Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“BİZİM TOPLUMUN İSLAMA, ALLAHA BAĞLILIĞI AİLƏDƏN GƏLİR” – MÜBARİZ QURBANLI İLƏ MÜSAHİBƏ

M. Qurbanlı: “Azərbaycan toplumu dini baxımdan dinə kütləvi şəkildə bağlı olan toplum deyil”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “A24.az” saytına müsahibə verib. Mübahisəli sualları cavablandıran Komitə sədri günün problemli məsələlərinə aydınlıq gətirməyə çalışıb.

Din.az “A24.az”a istinadən Elşad Mirinin Mübariz Qurbanlı ilə apardığı müsahibəni təqdim edir:

– Bu günlər gündəmdə olan bir məsələ var: bəzi yerlərdə “Yehovanın Şahidləri” faktiki olaraq öz təbliğatlarını aparırlar. Bizim bildiyimizə görə, “Yehovanın Şahidləri”yenidən qeydiyyatdan keçməyiblər. Əgər “Yehovanın Şahidləri”yenidən qeydiyyatdan keçməyiblərsə, onlar fəaliyyət göstərə bilərmi və ya bilməzmi? O zaman digər dini icmalar niyə qeydiyyatdan keçdi?

-“Yehovanın Şahidləri” vaxtilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş dini icmalardan biridir. Azərbaycandakı mövcud qanunvericiliyə görə, dini icma ancaq qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Yəni dini icma Bakı şəhərində qeydiyyatdan keçibsə və onun fəaliyyət arealı hüquqi ünvanla məhdudlaşmalıdır. Dini təşkilatın ardıcılları Azərbaycanın digər bölgələrində fəaliyyət göstərmək istəyirsə, mütləq həmin bölgələrdə də qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə, bölgələrdəki fəaliyyətləri qeyri-qanuni hesab olunur. Azərbaycandakı mövcud qanunvericiliyə görə, “Yəhovanın Şahidləri” təkrar qeydiyyatdan keçməli idi. Buna görə də müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim edib. Qanunvericiliyə görə, bu və ya digər icma məhkəmə yolu ilə ləğv edilməyibsə, yaxud icma özünün fəaliyyətinə xitam verməyibsə, fəaliyyətini davam etdirə bilər. Əgər müəyyən müddətdən sonra qeydiyyat məsələsini həll etməsə, Dövlət Komitəsi həmin icmanın fəaliyyətinə xitam vermək üçün məhkəməyə müraciət edə bilər. Hazırda Azərbaycanda “Yəhovanın Şahidləri” əvvəllər qeydiyyatdan keçmiş icma kimi fəaliyyətini davam etdirir. Lakin biz onlara xəbərdarlıq etmişik ki, təkrar qeydiyyatdan keçsinlər. Onların yüksək səviyyəli nümayəndələri də gəlib, görüşmüşük və sənədləri veriblər. Sənədlər hazırda yoxlanılır və baxılacaq.

-Bəs təkrar qeydiyyatdan keçmənin müddəti nə zamana qədərdir?

-Dini icmanın sənədlərinə müəyyən yoxlamadan keçdikdən sonra Hüquq və qeydiyyat şöbəmizdə baxılır. Əlbəttə, bu illərlə davam etməyəcək, yaxın vaxtlarda biz onların yenidən qeydiyyata alınması məsələsini həll edəcəyik. Bu, ya həll olunacaq, ya da iradımız varsa, “Yəhovanın Şahidləri”nin diqqətinə çatdırılacaq.

Yeri gəlmişkən onu deyim ki, “Yəhovanın Şahidləri”nin Azərbaycanda genişlənməsi və şəbəkə yaratması ehtimalı o qədər də böyük deyil. Bizim təhlillər göstərir ki, Azərbaycandakı qeyri-ənəvi xristian icmalarmüstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə gələrək burda genişlənmək istəyiblər. İlk illərdə Azərbaycanda sosial-iqtisadi çətinliklərdən, ölkədəki vətəndaş qarşıdurmasından və Ermənistanın təcavüzü ilə əlaqədar məcburi köçkün problemlərindən sui-istifadə edərək maddi həvəsləndirmə yolu ilə qismən özlərinə dayaqlar yarada bilmişdilər. Amma indi Azərbaycan kifayət qədər təmin olunan, güclü ölkədir. Cəmiyyətimiz, demək olar ki, hər hansı bir şirnikdirici təklifin arxasınca gedərək öz dini əqidəsini dəyişmək səviyyəsində deyil. Ona görə də Yəhova Şahidlərinin və digər bu cür xristian icmalarının fəallığı heç də ötən əsrin 90-cı illərindəki səviyyədə deyil. İndi tamam yeni situasiyadır. Hətta biz onları qeydiyyata almış olsaq belə, genişlənmə imkanları yoxdur. Niyə görə bunu deyirəm? Ona görə ki, onların təqdim etdiyi sənədlərə uyğun olaraq (bir dəfə sənədlər təqdim etmişdilər, Gəncədə qeydiyyata alınmaq istəyirdilər) həmin icmanın sənədləri yoxlanılanda 50 nəfərin 10-dan çoxuadının oraya yazılmasından xəbərsiz olduğunu bildirdi. Biz də “Yehovanın Şahidləri”ninnümayəndəsini dəvət edərək izah etdik ki, baxın,sizin təqdim etdiyiniz adamlar burada adlarının olmasını istəməyiblər. Sadəcə qonşusunun, dostunun təklifi ilə, məlumatlarını bilən birisi onun adını oraya daxil edib, lakin bu şəxs isə istəmir. Yəni mən hesab etmirəm ki, “Yehovanın Şahidləri”Azərbaycanda dərin kök ata bilərlər. Hətta biz onları qeydiyyata alsaq belə, bir təhlükə olacağını düşünmürəm.

-Bilirsiniz, niyə o sualla başladım? Bəzi ölkələrdə “Yehovanın Şahidləri”ninqadağan olunması məsələsi, sonra onların dövlət atributlarını qəbul etməmələri ilə bağlıdır. Hətta bu günləri parklarda və bəzi yerlərdə broşülərlə insanlara yaxınlaşıb öz əqidələrini insanlar arasında yaymağa çalışmalar müşahidə olunur.

-Bəli, onlar indi də Azərbaycana xaricdə çap olunmuş kitablar gətirirlər və yaxud burda çap edirlər. O kitabları Dinşünaslıq ekspertizası şöbəsi yoxlayır. Mən deyərdim ki, onların ölkəyə idxal etdiyi kitabların cüzi hissəsinə icazə verilmir. O zaman icazə verilmir ki, həmin kitablarda Xristianlığın müqəddəsləri haqqında təhrif olunmuş və ya onları aşağılayacaq fikirlər olur. Çünki bizim ölkəmizdə 28 qeyri-islam icması var. Bizim ölkəmizdə pravoslav, katolik və lüteran kilsəsi var. Onların da icmaları var. İcmalararası münasibətlərə zərər gətirəcək fikirlər olduqda biz onu obyektiv olaraq geri qaytarmışıq. Amma onlar pulsuz kitablar paylayırlar, dini yayırlar, evlərə gedirlər və sair. Yeni verilmiş səlahiyyətlərinə uyğun olaraqDini Qurumlarla İş üzrə Dövlət Komitəsininbölgə şöbələrinin bu cür fəaliyyət göstərən şəxslər haqqında protokol tərtib edərək onları məhkəməyə təqdim etmək səlahiyyəti var. Söhbət yalnız “Yehovanın Şahidləri”ndəngetmir. Kimliyindən asılı olmayaraq hansı dini icma, dini konfensiya qeyri-qanuni fəaliyyət göstərirsə, barəsində protokollar tərtib edilərək məhkəmələrə təqdim olunmaqla, müvafiq cərimələrlə cəzalandırıla bilər.

-Son dövrlər aktual olan bir məsələ var. Məsələ ilə bağlı verdiyiniz açıqlamalardan birində belə bir cümlə işlətmisiniz ki, yalnız QMİ tərəfindən təyin olunmuş şəxslərin dini ayinləri və mərasimləri keçirmək icazəsi var. Bu da axund və imamların dini kəbin kəsmələri məsələsinin gündəmə gətirilməsi ilə bağlı idi. Amma bundan əvvəl də həmin ərəfələrdə belə bir gündəm də oldu ki, həmin idarənin bəzi şəxsləri “seyid” və ya “hacı vəsiqəsi” verirdilər. Düzdür, onlar da sonra bunun səhv olduğunu açıqladılar. Bəs, bu gün dini kəbin məsələsini həmin idarə necə həyata keçirəcək. Bununla bağlı onların nizamnaməsində cəzalandırma metodu varmı?

-“Dini etiqad azadlığı haqqında”Qanuna görə, Azərbaycanda dini fəaliyyəti yalnız rəsmi icazəsi olan şəxslər həyata keçirə bilərlər. Yəni dini ayinləri icra etmək üçün yalnız o şəxs səlahiyyətlidir ki, müvafiq qurum tərəfindən bu səlahiyyət ona verilib. Bu, İslam icmasına da aiddir, xristiana da, digərlərinə də. Biz bilirik ki, Azərbaycanda sovet dövründə dinə münasibət tamam başqa cür olub. Biz ateist dövlətin vətəndaşı idik və sovet dövründəki o münasibət zamanı qeyri-rəsmi dini fəaliyyət göstərən şəxslərə qarşı hər hansı bir basqı olmayıbdır. Ümumiyyətlə, buna heç imkan verilmirdi. Yalnız qeyri-rəsmi cənazə namazı qıldırmaq və ya insanların dəfn mərasimlərini həyata keçirmək səviyyəsində fəaliyyət var idi ki, orda da sovet dövləti bunu rəsmiləşdirməyə ehtiyac duymurdu. Çünki dini o vəziyyətə salmışdı ki, din yalnız dəfn mərasimi səviyyəsində yaşamaqda idi. Amma biz artıq müstəqil və dünyəvi dövlətik, dünyaya çıxışımız, beynəlxalq səviyyədə din sahəsində əməkdaşlığımız var. Belə olan şəraitdə dini ayinlərin icrası mütləq müəyyən qanunlarla nizamlanmalıdır və bu da “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Bu Qanuna uyğun olaraq Azərbaycanda məscidlərdə, kilsələrdə, sinaqoqda və s. çalışanların hamısı rəsmi olmalıdır.

QMİ-nin təyin etdiyi imam və axundlar bu gün məscidlərdə fəaliyyət göstərirlər. Lakin hazırda Azərbaycanın 2246 məscidi var ki, bu məscidlərin heç də hamısında rəsmi din xadimi təyin edilməyib. Doğrudur, bu 2246-nın heç də hamısına rəsmi din xadimi təyin etməyə lüzum qalmır. Çünki bunların heç də hamısı fəaliyyət göstərmir. Amma bizim hesablamalarımıza görə, məscidlərimizin 1500-ə qədəri fəaliyyət göstərir. Monitorinq aparmışıq, bu 1500 məscidin, demək olar ki, ən azı, 900-dən çoxuvaxt namazları, cümə namazları, bayram namazları zamanı tam fəaliyyət göstərir. O məscidlərə rəsmi din xadimləri təyin edilməyib. Bunun obyektiv və subyektiv səbəbləri də var. Subyektiv səbəbi kadr çatışmazlığı ilə bağlıdır. Obyektiv səbəbi odur ki, əgər məscid yalnız cümədən-cüməyə açılırsa, QMİ-nin QazılarŞurasında imtahandankeçərək oraya imam və ya axundun təyin olunması həmin şəxsin fəaliyyətinin minimum səviyyədə icrasına gətirib çıxara bilər. Məntiq deyir ki, oraya o səviyyədə titullu şəxs təyin etməyə ehtiyac qalmır.

Ona görə də biz hazırda ümumi razılaşma əldə etmişik. O cür kənd, məhəllə məscidlərinəicma yaratmadan, yəni vaxt namazları icra olunmayan, yalnız cümədən-cüməyə fəaliyyət göstərən məscidlərə dini ayinlərin icraçısı adlı şəxslər təyin olunacaq. Bu şəxsin məxsusi dini təhsil alması o qədər də zəruri sayılmayacaq. Ola bilsin ki, həmin adamın dini ayinlərin icrası haqqında bilgisi var, əlbəttə, daha yaxşı olar ki, yüksək səviyyəli təhsil almış şəxs ora təyin olunsun. Amma yüksək təhsilli şəxs yalnız cümədən-cüməyə fəaliyyət göstərən məsciddə gəlib oturmayacaq. Ona görə də biz ümumi razılaşmışıq ki, bu cür təyinatlar olsun və yaxudhəmin rayonda yaradılan icmanın tərkibindən dini ayinləri bilən adamlar həmin məscidə təyin olunsun.

Biz bütün məscidlərimizdə elə bir sistem qurmaq istəyirik ki, təyinatsız məscid qalmasın. Çünki qanun təyinatı olmayan şəxsin dini ayin icra etməsini yasaqlayır və onun üçün İnzibati Xətalar Məcəlləsi müvafiq cərimələr müəyyənləşdirir. Əgər bunu yasaqlamışıqsa, biz çıxış yolları da müəyyənləşdirməliyik. Axı bütün kənddə, qəsəbədə, məhəllədə hansısa dini ayin zəruri olaraq icra olunmur. Ən zəruri icra olunan dini ayinlərdən biri dəfn mərasimidir. Biz qanunla qəbul eləmişik ki, dini ayinlərin icrası üçün rəsmi adam olmalıdır. Ümumiyyətlə, dəfn mərasimi özü dini ayindir. Kimsə dinimizlə bağlı müəyyən bir ayinin icrasını, tutaq ki, kiməsə “Yasin” və ya Qurandan bir ayəni vəfat etmiş hansısa əzizinin qəbri üzərində oxutmaq istəyir. Əlbəttə, yaxşı olardı ki, vətəndaş özü bunları bilsin və icra eləsin. Bu da İslamda inkar olunmur, İslam bunu qəbul edir.

-Bir ilahiyyatçı olaraq apardığım araşdırmalarda da, İslamda ölüyə Quran oxumaq anlayışı yoxdur. Təəssüflər olsun ki, bunu edirlər.

-Mən sizin mövqeyinizi bilirəm və mətbuatda da bu haqda fikirlərinizi oxumuşam. Amma bizdə bu artıq ənənəvi olaraq yaşayır, bu cür ənənələrimiz var. Həmin ayinin icrasının özü də dini ayindir. Ona görə də dini ayinlərin icrası vəzifələrinə təyin olunanların xüsusi imtahan verməsinə ehtiyac qalmayacaq. Bu proses gedir.

İndi qayıdıram kəbin məsələsinə.Məncə, İslamda kəbin anlayışı var, amma “dini kəbin” anlayışı yoxdur. İslamda hər iki tərəfin, şahidlər və valideynlərin razılığı ilə insanlar nikaha girə bilir. Bu nikaha girmə mərasimi,Xristianlıqdan fərqli olaraq, xüsusi yerdə, təntənəli şəkildə icra olunmur. Məsələn, xristian kilsələrində orqan musiqisinin müşayəti altında, lüteran və katolik kilsələrində başqa cür icra edilir. Bizdə isə belə deyil, bizdə ənənəvi olaraq insanlar nikaha girəndə hansısa tanınmış din xadiminə müraciət edərək sanki bu nikaha xeyir-dua verməsini istəyir. Belə bir ənənə vardır.

-Ya da belə bir şey düşünülür ki, dövlət tərəfindən “zaqs”ı kəsdiririk rəsmi qeydiyyat üçün, digəri isə Allah yanında kəsilmiş bir kəbin olaraq nəzərdə tutulur.

-Mənim dinlə bağlı, Peyğəmbər (s.ə.s) haqqında oxuduğum kitablarda da var ki, Peyğəmbər öz səhabələrinin izdivacına dualar edib. Mənə elə gəlir ki, həmin ənənə ordan gəlib ki, Peyğəmbər (s.ə.s) müəyyən izdivaca girən səhabələrinin övladlarına və ya yaxınlarına özü iştirak edərək xeyir-dualar verib. Sonrakı dövrlərdə, peyğəmbərdən sonra gələn xəlifələrin zamanında da buna oxşar hadisələr olub. Bilmirəm,digər müsəlman ölkələrində necədir, amma artıq Azərbaycanda belə bir məsələ vardır ki, insanların din xadiminə müraciət edərək izdivaca xeyir-dua verilməsi istənilir. Hətta sovet dövründə də belə idi.

QMİ vaxtında fətva verib ki, bu cür izdivaclara, kəbinlərə dini baxımdan xeyir-dua verilərkən, yəni dini kəbin kəsilərkən mütləq həmin müraciət edənlərin dövlət tərəfindən müəyyən olunmuş Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatıİdarəsindən sənədi olmalıdır. Səbəbi odur ki, Azərbaycan qanunvericiliyinə görə, izdivaca girməyin yaş həddi vardır. 18 yaşında izdivaca girmək hüququ olan şəxs öz izdivacını VVAQ-da qeydiyyata aldırdıqdan sonra istəyi varsa, dini kəbin kəsdirə bilər. Dini kəbinin mənəvi məsuliyyəti var, bunun heç bir iqtisadi və ya hüquqi məsuliyyəti yoxdur. Bu da aydın məsələdir. Həmin fətva ona görə verilmişdi ki, bəzi bölgələrimizdə azyaşlı qızların ərə verilməsi zamanı valideynlər yalnız din xadiminə müraciət edərək məsələni bitmiş hesab edirdilər. Bu da azyaşlıların guya ki, qanuni yolla nikaha girməsi təəssüratı yaradırdı. Vətəndaş öz övladını ərə verirdi, müəyyən din xadimi buna xeyir-dua verib dini kəbin mərasimini həyata keçirirdi və vətəndaş hesab edirdi ki, onun övladının izdivacı tam hüquqi, qanuni və dinidir. Bununla da, məsələni bitmiş hesab edirdi. Amma burda söhbət azyaşlılardan gedirdi.

Azyaşlıların yalnız Azərbaycan vətəndaşları ilə deyil, xarici vətəndaşlarla bu cür izdivaca sövq edilməsi haqda kifayət qədər faktlar var idi. Ona görə də vaxtında QMİ bunu deyib və biz də bu gün bunu təkrar edirik. Çünki bu proses bəzi yerlərdə hələ də gedir. Xəbərdarlıq edirik ki, indi qanun bu məsələni daha da təkmilləşdirilib. Bu cür hərəkətlər olduğu halda, onu edən din xadimi rəsmi din xadimi olsa, vəzifəsindən çıxarılaraq cəzalandırılır. Bunu edən qeyri-rəsmi din xadimi olarsa, ikiqat məsuliyyət daşıyır. Çünki onun, ümumiyyətlə, buna səlahiyyəti yoxdur və qeyri-rəsmi fəaliyyətlə bağlı bir cəza, qanunazidd əmələ görə isə ikiqat cəzaya məruz qalır. Deməli, bu, tamamilə qanuni olan kəbinə dini baxımdan da öz dəstəyini vermiş olacaq. Dini baxımdan bu cür dəstəyin ailə möhkəmliyinə xeyrinin olması haqqında fikirlər var.

Vətəndaşlar bu seçimi özləri edirlər. Amma bunu kimsə azyaşlı xanımla həyata keçərəcəksə, bu qanunazidd olacaq. Hətta Azərbaycanda bu cür hallar olub: bir bölgədə azyaşlı qıza kəbin kəsib kağız verdiyinə görə qeyri-rəsmi din xadiminə cinayət işi qaldırılıb, buna görə o, 9 ay həbsdə yatıb. Həmin şəxs cinayət məsuliyyəti daşıyır. Əgər ailə quran azyaşlı deyilsə, VVAQ-da kəbini varsa, heç bir problem yoxdur.

-Əgər rəsmi nikahı yoxdursa, yenə də həmin şəxs cəzalandırılmalıdır?

Rəsmi nikahı yoxdursa, həmin şəxsə kəbin kəsilməməlidir.

-O zaman belə çıxır ki, burdakı əsas məsələ azyaşlıların qorunması ilə bağlı olan bir məsələdir.

-Bəli, həddi-büluğa çatmış şəxslər nikaha girirlərsə, dini ayini icra edən şəxs VVAQ-dan verilmiş nikah şəhadətnaməsini yenə tələb eləməlidir. Onu da qeyd edim ki, azyaşlıların ərə verilməsi məsələsində valideyn də məsuliyyət daşıyır.

-Bəzi Avropa ölkələrində, konkret olaraq Yunanıstanda belə bir yanaşma tərzi var ki, onu insanların ixtiyarına buraxır. Evlənmək istəyən gedir nikahını bizdəki kimi VVAQ-da kəsdirir və yaxud da dinlə bağlı rəsmi fəaliyyət göstərən QMİ-nin rəsmi şəkildə səlahiyyət verdiyi şəxslərin yanında qeydiyyatdan keçir. Daha sonra bunlar bir bazada birləşdirilir. Yəni sabah heç kimin etiraz etmək kimi əlində şansı olmur. Boşanma zamanı yenə hüquqi və digər məsələdə eyni addım atılır.

-Xristian dünyasında vətəndaşların nikaha girməsi ənənəvi olaraq kilsədə icra olunduğuna görə həmin ənənə, kilsənin bu sahədə hüquqi məsuliyyət və hüquqi icra səlahiyyəti saxlanılıb. Tarixən bu mövcud olub. Tutaq ki, Yunanıstanda və ya Avropanın xristian ölkələrində orta çağda vətəndaş vəziyyəti aktlarını qeydiyyata alan idarələr olmamışdı. Həmçinin müsəlman ölkələrində də yox idi. Müsəlman ölkələrində nikahın rəsmiləşməsi adlı anlayış xüsusi sənədlərdə öz əksini tapmırdı. Bu, tərəflərin razılığı, şahidlərin iştirakı ilə olurdu və məsuliyyət də var idi. Çünki məsuliyyət şəriət qanunları ilə həyata keçirilirdi və qadının mülkiyyət, eləcə də digər hüquqları bu qanunlarla qorunurdu. Amma biz dünyəvi ölkəyik və bu gün, demək olar ki, əksər müsəlman ölkələrində, bəlkə də istisnalar var, nikaha dövlət nəzarət edir.

Bizdə dövlətin tələbi budur ki, vətəndaş bu cür nikahı mütləq dövlət orqanında qeydiyyata aldırmalıdır. Həmin vətəndaşın evlilik şəhadətnaməsini aldıqdan sonra onu dini qaydada davam etdirəcək, onu xüsusi ayinlərlə icra eləyəcəksə, bu onun seçimidir. Heç kim bunu ona qadağan edə bilməz. Biz din xadiminə rəsmi nikaha girmədən dini nikah adı altında ailə quranlara sənəd verilməyi qadağan edirik. Çünki onların atdığı bu addım hüquqi baxımdan dövlətin qanunları ilə ziddiyyət təşkil edir və bunun sonrakı fəsadları olur. Xüsusilə azyaşlı qızların bu ad altında xaricilərə və ya daxildə ərə verilməsi hadisəsi olur. Halbuki azyaşlının bu cür nikaha cəlb olunması cinayət məsuliyyəti yaradır.

-Mən bir ilahiyyatçı olaraq hər zaman insanlarımıza bir şeyi açıqlamaq istəyirəm ki, birincisi, dini kəbin deyilən bir anlayış sonradan ortaya çıxmış bir anlayışdır. İkincisi, siz qeyd etdiyiniz kimi Peyğəmbərimizin və xəlifələrin dövründə kəbinin kəsilməsi və ya xeyir-dua verilməsi məsələsi zamanı, onların artıq rəsmi statusu var idi, dövlət başçısı idilər. Lakin digər bir məsələdə, peyğəmbərimizin özünün peyğəmbərlikdən əvvəl Xədicə anamızla kəbinini kim kəsib? Belə bir anlayış varmı?

-Sualınıza, qoy ilahiyyatçılar cavab versin. Yəqin ki, həmin dövrdə Məkkədə bu cür mərasimlərin rəsmiləşməsi forması olub. Bilirsiniz, mən etnoqrafiya fənnini keçmişəm. Etnoqrafiyada belə bir maraqlı epizod var idi: qədim tayfalarda oğlan və qızın evlənməsi zamanı tayfa bir yerə yığışaraq şənlik edirdi. Ona görə ki, orda hansısa rəsmi sənədə imza atmaq yox idi. Həmin tayfa üzvləri yığışırdılar və sifətdən görürdülər ki, bu qızı bu oğlan aldı. Artıq bu qız kiminsə həyat yoldaşıdır. Hətta orda maraqlı bir şey var. Dövlət başçıları gələndə həyata keçirilən rəsmi keçidlər var, məsələn, qvardiyası onu qarşılayır,bu tədbir qədimdə ona görə edilirdi ki, şahın və yaxudda kralın xüsusi mühafizə dəstəsi dəvət olunan qonağın sifətini görsün. Axı o vaxt şəkil, televiziya yox idi. Ümumiyyətlə, evlənmə mərasimləri ilə əlaqədar müxtəlif tayfalarda qəribə və bizim qavraya bilməyəcəyimiz, bizim üçün təəccüblü gələn qaydalar var.

Ona görə də Xədicə anamızla Peyğəmbərin Məkkədə İslama qədər evlənmə mərasimi yenə də şahidlərin iştirakı ilə olub. Çünki mənim oxuduğuma görə, Xədicə anamıza elçi gedilib, o da razılıq verib, Peyğəmbərin əmisi Əbu Talib bu işə xeyir-dua verib. Yəni orda da bu mərasim olub, sadəcə, İslamdan sonra qadının mülkiyyət hüquqları və sair məsələlər Qurani-Kərimdə xüsusi ayələrlə öz əksini tapıb.

Mən sizə onu da deyim ki, bizim indiki qanunvericiliyə görə, nikaha girənlər müqavilələr bağlayırlar. Amma gənclər VVAQ-dan sonra hansısa tanınmış, nüfuzlu din xadiminə müraciət edərək öz nikahlarını dini baxımdan daha da möhkəmləndirmək istəyirlərsə, biz buna xeyir-dua veririk, etiraz etmirik. Bizim istəyimiz budur, xüsusilə də Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Hicran xanım dəfələrlə çıxışlarında deyib ki, dini nikah adı altında azyaşlı qızlar ərə verilməsin. Bu ikiqat, üçqat xətadır, böyük cinayətdir və bunu həyata keçirən din xadimi mütləq cəzalandırılmalıdır.

-Dövlət Komitəsində belə bir açıqlamanız da olmuşdu ki, Azərbaycanda 6 mindən çox adam dinini dəyişib, yəni müsəlmanlıqdan başqa dinlərə keçib. Ortaya belə bir sual çıxır ki, həqiqətən Azərbaycanda missionerlər bu qədərmi güclü fəaliyyət göstərirlər ki, bu sayda insan dinini dəyişib? Digər tərəfdən “Gallup İnternational” şirkətinin açıqlamasına görə də Azərbaycan dinsiz ölkələr siyahısında 13-cü yerdədir.

-“Gallup”-ın araşdırmaları ilə tanış olmuşam. Həmin araşdırmalara görə, Azərbaycanda keçirilən rəy sorğusu zamanı əhalinin 34 faizi dinə bağlı olduğunu, 54 faizi, ümumiyyətlə, dinə bağlı olmadığını bildirir. Ateist olanlar da var, 12 faizə qədəri isə mövqeyinin aydın olmadığını ifadə edir. Ümumiyyətlə, “Gallup”-ın güclü sorğu mərkəzi olduğunu hamımız bilirik. Burada mən heç bir qeyri-adilik görmürəm. Mən Dövlət Komitəsinə gələndən bu fikirdəyəm ki, Azərbaycan toplumu dini baxımdan dinə kütləvi şəkildə bağlı olan toplum deyil. Azərbaycan əhalisinin 96 faizi müsəlman sayılır. Bu müsəlman sayılmanın kökündə o dayanır ki, bu xalq İslamı qəbul edərək nəsildən-nəslə ötürüb.

Bundan qabaq bizdə bir rəy sorğusunun nəticələri var idi: həmin rəy sorğusunun nəticələrinə görə, Azərbaycanda əhalinin 5-6 faizi dini ayinləri icra edir. Bu rəy sorğusu zamanı bir dənə də maraqlı sual verilmişdi ki, “Siz özünüzü müsəlman hesab edirsinizmi?”

-Cavab: “Bəli, mən özümü müsəlman hesab edirəm”.

-“Sizin müsəlman olmağınız bunu nədə göstərir? İslama aid vacib olan şərtlərdən hansını yerinə yetirirsiniz?”, – deyə sual olunub. Suala cavab verən şəxs heç İslama aid olan vaciblərdən də xəbəri olmadığını deyib və bildirib ki, “mən ona görə müsəlmanam ki, uşaqlıqdan valideynlərim bizim müsəlman olduğumuzu deyir”. Hətta o sorğuda kimin hansı məzhəbdə olması da aydın olmur. Yəni bu gün 96 faizin içərisində şərti olaraq 70 faizinin əhli-şiə, 30 faizə qədərinin əhli-sünnə olduğunu deyirik. Amma bunun özü də şərtidir. Biz bunu Azərbaycanın ənənəvi regionlarına və orada olan dini abidələrin, türbələrin, ziyarətgahların olduğu bölgələrə görə deyirik. Amma Azərbaycanda əhalinin dini vəziyyətini təkmil və geniş şəkildə təhlil eləyərək tam ortaya qoymaq ehtiyacı var. Bununla bağlı bizim bir proqramımız var. Bu çox mürəkkəb bir proqramdır, sadəcə min nəfər arasında sorğu keçirməklə bitə bilməz. Nəzərdə tuturuq ki, bunu da həyata keçirək, dəqiqləşdirmə aparaq.

Mən hesab edirəm ki, bu gün biz Azərbaycanda Bakı şəhərinin mərkəzinə çıxıb, Nizami küçəsinə, Əhmədliyə və yaxud da “8-ci kilometr”ə, Yasamal kimi yerlərinə gedib müxtəlif kateqoriyalar arasında rəy sorğusu keçirsək, əhalinin dinə, məzhəblərə, dini ayinlərin icrasına olan münasibətini çox gözəl görə bilərik. Hər bölgədə ən azı 10 nəfərdən xəbər ala bilərsiniz ki, hansı əqidənin daşıyıcısısınız? Deyəcək ki, İslam. Və ya bayaqkı sualları versək, mənzərəni görə biləcəyik. Mənzərə isə ondan ibarətdir ki, bizim toplum həqiqi mənada dünyəvidir və toplumun bu səviyyədə dünyəvilik müsbətdir. Yəni dinə bağlılıq iki cür yozula bilər: dinə bağlılıq dini xürafata bağlılıq səviyyəsinədək enəcəksə, o, fəlakətə apara bilər. Dinə bağlılıq dinlə elmin birgəliyi sayəsində təfəkkürün inkişafına təkan verəcəksə, bu, müsbətdir. Dinə bağlılıq əgər geriyə çəkəcəksə, onun xeyri olmayacaq. İrəliyə aparırsa, bu başqa məsələdir. Dinə bağlılıq içdən gəlməlidir.

Bu rəy sorğularında başqa ölkələr də var: Rusiya, Türkiyə, İran, ABŞ və Avropa ölkələri. Azərbaycan əhalinin dindarlığı baxımından 20 ölkə içərisində 13-cü yerdədir. Ona görə də buna dinsiz yox, dinə bağlılıq baxımından 13-cü yerdədir desək, yaxşı olar. Sorğu zamanı həmin insan deməyib ki, mən dinə bağlı deyiləm, onun İslamı, Allahı inkar etməsi söhbəti də yoxdur. Sadəcə, dini ayinləri yerinə yetirmir, bu qədər… Xırda nüansları bizim ilahiyyatçılar daha yaxşı tuta bilər. Biz adama sual versək ki, “dinə bağlı olmamaq sizin tərəfinizdən İslami dəyərlərdən imtinadırmı?”, deyəcək “yox, imtina deyil”. “İslami dəyərlərdən imtina” o deməkdir ki, bu adam öz yaxınları vəfat etdikdə İslam qaydalarından uzaqlaşmalıdır. Uzaqlaşmayıbsa, deməli, İslamdadır. Adət-ənənələrimizin içərisində İslami dəyərlər bəlkə də daha çox özünə yer tapır. Bizim yas mərasimlərimizdə kimsə ala-bəzək geyinib gələ bilməz, doğrudurmu? Bu insanların İslam dəyərlərinə verdiyi qiymətdir. Yəni bu insan haradasa İslamda olan dəyərin daşıyıcısıdır. Amma namaz qılmaya, oruc tutmaya, həccə getməyə bilər. Biz onu İslamdan çıxartmamışıq, inkar etməmişik ki… Çünki həmin şəxs özünü müsəlman sayır, amma müsəlmanlığa aid bəzi qaydaları adət-ənənə içərisində əməl edir.

Ona görə də Azərbaycan toplumu düşüncə baxımdan dinə çox bağlı olan toplum deyil. Bu aksiomadır və biz özümüz də bunu görürük.

Monitorinqlər göstərir ki, Bakıda 136 məscid var. Bəzilərinə çox, bəzilərinə az adam gəlir. Yəni İran, Türkiyə, ərəb ölkələrinin bəziləri ilə müqayisədə, bizim toplumun dini ayinlərin icrasında iştirakı çox da böyük deyil və dinə, İslama, Allaha bağlılıq ailədən gəlir. Bunu isə heç kim inkar etmir.

– Bizə ayrıdığınız vaxta görə sizə təşəkkür edirik.

-Buyurun. Siz də sağ olun!

Firuzə Alimova

Fərid Orucov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az