşanan Həcc faciəsində də nə qədər iranlı zəvvar ölmüşdü. Təsəvvür edin, bir müsəlman ömrü boyu arzu edir ki, Həccə getsin, Mədinəni, Məkkəni, Kəbəni ziyarət etsin. Həmin məqam çatanda müqəddəs torpaqlara gedir və orda həlak olur. İran isə bunu əsas tutub deyir ki, siz Həcc ziyarətinin təşkilini bacarmırsınız, gələn zəvvarların təhlükəsizliyini təmin edə bilmirsiniz.

O ki qaldı Kərbəlaya, İran bu ziyarətdən bir qəpik də qazanmır, əksinə xərcləyir. Bu kimi ideoloji və siyasi məqsədlər üçün xərclənən vəsaitlər İranın xəzinəsindən gedir. Lakin Səudiyyə Həccdən nolsun ki, çox pul qazanır, amma bu işi bacarmır. Axı hər şey çox pul qazanmaqla deyil! Qazanılan pullar hamısı da ciblərə, təmtaraqlı həyat tərzinə axır”.

Xatırladaq ki, ötən gün İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-ABŞ Sammiti haqda kəskin fikirlər səsləndirib və bu sammitin siyasi səciyyə daşımadığını bildirib. Hətta Ruhani çıxışı zamanı hər iki dövlətə (ABŞ, Səudiyyə Ərəbistanı) meydan da oxuyub:

“Səudiyyə Ərəbistanında keçirilən sammit siyasi səciyyə daşımayan, göstəriş xarakterli bir tədbir idi. Sammit keçirərək millətin pulunu bir super gücə verib terror problemini həll etmək olmaz. ABŞ Səudiyyə Ərəbistanına milyardlarla dollarlıq silah satır. Amma Səudiyyə Ərəbistanı aldığı silahları istifadə etməkdə belə acizdir. Bizim isə silah almağa ehtiyacımız yoxdur. Çünki özümüz istehsal edirik. Bir ölkəni güclü edən ordu gücüdür və İran da buna sahibdir”.

Politoloq Nazim Cəfərsoy isə iki müsəlman ölkəsi arasında bitməyən gərginliyi 4 başlıca səbəbdə gördü:

“Həcc məsələsi Səudiyyə Ərəbistanla İran arasında indi mövcud olan problem deyil. Bu, İrandakı inqilabdan sonra iki ölkə arasında Həcc məsələsi ən əhəmiyyətli problemlərdən birinə çevrilib. Səbəb də əslində bundan ibarətdir: Bilirsiniz ki, həcc müsəlman dünyasının ən vacib rituallarından biridir və ildə təxminən 2 milyon zəvvar hacı olmaq üçün ora gedir. Bundan başqa həmin müqəddəs yerləri görmək adına minlərlə turist ora səfər edir. Lakin Həccin iki ölkə arasında problem yaranmasında birinci səbəb, siyasi və geosiyasi məsələdir. Həm Səudiyyə Ərəbistanı, həm də İran İslam liderliyi üçün iddialıdırlar. Səudiyyə Ərəbistanında Məkkə liderliyi olduğu, həmçinin iqtisadi imkanları baxımından, həm də kutsal dünyanın çıxış nöqtəsi olduğu üçün buna iddialıdır. İran da İslam dünyasında şiə liderliyinə iddialıdır. Ona görə də din amili xarici siyasətin ən əhəmiyytli motivlərindən biri hesab olunur”.

Nazim müəllim İranla Səudiyyə arasında yaranan gərginliyin tarixi keçmişinə də nəzər saldı:

“İran 1979-cu ildən etibarən davamlı Həcc məsələsini siyasiləşdirmək, özünün müəyyən iddialarını ortaya qoymağa çalışır. Məsələn; tarixdə 1979-cu ildə İran hacıları Məkkədə siyasi təbliğatla məşğul olmağa başlayıb. 1987-ci ildə yenidən siyasi təbliğatlarını yaymaqla orda ciddi hadisələrin baş verməsinə səbəb olmuşdular. Həmin dövrdə 430-a yaxın iranlı zəvvarların qarşıdurmalarda öldürüldüyü iddia edilir. 1990-cı ildə Məkkədə baş verən partlayışda iranlı diplomat günahlandırıldı. O hadisədən sonra İran 3 il Həccə buraxılmadı. Yenə bildiyimiz kimi 2015-ci ildə Həcc prosedurları zamanı “şeytanı daşlama” mərasimində yaranan sıxlıqda həlak olan 2500 zəvvar arasında 500-ə yaxın iranlının olduğu ifadə edilib. İran bütün bunlardan siyasi məqsədləri üçün istifadə edib. Yəni bu problemlər bu gün yaranmayıb. Bunun 3 əsas səbəbi var: Birincisi, işin dini motivi. Həm Səudiyyə Ərəbistanı, həm də İran İslam dinin liderliyinə iddialı olan ölkələrdir. İkincisi, geosiyasi səbəbdir. Həm İran, həm də Səudiyyə Ərəbistanı arasında regionda çox ciddi rəqabət var. Rəqabətin müəyyən nümunələrini biz Yəməndə, konkret Suriyada, Bəhreyində, Yaxın Şərq körfəzində görürük. Hər iki tərəf öz mötivlərini regionda tətbiq etməklə göstərməyə çalışır. Üçüncü səbəb, yeni çıxan tərəflərindən biridir, o isə iqtisadi motivdir. Belə ki, Səudiyyə Ərəbistanı hər il Həccə gələn təxminən 2 milyon zəvvarla 12 milyardlıq gəlir əldə edir. Bunu krallıq təkbaşına həyata keçirir və bütün gəlirlər də onun büdcəsinə axır. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanının neftdən sonra ikinci gəlir yeri Həcc turizmindən əldə etdiyi maddi imkanlardır. Sonuncusu, son dövrlər krallıq həcc ziyarətini həyata keçirən zaman ciddi texniki problemlərin yaşanmasıdır. İran isə bunun əleyhinə çıxır və Səudiyyəni zəvvarların ölümündə günahlandırır. Beləliklə, İran krallığın həyata keçirtdiyi həcc turizmindən əldə etdiyi maddi vəsaitdən özünə də pay istəyir. Bütün bunların fonunda İran haqlıdır ki, Səudiyyə Ərəbistanı həcc ziyarətini təşkil eləməkdə zəifdir. Bu 4 səbəb – dini, geosiyasi, iqtisadi və texniki səbəblər İranla krallıq arasında gərginliyin artmasına gətirib çıxarır”.


Politoloq Nazim Cəfərsoy milyardlar qazanan, lakin həcc ziyarətinin təhlükəsizliyini təmin edə bilməyən kralığın əsas problemini ziyarətə gələn zəvvarlarında gördü:

“Bilirsiz, bu təhlükəsizliyin təmin edilməsindən daha çox, təşkilatlanmaq işidir. Yəni təsəvvür edin ki, hər il 2 milyon zəvvar kiçik bir ərazini ziyarət edir. Və bunun təşkilatlanmasını təmin etmək ciddi peşəkarlıq tələb edir. Bundan başqa, Həcc ziyarətinə gedənlərin böyük əksəriyyəti yaşlı nəsildir. Onlarla da bu təşkilatlanmanı görmək çox çətindir. Çünki panika və ya fövqəladə hal yarandığı zaman həmin yaşlı nəsli idarə eləmək mümkün olmur. Ona görə də bu təşkilatlanma krallıq tərəfindən peşəkar olaraq həyata keçirilmir”.

Firuzə Alimova

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az