Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

DEPUTAT: “BƏZİLƏRİ İFTARI QONAQLIQ KİMİ BAŞA DÜŞÜR”

“İftar süfrəsi açılanda orada yemək yeyənlərin daha çox yoxsullar olmasına diqqət yetirmək lazımdır”.

Artıq Ramazan ayının 25-ci günü geridə qalmaq üzrədir. Bu müddətdə oruc tutan, tutmayan bir çox tanınmışların, vəzifə sahiblərinin, yüksək ranqlı məmurların iftar süfrəsi arxasında cəmləşdiyinin şahidi olduq. Hətta dini baxımdan doğru sayılmasa da, iftar süfrəsi açdığını xəbərə çevirənləri də görürük… Bu fonda oruc tutmayıb iftar süfrəsində yuxarı başda əyləşənlər bir qırağa dursun, çağırılanların ancaq qalstuklu vəzifə sahiblərindən ibarət olması ikrah doğurur…

İnanclı deputatlarımızdan olan Fazil Mustafa da bu qənaətdədir ki, iftar süfrəsi əslində yoxsullara açılmalıdır.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, o, modern.az-a bildirib ki, iftar süfrələri qonaqlıq xarakteri daşımamalıdır:

“Təəssüf ki, bizdə iftar süfrəsi deyəndə qonaqlıq, yeyib-içmək yada düşür. Rəsmilərin iftar süfrəsində olmasına gəlincə, müəyyən rituallar yerinə yetirilərkən dövlətin dinə münasibətini ifadə etmək üçün müxtəlif təbəqələrin, dinlərin təmsilçilərinin iştirakı qəbul olunandır. Amma bütövlükdə iftar süfrəsi açılanda orada yemək yeyənlərin daha çox yoxsullar olmasına diqqət yetirmək lazımdır”.

F.Mustafa Azərbaycanda iftar süfrələrinin verilməsinin lehinə olmadığını qeyd edib:

“Mən daha çox ehtiyaclı təbəqəyə yardım edilməsinin tərəfdarıyam. İftar süfrəsinin əsas mahiyyəti həmrəylikdir. Həmrəylik yalnız qarın doydurmaq anlamına gəlmir. İftar eyni duyğuları paylaşan insanların həmin vaxtı bir yerdə keçirməsidir. Bu olmadıqda faydalı nəticə olmur. Amma hər bir şəxs ürəyinə görə belə addım atırsa, bunu da normal qarşılamaq lazımdır. Hər halda çalışmalıyıq ki, iftar bir səmimiyyət tədbirinə çevrilsin. Göstəriş, kiməsə nəyisə nümayiş etdirmək tədbiri olmasın”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az