Babəkin təbliği dini hisslərin təhqiridirmi? – İslamın gəlişi ərəblərin işğalını gerçəkləşdirdi?

Artıq 3 gündür ki, bütün dünyada Ramazan ayı yaşanır. Bu aya xüsusi hazırlaşanlar arasında ərəb və fars ölkələrini, xüsusən də Türkiyə türklərini qeyd etmək olar. Müxtəlif dini səpkili, maarifləndirici verilişlər bu ayda daha çoxluq təşkil edir. Lakin Azərbaycanda da müsəlman toplumun olduğunu nəzərə alsaq, ramazan ayında dini verilişlərin kanallarımızda yayımlanmadığının şahidi olarıq. Odur ki, insanlar […]
Artıq 3 gündür ki, bütün dünyada Ramazan ayı yaşanır. Bu aya xüsusi hazırlaşanlar arasında ərəb və fars ölkələrini, xüsusən də Türkiyə türklərini qeyd etmək olar. Müxtəlif dini səpkili, maarifləndirici verilişlər bu ayda daha çoxluq təşkil edir. Lakin Azərbaycanda da müsəlman toplumun olduğunu nəzərə alsaq, ramazan ayında dini verilişlərin kanallarımızda yayımlanmadığının şahidi olarıq. Odur ki, insanlar arasında istər Ramazan ayı ilə bağlı, istərsə də digər dini mövzularda çaşqınlıq yaradan, cavabını axtarmaq istədiyi suallar olur. Mövzunun diqqət çəkən digər tərəfi, dini verilişlərin olmadığı halda, kanallarda “İslamın gəlişini ərəblərin işğalı” kimi təqdim edən “Babək” filminin nümayiş etdirilməsidir. Bu isə bir qrup müsəlman kəslər arasında etirazla qarşılanıb.
Qeyd edək ki, tanınmış millət vəkili Fazil Mustafa bu gün özünün sosial səhifəsində Ramazan ayının gəlişi ilə əlaqədar televiziya kanallarında yayımlanan verilişlər haqda yazı paylaşıb. Yazısında millət vəkili Türkiyədə Ramazan ayı ilə bağlı yayımlanan maarifləndirici verilişləri ölkəmizlə müqayisə edib və bildirib ki, Türkiyə kanallarında müxtəlif dini bilginlərin İslamla, Quranla bağlı yorumlarını izləməyə, onların hər birindən faydalanmağa çalışır. Azərbaycanda keçirilən Ramazan ilə bağlı millət vəkili bunları söyləyib:
“Qaldı Azərbaycan televiziyalarına, Ramazan ayında İslamın gözəl mesajlarını insanlara çatdırmaqdan imtina etmə siyasəti bu il də davam edir. Hələ daha maraqlısı da budur ki, Ramazan ayında İslam dininə qarşı çıxış motivi əsasında çəkilmiş “Babək” filminin nümayiş etdirildiyini görəndə təəccübləndim. Yəni biz hələ də adını ərəb işğalı qoyub İslamla Ramazan ayında da savaşmaqdayıq mesajını verirlər sanki… Özləri bilər, sonra yanıqlı-yanıqlı xurafatdan, cahillikdən danışılanda, səbəblərini bir az da bu yanlış proqram siyasətində axtarmalarını xatırlatmağa çalışacağıq.Diləyim budur ki, hamıdan, hərşeydən faydalı olanları öyrənmək fürsətini qaçırmayaq!”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxalı mövzuya fərqli prizmadan yanaşdı və filmin təsadüfən göstərildiyini düşündüyünü bildirdi:
“Filmin Ramazan ilə nə əlaqəsi? Onu əlaqələndirmək lazım deyil. Bəlkə, təsadüfən elə göstərilib.Lakin İslam ilk illərdə mənəvi din kimi gəlmişdi. Amma bir-neçə əsr keçdikdən sonra, Babəkin dövründə artıq bu ərəb işğalına çevrildi. Tədricən İslamın arxasında bir ərəb hegomonluğu, ərəb dili, ərəb mədəniyyəti – “olmayan ərəb mədəniyyəti” və ümumiyyətlə ərəb adət-ənənələri, geyim tərzinin yayılması – bütün bunları gətirdi. İndiyə qədər bəziləri hesab edir ki, Allaha ibadət ərəb dilində olmalıdır. Bu, ərəb işğalı deməkdir. Amma bu filmin göstərilməsinin ona nə aidiyyatı var?”
“Həmin filmin yerinə kanallarımızda Ramazanla bağlı verilişlərə yer verilməlidirmi?” sualına Sabir Rüstəmxanlı belə cavab verdi:
“Gözəl bir tarixi filmdir, göstərilir. Bunun nə dəxli var ki? O ki, qaldı Türkiyə televiziyalarına, orda sırf cəhalət təbliğ olunur. Yaxşı ki də, onu qəbul etmirlər. Bizim televiziyalarımız bu cəhətdən daha təmkinli tərpənirlər. Məncə, həftədə bir dəfə, dini daha yaxşı, obyektiv bir şəkildə başa salan verilişlər olsa, baxmaq olar. Və ya axşamlar iftar açılan vaxtda… Amma Türkiyə televiziyalarında olduğu kimi bütün televiziyaların başdan-başa Ramazan ayında biri-birindən aşağı səviyyəli dini proqramlarla doldurmağa ehtiyac yoxdur”.
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli məsələnin ilk olaraq tarixi dövlərini sadaladı:
“Babəkin dövrü Abbasilər dövrünə düşürdü. Bilirsiniz ki, İslam 3 dövrə bölünür. Birincisi, Rəşidilər dövrü, yəni peyğəmbərdən sonra Rəşidi xəlifələr dövrüdür və bu dövr özündən sonrakı dövrdən kəskin şəkildə fərqlənir. Ondan sonra əməvi sülalərinin dövrü gəlir. Bu dövr ərəb işğallarının dövrüdür. Daha sonra Abbasilər dövrü – bu dövrə islamın gəlişini qətiyyən qarışdırmaq olmaz. Artıq Babəyin dövründə Azərbaycan ərazisində islam tamamilə oturuşmuşdu. Lakin ölkədə baş verən üsyanların kökündə sosial səbəblər dururdur. Daha sonra Azərbaycan coğrafiyasında ərəb işğalına qarşı baş verən böyük bir hərəkat var idi. Bu hərəkat xalq azadlığı hərəkatı idi. Ümumiyyətlə, Abbasilərin gəlişini qətiyyən İslamla eyniləşdirmək olmaz”.
Dilavər Əzilmi Ramazan ayında televiziya kanallarında “Babək” filminin nümayiş etdirilməsinə isə belə şərh verdi:
“Babək filmi sovet dövründə çəkildiyi üçün insanlarda ərəb işğalının təəssüratını oyadır. Babək hərəkatı İslama qarşı hərəkat deyil, Babək hərəkatı xalq azadlıq hərəkatı idi. Lakin mən razıyam ki, bu günləri Babək filmindəki süjet xətti həqiqəti əks etdirmir və insanlarda belə bir fikir yaranır ki, Babək İslama qarşı döyüşüb. Və bu da Azərbaycanda olan müsəlman kəsimlərin haqlı etirazına səbəb olur. Yəni televiziyalar bunu düşünməlidir, nəzərə almalıdır”.
Söhbətin davamında Dilavər müəllim sosial şəbəkələrdə dini ələ salan şəxslərdən söz açdı:
“Çox qəribədir, sosial şəbəkələrdə qəribə tendensiya formalaşıb. İnsanlar oruc tutanlara, Ramazana lağ edirlər. Onlar qanmırlar ki, hər bir insan Allah qarşısında öz hesabatını verir. Mən öz hesabatımı verirəm, kimsəyə qarışacağım yoxdur. Biz müstəqil olduq, amma təfəkkürümüz müstəqil olmadı. Nə ateisti kimi ateistik, nə də dindar kimi dindar. Hesab edirəm ki, bu cür yanaşma Sovet əxlaq sisteminin yaratdığı təfəkkürdür. Bu insanların dinə müansibəti dindən istifadə edən bəzi “hacılara”, “kərbəlayılara”, “məşədilərə”, və diminizi rəsmi surətdə təmsil edənlərə görə formalaşıbdır. Bu insanlara ateist də demək olmur. Çünki mən əsl ateistərlə söhbətlər edəndə onların dini kamil bilməsinin şahidi olmuşam. Sadəcə, dini o qədər öyrəniblər ki, axtardıqlarını tapa bilməyib, o cür fikrə gəliblər. Sosial şəbəkələrdə Ramazana qarşı o cür ifadələr işlədənlər isə Sovet kommunist təfəkkürünün daşıyıcılarıdırlar. Biz müstəqi olduq, amma təfəkkürdə müstəqil deyilik. Elə buna görə də normal cəmiyyət qura bilmirik. İqtidar müxalifəti, müxalifət iqtidarı söyür. Amma hər iki tərəf zamanında müstəqillik uğrunda mücadilə aparıbdır. Sadəcə, təfəkkürlərində ciddi problemlər vardır.
Firuzə Alimova
Din.az “A24.az”a istinad edir