“Cənab Şeyximiz haradasa xütbə oxuyub insanları maarifləndirib?”

“Din xadimləri savadsızdır” fikirlərinə münasibət…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərini radikalizmə qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edib.
“Din.az” xəbər verir ki, Qurum sədrinin birinci müavini Səyyad Salahlı dini icma rəhbərləri ilə keçirdiyi görüşdə təəssüflə vurğulayıb ki, dövlətin yüksək diqqət və qayğısının müqabilində bir sıra hallarda din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər:
“Bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq, insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır. Ancaq çox istərdik ki, dindarlarımızın, nüfuzlu din xadimlərimizin bu istiqamətdə fəaliyyəti, radikalizmə qarşı seçdikləri taktika daha güclü və daha effektli olsun. Bunun üçün ilk növbədə özünü, daha sonra isə digər insanları xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirmək mütləqdir”.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də ölkədə savadlı din xadimlərinə böyük ehtiyac olduğunu deyib: “Sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər. Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.
Məsələyə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri “Şərq”ə deyib ki, əvvəlcə ölkədə dini qurumların başında dayanan din böyükləri savadlı olmalıdır. Yalnız ondan sonra yerlərdə fəaliyyət göstərən din xadimlərinin savadından və dünyagörüşündən danışmaq mümkündür: “Azərbaycanda din xadimi adlandırılan təbəqə olduqca passivdir. Onların missiyası vəfat edən şəxslərin, daha doğrusu, mərhumun yaxınlarının cibinə göz dikməkdir. Yəni fikirləşirlər ki, adamlardan nə qopartsalar onlara kardır. Həmin şəxslər din adına, Allah adına yalan danışaraq, insanları aldadaraq pul qazanırlar. Biz bu cür xadimlərdən hansı maariflənmə, hansı savad gözləyək? “Din xadimləri savadsızdır” deyən Şeyx və ya onun ətrafı nə vaxtsa, hansısa məsciddə xütbə veribmi?! Bu gün (dünən) cümə günüdür. Ancaq bir nəfər deyə bilməz ki, cənab Şeyximiz haradasa xütbə oxuyub insanları maarifləndirib. Axı kimi örnək göstərək din xadimlərinə? “Göy Məscid”də nağıllardan başqa heç nə eşitmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu cür adamlardan fayda gözləmək yersizdir”.