Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?

Turizm bitmək bilməyən gəlir mənbəyidir.

“Ərəblərin əlindən tərpənmək olmur”, “Bakıda ərəblərin nalayiq hərəkətləri”, “Hicablı ərəb xanımlar çimərlikdə heyrətləndirdi”, “Ərəblər Azərbayana kütləvi şəkildə yerləşirlər”, “Ərəblər Bakıda kütləvi şəkildə daşınmaz əmlak alırlar”, “Qoyun əti ilə evlərin qiymətlərini ərəblər bahalaşdırdı”, “Ərəblərin kütləvi axını Azərbaycanda radikal islamçılığı yayacaq”… Bunlar sosial şəbəkələrdə, habelə Azərbaycandakı 6-cı dərəcəli, lümpenləşmiş marginal psevdoxəbər saytlarının yaydıqları “məlumat”lardır.

Tam əksəriyyəti əsassız iddialar, dezinformasiyalardı.

Gerçəkdənmi ərəb ölkələrindən gələn turistlər və həmin dövlətlərin vətəndaşları Azərbaycanın yaşamına, iqtisadiyyatına, mənəviyyatına real təhdid yaradırlar?

Doğrudanmı ərəb mənşəli turistlər Azərbaycanın Yaxın Şərqdə qan çanağına dönən dövlətlərdən birinə çevrilməsinə rəvac verə bilər?

Və ən nəhayət, ərəb turistlərin Azərbaycana axışması pisdir?

Suallara cavab verməyə çalışaq.

“Ərəb turistlərin əksəriyyəti qaba, tərbiyəsiz, kobud insanlardır”

Bu iddia sosial şəbəkələrdə və marginal saytlarda səslənmə statistikasına, yəni “impakt reytinq”ə görə lider mövqe tutur. Yazanlar, danışarlar, gileylənlənənlər “faktlar”a istinad etdiklərini deyirlər.

Hansısa restoranının ofisiantı, çayxananın sahibi, yainki kafenin müştərisi ərəb turistlərin davranışlarından şikayətlənir.

Şikayətlərsə simsiz teleqraf prinsipi ilə yayılan şayiə təsiri bağışlayır.

Fəqət, bir anlıq düşünək ki, iddialar gerçəkdir və həqiqətən də, hansısa Abdulla bin Übeyd, yaxud Muhamməd əl Fərsal evindən çıxıb hava limanına yollananda maşında boğazını arıtlayır, irişir və arvadına deyir: “Ya Aişə, gedək Bakıya, orada hər yerə tüpürək, ayaqlarımızı masaya qoyaq, zibilləyək, kef çəkək!”

Fərz edək ki, belə maniakal-depressiv psixozlu adamların hamısı, sanki, müsaqibədən keçmiş təki haradasa seçilir, səflənir və mütəşəkkil şəkildə Azərbaycana ezam edilirlər, üstəlik hər birinə konkret fəaliyyət proqramı verilir, tapşırılır ki, küçələrə fasiləsiz tüpürsünlər, hər yeri mümkün qədər çox zibilləsinlər, maksimal dərəcədə biədəb davransınlar.

Və ya düşünək ki, İraqda, İordaniyada, yaxud Fars Körfəzi ölkələrindən birində sərhəd xidmətinə xüsusi, gizli təlimat verilib: “Azərbaycana yalnız təhsili olmayan, qaba, kobud adamları buraxın”

Mümkündürmü? Təbii ki, yox. Absurddur bu.

Doğrudur, Azərbaycana gələn ərəb turistlərin hamısı Kembric və ya Stenford universitetlərinin məzunları, yaxud köklü zadəgan ailələrin mənsubları deyillər. Onlar adi, orta statistik, orta yaşam səviyyəli insanlardır.

Aralarında çox yüksək mədəniyyətə malik şəxslər də var, marginallar da.

Üstəlik, turizm sektorunun çox inkişaf etdiyi ölkələrdə “turist sindromu” ifadəsi anlaşılacaq səviyyədə geniş yayılıb.

“Turist sindromu” odur ki, adi həyatda mühafizəkar, hətta qaradinməz, soyuqqanlı insan istirahətə yollananda özünü rahat hiss edir, gündəlik yaşamında yolverilməz saydığı hərəkəti, davranış modelini gerçəkləşdirir. Belə fərd qısamüddətli sərbəstlik kimi tanınan psixoloji situasiyaya qapılır və kənardan onu seyr edənlərdə bəzən təəccüb də yaradır.

Azərbaycana istirahətə gələnlər də gündəlik qayğılardan, rutin şərtlərdən az müddətə də olsa qurtulduqları üçün bəzən ekstraordinar davranırlar və bu, əslində, normaldır.

“Ərəblər Bakıda əxlaqsızlıq edir, mənəviyyatsızlığı yayırlar”

Bir dəqiqə: ərəblər Azərbaycanda mənəvi tənəzzülə, əxlaqi dəyərlərin aşınmasına səbəb olurlar?! Yəni on min və ya yüz min turist bir xalqın davranış ehkamlarını, mənəvi aksiomlarını dəyişə bilərmi?!

1300 il əvvəl ərəblər indiki Azərbaycana yürüş edəndə, istila savaşları aparanda buna nail ola bilmədilərsə, xalqımız əxlaqını, adət-ənənəsini, mənəviyyatını qorudusa, indi ərəb turistlər o Xilafət ordularından üstün ola bilməzlər və bu, sübuta ehtiyacı olmayan bir məqamdı.

Həmin iddialar daha çox düşünülmüş şəkildə yayılan şayiələrə, Azərbaycan iqtisadiyyatının turizm sektorunu hədəfə almış kampaniyaya bənzəyir və deyəsən, elə belədir.

Azərbaycan ölkəyə gələn turistlərin sayını yaxın gələcəkdə minimum 25 faiz artırmaq, 2025-ci ilədək isə turizm sektorunu dünya səviyyəsində, rəqabətədavamlı seqmentə çevirməyi düşünür. Bunun üçün “velosiped icadı”na ehtiyac da yoxdur.

Qonşu Gürcüstan turizmi sürətlə inkişaf etdirir. Belə ki, əhalisi 3,891 milyon olan Gürcüstan ötən il 6,026 milyon nəfər turist qəbul edib.

Azərbaycan əhalisinin sayını nəzərə alsaq, yaxın perspektivlə bağlı qarşımızda duran hədəf ölkəyə minimum 17 milyon turist cəlb etmək olmalıdır.

“Ərəblər Azərbaycanda kütləvi şəkildə daşınmaz əmlak alırlar”

Bəli, xarici ölkə vətəndaşı Azərbaycanda ev ala bilər və həmin yaşayış sahəsi üzərində özünün mülkiyyət hüququnu qeydiyyata aldıra bilər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə və digər qanunla başqa hal müəyyən edilməyibsə, bu Məcəllənin müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici ölkələrin hüquqi şəxslərinin iştirakçısı olduğu mənzil münasibətlərinə də tətbiq edilir.

Əcnəbi vətəndaş yalnız dövlət və ya ictimai mənzil fonduna aid olan mənzili özəlləşdirmək hüququna malik deyillər (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq).

Ərəblərin Azərbaycanda kütləvi şəkildə daşınmaz əmlak alması ilə bağlı iddiaları araşdırdıq. Bəlli oldu ki, bu iddia da əsassızdır.

Bundan başqa, Azərbaycan vətəndaşları arasında Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda, Birləşmiş Ərəb Əmirliklərində və İranda daşınmaz əmlak satın alanlar az deyil. Həmin ölkələrin kommersiya strukturları ilə yanaşı, dövlət qurumları belə əməliyyatların sayı ilə miqyasının artması üçün xüsusi proqramlar həyata keçirir, əcnəbi vətəndaşlara imtiyazlar və güzəştlər tələb edirlər.

Kimsə də azərbaycanlıların Bodrumu və ya Dubayı “satın alması” tipli lümpen şikayətlər səsləndirmir.

Nə etməli?!

Azərbaycana hələlik Qərbi Avropadan, Şimali və Cənubi Amerikalardan, Afrikadan, Avstraliyadan və Cənubi-Şərqi Asiya ölkələrindən turist axını güclü deyil. Həmin regionlardakı dövlətlərin sakinlərinin fərqli turizm marşrutları, istirahət etdikləri məkanlar var.

Bizə üz tutanların əksəriyyəti Rusiya, İran, Yaxın Şərq ölkələrindən olanlardır və səbəblər də sadədir.

Rusiyalıları, iranlıları və ərəbləri Azərbaycana cəlb edən onların özlərini rahat hiss edəcəkləri mühit, ciddi adaptasiya tələb etməyən mühitdir. Rusiyalı turistlər əla bilirlər ki, Azərbaycanda olarkən rus dilində danışmaları yetər, üstəlik də, onlar burada postsovet məkanının insanları ilə qarşılaşacaqlar: mental bağlılıq, ümumi cəhətlər az deyil.

İranlılarla ərəblərə gəldikdə isə, sadəcə, bir fakt: marketlərdə halal qidanın nə olduğunu anlatmaq üçün əziyyət çəkilmir.

Avropalılar Yunanıstan, İspaniya, Portuqaliya, Şimali Afrikanı seçirlər və oradakı kurortlarda dincəlməyə üstünlük verirlər.

Biz isə şəraiti praqmatikcəsinə, dəqiq dəyərləndirməli, Rusiya, İran və Yaxın Şərq ölkələrindən olan turistlərin sayını daha da artırmalıyıq.

Çünki adlarını çəkdiyimiz ölkələrdən gələn turistlərin hər biri Azəraycanda istirahət etdiyi günlərdə minimum 2600 dollar pul xərcləyir.

Turizm iqtisadiyyatın elə bir sahəsindir ki, kapital qoyuluşları, investisiyalar çox qısa müddətdə “geri qayıdır” və bu sahədən cəmiyyətin ən müxtəlif tavanlarından olan insanlar gəlir əldə edirlər.

İlin əvvəlindən bəri Azərbaycana 2 milyon turist gəlib və ilin sonunadək bu rəqəmin 3,7 milyona çatması gözlənilir.

Bu isə ölkə vətəndaşlarının yaşamına birbaşa təsir amili sayıla bilər.

Nədən ki, turist axınından hamı faydalanır: məsələn, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ucqar kəndlərdə evlər artıq günü 50-70 manatdan (!) turistlərə icarəyə verilir, əyalətlərdəki evlərdə hostellər yaradılır və beləcə, on minlərlə, yüz minlərlə vətəndaşımız güclənməkdə olan turizm sektoru vasitəsilə rifah səviyyələrini yüksəldirlər.

“Ərəblərin əlindən tərpənmək olmur” tipli marazmatik, ksenofob və marginal açıqlamalar isə təsadüf deyil. Bu şayiələr spontan yayılmır. Yaxşı olar ki, dövlət qurumları şayiələrin mənbələrini aşkarlasınlar.

Bu, artıq dövlət maraqları səviyyəsində olan məsələdir çünki.

… Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı 30 dəfə artıb. Bu barədə BƏƏ-nin “Arabian Gazette”i yazır.

Nəşr bildirir ki, ərəb ölkələrinin bir çox sakini Azərbaycana gəlməyə hazırdır və bu amil ölkənin turizm potensialının artımını stimullaşdırır: “Ölkənin ən çox ziyarət edilən şəhəri Bakı olub. Digər cəlbedici səyahət istiqamətləri Qəbələ, Naftalan, Şahdağ, Quba, İsmayıllı, Qax və Zaqataladır”.

Ekspertlərin dediklərinə görə, Azərbaycanın təbii resurslarını nəzərə alsaq, ölkənin turizm potensialı həddən ziyadə böyükdür. Əyalətlərdə otellərin və istirahət mərkəzlərinin sayını artırmaqla yanaşı, nəqliyyatdan tutmuş, sutkaboyu çalışan marketlərədək zəruri infrastruktur yaradılması istiqamətində hələ çox iş görmək gərəkdir.

Eyni zamanda, cəmiyyətdə turistlərə dözümlülük artırılmalı, müvafiq davranış kriteriləri bərqərar olmalıdır.

Turizm bitmək bilməyən gəlir mənbəyidir və bunu bir çox ölkələr çoxdan anlayıblar.

Azərbaycan isə turizmdən yaxın perspektivdə hər il minimum 6-8 milyard dollar əldə edə bilər.

Bu, qayət real rəqəmdir.

 

Elçin Alıoğlu

Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az