BƏƏ-nin müvəqqəti işlər vəkili dini icmaların nümayəndələri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsində dini icmaların nümayəndələri ilə görüş keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Al-Şamsi ölkədə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb.
Din.az bildirir ki, bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Müvəqqəti işlər vəkili Qafqaz Müsəlmanları İdarəsinin birinci müavini, müfti Hacı Salman Musayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevlə görüşüb.
Görüşlərdə diplomat bildirib ki, 2022-ci ildə Əbu-Dabidə Luvr muzeyinə yaxın ərazidə İbrahimi Ailə Evinin açılışı planlaşdırılır.
O qeyd edib ki, İbrahimi Ailə Evi BƏƏ-də müxtəlif etnik qruplar və dinlərin nümayəndələrinin birgə yaşayış və bəşər qardaşlığının rəmzi olacaq.