Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRBAYCANLILAR NƏ ÜÇÜN ƏCNƏBİLƏRLƏ EVLƏNMƏYƏ MEYLLİDİRLƏR?

Azərbaycanlı qızlar əcnəbilərlə evlənməyə meyllidirlər.

Bu gün Azərbaycanda xarici vətəndaşlarla nikah bağlamaq demək olar ki, adi hal alıb. Bunu bir neçə gün əvvəl Dövlət Statistika Komitəsinin açıqladığı statistika da sübut edir. Bildirilir ki, 2016-cı il ərzində ölkə vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2431 nikah qeydə alınıb.

Təbii ki, evləndikdən sonra birlikdə yaşayıb, fərqli mentalitet, inanclar və s. kimi mövzularda fikir ayrılıqları yaşayanlar da çox olur. Necə deyərlər, məhəbbətin “gözü kordur”. Lakin bununla yanaşı xarici vətəndaşlığı olan şəxslərlə evlənib xoşbəxt ailə həyatını davam etdirlənləri də vurğulamaq lazımdır.

Diqqət çəkən ən vacib sual isə gənclərimizin xarici vətəndaşlara daha çox meyillənməsinə səbəblə bağlıdır. Niyə bəzi qadınlar və kişilərimiz xoşbəxtiliyin açarını sərhədlərdən kənarda axtarırlar?

Əvvəlcə onlardan bir neçəsinin fikirlərinə nəzər salaq…

Əcnəbi vətəndaşla ailə quran xanımlardan biri Leyla Əliyeva A24.Az-a açıqlamasında bildirdi ki, 5 ildir Türkiyə vətəndaşı Kadır Taşla ailə həyatı qurub. Onlar Ankarada yaşayırlar. Leyla xanım deyir ki, yoldaşı ixtisasca mühəndisdir. Onların Merve adlı bir qızı var. O, bu seçimi xüsusi olaraq planlaşdırmayıb.

“Sadəcə hər şey bir anda baş verdi. Onun anlayışı, müasir düşüncəli olması mənim fikrimi qətiləşdirdi. Mən həyat yoldaşımdan çox razıyam. Ancaq hər şey ilk əvvəl çox çətin oldu. Çünki onların fərqli adətləri var. Ayrı mühitdə tərbiyə almış iki insanın bir yerde olması əvvəlcə çətin olur”.

Daha bir xarici ölkə vətəndaşı ilə izdivac bağlayan Arzu Hüseynova (ad və soyad şərtidir) isə qeyd etdi ki, o, əvvəlcə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub.

“Evləndikdən sonra yoldaşım mənə qarşı təziqləri çoxaltdı. Artıq anlaşa bilmirdik, belə olduqda o məni döyməyə başladı. Həmin vaxt bətnimdə uşaq daşıyırdım. Bir gün məni çox pis döydü və mən övladımı itirdim. Bundan sonra daha ana olmayacağımı bilirdim”.

Arzu xanım qeyd etdi ki, bu hadisədən sonra işi ilə əlaqədar onu Almaniyaya göndəriblər.

“Orada yaşamaq mənim arzum idi. Artıq vətəndaşlıqa görə, burada çox qala bilmirdim. Gözlərim dolmuş şəkildə qəzet almaq üçün mağazaya girdim.Bu zaman bir alman vətəndaşı mənə yaxınlaşıb hal-əhvalımı soruşdu. Kədərli olduğum üçün onunla söhbət etmək istədim. Bir-birimizə telefon nömrələrimizi verdik.

Ertəsi gün o məne zəng edib evlənmə təklifi etdi. İndi biz çox xoşbəxtik”.
Bütün bunlardan əlavə öz məqsədlərinə çatmaq görə bu seçimi edənlər də, az deyil. Müsahibimiz Emin Məmmədov (Ad və soyad şərtidir) də, alman vətəndaşı ilə ailə quran həmyerlilərimizdəndir. O, evlilik prosesi barədə bunları dedi:

“ Mən Almaniyay getmişdim. Orada yaşayıb işləməyi çox istəyirdim. Görüşdüyüm bütün alman xanımlarla xoş münasibət qurmağa çalışırdım. Sonda bir nəfər xanımı “şirin dillim” ilə razı sala bildim. Biz ailə həyatı qurduq. Ailəmizdə hər şey normaldır. Amma mənim öz əlimdə olsaydı, öz millətimizdən olan xanımla ailə qurardım. Mən bunu öz karyeram üçün etdim”.

Bütün bunlara baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi fərqli mentalitet, fərqli dini inanclar insanlar arasında fikir ayrılıqlarına da gətirib çıxara bilir. Belə bir problem yaşayan müsahibimizi sizə təqdim edirik.

Əsmər Məcidova- “İxtisasca həkiməm. Bir gün bizim xəstəxanaya İrandan həkim gəlmişdi. O, öz alicənablığı ilə hər kəsdən seçilirdi. Kollevtivlə çox mehriban idi. Özü dindar insan idi. Müyyən zaman sonra mənə yaxınlaşıb ailə həyatı qurmaq istədiyini dedi. Mən namaz qılmırdım, dindar biri deyildim. Buna baxmayaraq bunun onun üçün heç bir problem yaratmayacağını və mənə heç bir təziq göstərməyəcəyini dedi. Biz razılaşdıq və ailə həyatı qurduq. 3 ay sonra artıq aramızda problemlər yaranmağa başladı. Dindar adı ilə ortalıqda gəzən ərimin artıq başqa xanımlarla münasibəti olduğunu öyrəndim. Bu azmış kimi mənə başımı bağlamaq yönündə təziqlər göstərməyə başladı. Artıq hər şey dözülməz hal alırdı. Sonda ayrılmaq qərarına gəldim və ayrıldım”.


Qaranlıq qalan bütün məqamlarla bağlı sosioloq Əhməd Qəşəmoğluna müraciət etdik. Sosioloq bildirdi ki, bunun kökündə əsasən maddi çətinliklər durur: “Bizim ölkədə bir az iqtisadi çətinlik var. Bu cür çətinliklər olanda bu, daha çox əhalinin kasıb təbəqəsinə təsir edir. Bu təbəqədən olan oğlanlarımızın bir hissəsi Rusiyaya, Türkiyəyə və digər ölkələrə çıxıb gedirlər. Qızlarımız da bu zaman daha çox bizə yaxın olan türklərlə ailə qurmaq istəyirlər. Həmin qızlar nağıllar aləminə inanaraq, başqa ölkədə yaşamaq arzusu ilə evlənirlər. Bu da, bizim qızların dünyagörüşünün lazımı şəkildə inkişaf etməməsinin nəticəsidir. Yəni qızlarımız arasında maarifləndirmə işinin aşağı olması ilə bağlıdır”.

                                                   “Din.az” “A24.az”a istinad edir

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az